Rövşən Ağayev: Hökumət aşağı bal toplayan tələbələr hesabına universitetlərin imkanlarını artırmasına dəstək verir
“2016-cı ildə ali məktəblərə qəbul planı 3051 yer artırılıb. Artan yerlərin cəmi 497-si (16%-i) ödənişsiz (dövlət sifarışli yerlər), 2554-ü(84%-i) ödənişli olacaq”.
Bu haqda iqtisadçı Rövşən Ağayev Facebook səhifəsində yazıb.
“2016-cı ildə ali məktəblərə qəbul planı üçün nəzərdə tutulan yerlərin cəmi 29%-i(12221 yer) ödənişsiz olacaq. Əgər qəbul planı tam icra edilsə, 2016-cı ildə ali məktəblərə qəbul olunanların 71%-i yaxud, 29744 nəfəri öz vəsaiti hesabına oxuyacaq”- deyə R.Ağayev bildirib.
İqtisadçı təhsillə əhatə fərqini müqayisələndirərək qeyd edib ki, hazırda Azərbaycanda ali təhsillə əhatə səviyyəsi 16-17%-dən çox deyil, inkişaf etmiş ölkələrdə bu göstərici 35-60% intervalında dəyişir: “Yerlərin sayının artırılması keyfiyyətin qorunması hesabına baş verməlidir – qruplar üzrə keçid ballarının 150-200-ə endirilməsi hesabına yox. İstənilən qrup üzrə keçid balının 250-dən aşağı salınması yolverilməzdir. Aydın məsələdir ki, qəbul planının artan yerləri 250-dən aşağı bal toplayan abituryentlər hesabına təmin ediləcək”.
R.Ağayev hesab edir ki, hökumət aşağı bal toplayan tələbələr hesabına universitetlərin imkanlarını artırmasına dəstək verir: “Əgər hökumət ali təhsillə əhatə səviyyəsini yüksəltməyi əsas hədəf seçibsə, onda bunu pulsuz təhsil hesabına etmək lazımdı. Ən azından universitet təhsilinin keyfiyyətini elə səviyyəyə yüksəltmək lazımdır ki, insanlar övladlarına yatırdığı sərmayənin faydasını görə bilsinlər. Əksər halda ali məktəb məzunlarının aldığı diplomlar ailələrə texniki-peşə məktəblərinin diplomundan daha az fayda gətirir”.