”Üç ay ərzində yığılan 2800 manatdan mənə 50 manat çatıb”
İyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alarkən həbs olunan Narkoloji Dispanserin baş həkimi Hüseyn Həsənovun və dispanserdə tibb qeydiyyatçısı işləmiş Mətanət Şamçiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Hüseyn Həsənov 2017-ci ilin yanvar-fevral aylarında işlədiyi müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş həkim rüşvət alarkən həbs edilib. Hüseyn Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib, M.Şamçiyeva barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçilib.
İclasda ifadə verən Mətanət Şamçiyeva arayışların verilməsi üçün rüşvət aldığını təsdiq edib. Bildirib ki, yığılan pulları baş həkimə verib. Onun sözlərinə görə, üç ay ərzində yığılan 2800 manatdan ona 50 manat çatıb. Şamçiyeva ifadəsində qeyd edib ki, o, heç kimdən pul tələb etməyib. Arayış almağa gələnlər ona pul təklif ediblər, o da bu haqda Hüseyn Həsənova məlumat verib. Hüseyn Həsənov isə ondan pulları alıb gətirməyi tələb edib.
İclasda ifadə verən Hüseyn Həsənov isə onun dediklərini təkzib edib. Bildirib ki, ona pul almağı tapşırmayıb, Şamçiyeva yalan danışır, ondan pul tələb etməyib. Baş həkim bildirib ki, hüquq-mühafizə orqanları otağa daxil olan zaman o, Mətanət Şamçiyeva ilə söhbət edirmiş: “Mətanət məndən borca pul istəmişdi. Biz bu haqda danışırdıq. Onlar Mətanət xanımı o biri otağa apardılar, bir müddət sonra qayıdıb gələndə Mətanət xanım dedi ki, pul arayışlardan yığılıb”.
Növbəti məhkəmə iclası iyulun 13-də keçiriləcək.