Keçmiş bələdiyyə sədri: Hədə-qorxu ilə torpağımı əlimdən aldılar

”Torpağın Akif Çovdarova verilməsindən xəbərsizəm”

Source:


”Torpağın Akif Çovdarova verilməsindən xəbərsizəm”

Fevralın 6-da Sabunçu rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olab sabiq idarə rəisi, general Akif Çovdarov, nazirliyin əməkdaşları Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə veriblər.

Kürdəmir rayonu İcra Hakimiyyəti başçısının keçmiş müavini olan Əşrəf Rzayev ifadəsində bildirib ki, icra başçısının göstərişi əsasında boş olan bir torpaq sahəsinin sənədləşmə işlərini görüb. O, torpağın kiməsə verilməsindən xəbəri olmadığını, A.Çovdarovu tanımadığını deyib.

Daha sonra iclasda Kürdəmir rayonun keçmiş bələdiyyə sədri Mətləb Rzayev şahid qismində ifadə verib. M.Rzayev isə deyib ki, həmin torpaq sahəsi ona və qardaşına məxsus olub. Ə.Rzayev və icra başçısının digər bir nümayəndəsi ona hədə-qorxu gələrək torpaq sahəsindən imtina etməyi tələb ediblər. Onlar da məcbur qalıb deyilənləri ediblər.O, torpağın onlardan alındıqdan sonra A.Çovdarova verilməsindən xəbəri olmadığını, onu tanımadığını deyib.

Günün ikinci yarsında davam edən iclasda A.Çovdarovun vəkilləri çıxış edərək A.Çovdarovun “Holter” aparatından keçirilməsini istəyiblər. Onların sözlərinə görə, ürək xəstəliklərini müəyyən edən “Holter” aparatından keçmədiyi üçün həkimlər Çovdarova müalicə yaza bilmirlər. Çünki onun vəziyyətini müəyyən etmək mümkün deyil. Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məsələ onların səlahiyyətində deyil.

Daha sonra iclasda “Baktel” şirkətinin rəhbəri Zaur İbrahimov zərərçəkmiş kimi ifadə verib. Bildirib ki A. Çovdarov ondan 525 min dollar alıb. A.Çovdarov isə onun dediklərini təkzib edib. Bildirib ki, həmin şəxsi tanıyır və bir tanışının xahişi ilə onu qəbul edib:

“Ona borclu olanlar var idi. Həmin məsələ ilə bağlı görüşmüşdük. Bilirdim ki, həmin adamlar problemli adamlardır. Dedim ki, get qanuni yolla ala bilirsənsə pulunu al. Ondan pul almamışam”.

Proses fevralın 8-də davam edəcək.

Təqsirləndirilənk şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlərKeçmiş bələdiyyə sədri: Hədə-qorxu ilə torpağımı əlimdən aldılar