Giorgiya Meloni məsələnin ciddi olduğunu deyib, Amatodan faktları istəyib
1980-ci ildə İtaliyada 81 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının arxasında Fransanın olduğu iddia edilib.
İtaliyanın keçmiş baş naziri Giuliano Amato “La Repubblica”ya müsahibəsində iddia edib ki, Fransa Liviyanın o zamankı lideri Müəmmər Qəddafini öldürmək məqsədilə sərnişin təyyarəsini vurub.
Amato müsahibədə Fransa Prezidenti Emmanuel Makrondan 1980-ci il iyunun 27-də Bolonyadan Palermoya gedərkən “Itavia DC-9” saylı təyyarənin göyərtəsində 81 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi ilə bağlı iddiaları cavablandırmağı xahiş edib.
O deyib ki, hadisədən İtaliyaya 1983-1987-ci illərdə rəhbərlik etmiş Baş nazir Bettino Kraksi də xəbərdar olub və bu barədə Qəddafini məlumatlandırıb.
Amatonun dediyinə görə, bu məlumatı onlara İtaliya xüsusi xidmət orqanları ötürüb.
Obyektiv istintaq aparılmasına isə imkan verilməyib.
Giuliano Amato məsələni vaxtilə ABŞ Prezidenti Bill Klinton və Fransa başçısı Jak Şirak qarşısında qaldırdığını, lakin onların bu mövzudan yayındığını söyləyib.
Amatonun açıqlamasından sonra İtaliyanın hazırkı Baş naziri Giorgiya Meloni məsələnin ciddi olduğunu deyib.
O, Amatodan onda olan faktları təqdim etməsini xahiş edib.
İçərisində 81 nəfər olan “Itavia DC-9” təyyarəsi 1980-ci il iyunun 27-də axşam Siciliyanın şimalında Tirren dənizinə düşüb.
Bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.
Bolonyadan Palermoya uçan təyyarə planlaşdırılan enişinə 14 dəqiqə qalmış saat 20:59-da qəzaya uğrayıb.
Təyyarə havada parçalanıb.