20 noyabr 1979-cu il və ya 1 məhərrəm 1400-cü il. Hicri-qəməri təqviminə görə yeni ilin və yeni əsrin başlanğıcı. Səhər saatlarında 50 minə qədər mömin müqəddəs Kəbənin yerləşdiyi Məscidül-Həramın həyətində yeni əsrin ilk namazını qılmağa toplaşır.
Qəfildən xeyli insan paltarlarının altında gizlətdiyi silahları çıxarır, ibadət edənləri mühasirəyə alırlar. Həyətin qapıları bağlanır, onlara müqavimət göstərən iki silahsız polis öldürülür. Bu, inanılmaz hadisədir. Məscidül-Həram ərazisində qan tökmək qəti qadağandır. Min il öncə qərmətilərin Kəbəyə hücumundan və Qara daşı özləri ilə aparmalarından sonra Məkkə belə bir hadisəni xatırlamır. Üstəlik məhərrəm ayı zamanı müsəlmana döyüşməyə icazə verilmir.
Müxtəlif mənbələrdə sayları 300-dən 600-ə qədər göstərilən, aralarında qadın və uşaqların da olduğu silahlılar məscidin səsgücləndirici qovşağını ələ keçirib insanlara müraciət edirlər. Onlar deyirlər ki, aralarındakı birisi Qiyamət öncəsi gələcəyi müjdələnən Mehdidir və hamını ona biət etməyə çağırırlar.
Mehdi kimi təqdim edilən şəxs Məhəmməd ibn Abdullah əl-Kahtani, silahlı aksiyaya rəhbərlik edən şəxs isə Cuheyman əl-Uteybidir. Onların hər ikisi sələfiliyin ən mühafizəkar qanadına mənsubdurlar və Səudiyyə Ərəbistanının məşhur üləması, həmin dövrdə elmi tədqiqatlar və fitvalar üzrə Daimi komitənin rəhbəri olan Əbdüləziz ibn Bəzdən təhsil alıblar.
***
XX əsrin ortalarından etibarən bir çox ərəb ölkəsində siyasi sarsıntılar müşahidə olunur. İnqilabi hərəkatlar, hərbi çevrilişlər, monarxiya əleyhinə üsyanlar baş verir. Bu zaman qiyamçıların ideologiyası ya sosializm, ya da ərəb millətçiliyi olur. Ya da bunların hər ikisini özündə birlərşdirən bir ideologiya – BƏƏS kimi.
Səudiyyə Ərəbistanının hakim Səud sülaləsi belə taledən sığortalanmaq üçün mühafizəkar sələfilikdə özünə dəstək axtarır. Bu ideologiya həm sosializmə, həm də millətçiliyə qarşı etibarlı silah sayılır. Doğrudur, bu sahədə hər şey həmişə hamar getmir. Müasir dövlətin ehtiyacları ilə sələfiliyin asketik görüşləri bəzən üst-üstə düşmür.
Bununla belə, sələfi cameəsi Səud ailəsinin söykəndiyi, istinad etdiyi düşərgə sayılırdı. İndi məhz bu düşərgədən baş qaldıran qiyamla üzləşmək kral ailəsi üçün həm gözlənilməz, həm də acınacaqlı idi.
Cuheyman əl-Uteybi 1936-cı ildə anadan olmuşdu. 1955-1973-cü illərdə Səudiyyə Ərəbistanının Milli qvardiyasında xidmət edib. Hərbi xidmətini bitirəndən sonra Mədinədəki İslam Universitetində təhsil alıb. Burada o, al-Camaa al-Salafiya al-Muhtasiba adlı qrupa qoşulur və Məhəmməd əl-Kahtani ilə tanış olur. Onlar arasında qohumluq əlaqəsi də yaranır: Cuheyman əl-Kahtaninin bacısı ilə evlənir.
Kəbə basqını zamanı Mehdi kimi təqdim edilən Məhəmməd ibn Abdullah əl-Kahtani haqqında məlumat çox azdır. Əsas diqqət çəkən tərəfi adı və atasının adının Məhəmməd peyğəmbərlə eyni olmasıdır. Yəqin ki, məhz buna görə Cuheyman tərəfindən Mehdi roluna seçilib və özü də buna inanıb.
Məkkəyə qayıdan Cuheyman əl-Uteybi və Məhəmməd əl-Kahtani Səudiyyə Ərəbistanında tətbiq olunan yeniliklərə (məsələn, televizya kimi “gavur icadı”na) qarşı etirazda iştirak etdikləri üçün saxlanılırlar. Lakin üləməlarla söhbətdən sonra hər ikisi ideoloji baxımdan “zərərsiz” hesab edilərək buraxılırlar.
Sünnilərin “Şübhəsiz ki, Allah hər əsrin əvvəlində bu ümmətə dini işlərini yeniləyəcək bir mücəddid göndərəcəkdir” deyilən hədisə inandıqları söylənilir. İndi yeni, hicri-qəməri tarixi ilə XV əsrin başlanğıcında Kəbəni işğal edən terrorçuların fikrincə Məhəmməd əl-Kahtani belə bir mücəddid (yenilikçi) idi.
***
Kəbəni ələ keçirən silahlılar haqqında ilkin məlumatlar olduqca məhdud idi. Hadisə İran İslam inqilabından 9 ay sonra baş vermişdi. Ondan 16 gün öncə isə Tehranda ABŞ səfirliyi tutulmuş, 66 nəfər girov götürülmüşdü. Bu hadisələr, eləcə də Mehdi əfsanəsinin daha çox şiələrdə populyar olması basqınçıların iranpərəst şiə ola biləcəklərini düşünməyə əsas verir.
Lakin İranın dini rəhbəri ayətullah Xomeyni bunu inkar etdi, üstəlik “şübhə yoxdur ki, bu hadisənin arxasında cinayətkar Amerika imperializmi və beynəlxalq sionizm durur”,- söylədi. Bu fikir müsəlman coğrafiyasında şayiə şəklini alaraq dolaşdı, hətta Xomeyniyə təqlid etməyən sünnilərin belə antiamerikan aksiyalarına rəvac verdi.
Noyabrın 21-də qəzəbli kütlə Pakistanın paytaxtı İslamabaddakı ABŞ səfirliyinə hücum etdi. Binaya od vuruldu. Səfirliyin personalı təhlükəsiz bunkerdə gizlənsə də, iki pakistanlı əməkdaş, səfirliyi mühafizə edən iki ABŞ hərbçisi və hücum edənlərdən iki nəfər öldü. Başqa müsəlman ölkələrində də, lakin daha dinc şəkildə ABŞ əleyhinə aksiyalar keçirilir.
Hətta bir neçə gündən sonra, terrorçuların şəxsiyyəti və ideoloji kimlikləri məlum olandan sonra belə Liviyanın paytaxtı Tripolidə ABŞ səfirliyinə hücum oldu. Burada da binaya od vuruldu, lakin qurbanlar olmadı.
Yeri gəlmişkən, ABŞ prezidenti Cimmi Karter, dövlət katibi Sayrus Vens və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski hələ bir müddət hadisəni İranın törətdiyinə inanırdılar. Çünki sələfi, şiə kimi mövzuların incəliklərinə bələd deyildilər. Bu nüansı Qərb hakim dairələrini çox ağıllı hesab edən, az qala bütün hadisələri öncədən planladıqlarını düşünən insanlar üçün yazdım.
***
Terrorçular girov götürdükləri insanların böyük əksəriyyətini tezliklə buraxdılar, yalnız 6 minə qədərini saxladılar. Onlar öz tələblərini də açıqladılar: monarxiyanı İslama zidd hesab edir, korrupsiyaya bulaşan, təmtərağa aludə olan Səud sülaləsinin hakimiyyətdən getməsini, qadınların televiziyalarda görünməsinin qadağan olunmasını, ABŞ başda olmaqla qeyri-müsəlman ölkələrlə əlaqələrin kəsilməsini, qeyri-müsəlmanların ölkədən çıxarılmasını, neftin yalnız Səudiyyə Ərəbistanı əhalisinin istifadə etdiyi qədər çıxarılmasını və s. tələb edirdilər.
Hətta ölkədə futbolun getdikcə populyarlaşması da Cuheyman və həmfikirlərini narahat edirdi. Onların fikrincə, futbolçuların geyindikləri şortlar İslama zidd idi.
Aydın məsələdir ki, Səudiyyə kralı Xalid bu təklifləri qəbul edə bilməzdi və terrorçulara qarşı əməliyyat keçirməyə üstünlük verəcəkdi. Lakin bu zaman bir neçə problem ortaya çıxdı.
Birinci ondan ibarət idi ki, Səudiyyə Ərəbistanının hərbi qüvvələri hər hansı antiterror təcrübəsinə malik deyildilər. Lakin bu, ən əsas problem deyildi. Zatən Yaxın Şərqdə insan həyatı heç zaman yüksək qiymətləndirilməyib. Çoxlu sayda hərbçinin, hətta girovun həlak olması böyük faciə sayılmazdı.
Noyabrın 20-də günortadan sonra xüsusi plan hazırlamadan DİN-in xüsusi təyinatlıları, ordu və milli qvardiyadan ibarət dəstələr hücuma keçməyə cəhd göstərdilər, lakin məscid qüllələrində yerləşdirilən pulemyotlardan (bir çox atıcı silahlar daha əvvəl gətirilib Məscidül-Həramın zirzəmisində gizlədilibmiş) açılan atəş nəticəsində geri çəkildilər.
Növbəti iki hücum da hökumət qüvvələrinin itkiləri ilə dəf edildi. Aydın oldu ki, sadəcə yüngül silahlarla terrorçuların öhdəsindən gəlmək mümkün olmayacaq. Uğur qazanmaq üçün ağır silahlardan istifadə etmək, məscidin həyətinə zirehli texnika yeritmək, minarələrdəki atıcıları susdurmaq üçün artilleriya atəşi açmaq qaçılmazdır.
Bu isə ikinci, daha ciddi problem idi. Məscidül-Həramın ərazisində zorakılığa yol vermək olmazdı. Terrorçuların iki mühafizəçini öldürməsi onlara qarşı polis əməliyyatına mənəvi və hüquqi bəraət verirdi. Lakin ağır silahlardan istifadə etməklə əməlli-başlı hərbi əməliyyatın keçirilməsi üçün ruhanilərin fitvası lazım idi. Hökumət belə bir icazə üçün elmi tədqiqatlar və fitvalar üzrə Daimi komitəyə müraciət etdi.
Bəzi məlumatlara görə, üləmalar gərəkən fitvanı verməzdən öncə Səudiyyə hakimiyyəti qarşısında müəyyən şərtlər qoydular. Onlar bir çox yeniliklərin ləğvini, o cümlədən televiziyada qadın aparıcılara qadağa qoyulmasını, əcnəbi filmlərin göstərilməməsini tələb etdilər.
Əsas tələblərdən biri isə “həqiqi din”in, yəni sələfiliyin dünyada yayılması üçün ciddi maliyyə vəsaitlərinin ayrılması barədə oldu. Dünyanı 11 sentyabra, əl-Qaidəyə, İŞİD-ə aparan yolun əsası bununla qoyuldu. Əslində üləmalar Cuheymana qarşı əməliyyata icazə vermək üçün Cuheymanın tələblərinin bir çoxunun qəbul edilməsini istədilər. Qarşılıqlı razılaşmalardan sonra nəhayət, noyabrın 23-də gərəkən fitva verildi.
***
Noyabrın 24-nə keçən gecə terrorçulara qarşı əməliyyata başlamazdan öncə Daimi komitənin fitvasına uyğun olaraq, əvvəlcə onlara təslim olmaq təklif edildi. Heç bir cavab reaksiyası olmadığından əməliyyat başladı.
Terrorçular Məscidül-Həramın hündürlüyü 90 metrə çatan 7 minarəsində olduqca əlverişli atəş nöqtələri yaratmaları səbəbindən öncə onları vurmaq qərara alındı. Bunun üçün ABŞ istehsalı olan tank əleyhinə TOW raketlərindən istifadə edildi. Pulemyotçular öldürülsələr də, minarələr duruş gətirdi.
Bundan sonra zirehli transportyorlardan istifadə etməklə hücum əməliyyatı başlandı. Cuheyman və tərəfdarları şiddətli müqavimət göstərirdilər. Ehtimal ki, öz mehdiliyinə və yenilməzliyinə özü də inanmış əl-Kahtani xüsusi xarüqələr göstərirdi.
O, bir dəfə hökumət qoşunlarının sıx atəşi altında əlində benzin dolu kanistr transportyorlardan birinin üzərinə yürüdü, ona od vurmağa macal tapdı və yenə də atəş altında geri qayıtdı. Heyrətamiz idi, lakin ona bir güllə də dəymədi.
Sonrakı döyüş ərzində əl-Kahtani hökumət qüvvələrinin atdığı əl qumbaraları partlayana qədər onları yerdən götürür və əks tərəfə atırdı. Olduqca qorxulu bu davranış zamanı onun bəxti yenə də bir müddət gətirdi. Lakin nəhayət, qumbaralardan biri onun ayağının altında partladı və “Mehdi” həlak oldu.
Əl-Kahtaninin ölümü terrorçulara ağır zərbə oldu. Bu, onu sübut edirdi ki, onların biət etdikləri şəxs heç də Mehdi deyilmiş. Geriyə yol isə artıq yox idi, bacardıqca müqavimət göstərməyə çalışırdılar. Tezliklə Cuheyman, tərəfdarları və girovların qaçmağa macal tapmayan hissəsi Məscidül-Həramın nəhəng zirzəmi qatına endilər. Noyabrın 25-də antiterror əməliyyatının yerüstü hissəsi başa çatdı.
***
Zirzəmidə gizlənən terrorçulara qarşı əməliyyat aparmazdan öncə hökumət qüvvələri yeraltı tikililərin planını öyrənməli idi. Bu məqsədlə Kəbədə təmir işləri aparmış “Saudi Binladin Group” tikinti şirkətindən kömək istədilər. Sonralar məşhurlaşacaq Üsəma bin Ladenin qardaşı Salem lazım olan çertyojları, xəritələri hökumətə təqdim etdi.
Sənədlərlə tanışlıqdan sonra aydın oldu ki, işin daha çətin hissəsi hələ qabaqdadır. Saysız-hesabsız otaqların və labirintşəkilli dəhlizlərin yerləşdiyi zirzəmi qatında xilasetmə əməliyyatı aparmaq xeyli müşkül məsələdir. Bu zaman insan itkiləri hətta Şərq meyarlarına görə çox ola bilər. Belə olduqda yardım üçün başqa dövlətlərə müraciət etmək qərara alındı.
Əməliyyatın keçirilməsində iştirak üçün Pakistana müraciət edildi. Əməliyyatın planlaşdırılmasına görə isə antiterror əməliyyatlarında daha təcrübəli Qərbdən yardım almaq məqbul sayıldı. Müsəlmanların xüsusi antipatiyası səbəbindən ABŞ-a müraciət etmək olmazdı. Daha normal yanaşılan Fransadan yardım istənildi. Lakin bu zaman növbəti ciddi problem ortaya çıxdı.
Dini qaydalara görə, qeyri-müsəlmanlar Məkkə şəhərinə ayaq basa bilməzdiər. Bu isə Fransanın Milli jandarmeriyanın müdaxilə qrupu (GİGN) adlanan elit xüsusi təyinatlı dəstəsi nümayəndələrinin əməliyyat yerinə gəlməsini imkansız edirdi.
Problemin həll edilməsi haqqında müxtəlif mənbələrdə müxtəlif variantlar səsləndirilir. Bəziləri fransızların (onlar 3 nəfər idilər) kağıza yazılan kəlmeyi-şəhadəti oxuduqdan sonra, bəziləri isə üləmaların xüsusi fitvasından sonra Məkkəyə girmə hüququ qazandıqlarını yazırlar.
Pol Barril və daha iki GİGN əməkdaşı əməliyyatın keçirildiyi ərazi, eləcə də Salem bin Ladenin çertyojları ilə tanış olduqdan sonra xilasetmə əməliyyatının planını hazırladılar. Plana görə yuxarıdan dəliklər açılacaq və onların vasitəsilə zirzəmiyə gözyaşardıcı qaz (bəzi mənbələrə görə, sinir qazı) buraxılacaqdı. Hücum edənlər isə təbii ki, əleyhqaz taxacaqdılar.
Müvafiq hazırlıqlardan sonra dekabrın 4-də həlledici hücum baş tutdu. Buraxılan qaz terrorçuların müqavimətini xeyli zəiflətdi. Bununla belə atışma bir neçə saat sürdü. Nəhayət, silahlılar zərərsizləşdirildilər və girovlar azad edildi.
***
Səudiyyə Ərəbistanın hakimiyyət nümayəndələri Məscidül-Həramı mühafizə edə bilməmələrini rüsvayçılıq kimi dəyərləndirir və ört-basdır edərək tezliklə unudulmasını istəyirdi. O səbəbdən də hətta indi, üstündən 40 il keçəndən sonra və internet dövründə həmin terror aktı barədə məlumat toplamaq asan deyil. Bəzi məsələlərdə isə uyğunsuzluq müşahidə olunur.
Məsələn, terrorçuların ümumi sayı dəqiq bilinmir. Digər tərəfdən, ehtimal edilən ümumi sayla antiterror əməliyyatı zamanı öldürülən (117) və tutularaq edam edilənlərin (Cuheyman əl-Uteybi və daha 67 nəfər) sayı arasında uyğunsuzluq müşahidə olunur. Ola bilər ki, tutulanların sayı daha çox olub, lakin onların hamısı edam edilməyib. 68 nəfər isə yalnız edam edilənlərdir.
Hökumət qüvvələrindən 127 nəfər öldü, 451 nəfər yaralandı. Ümumən 255 nəfərin öldürüldüyünün iddia olunduğunu nəzərə alsaq, belə çıxır ki, cəmi 11 girov həlak olub. Bu isə ağlabatan deyil. Ölən girovların həqiqi sayının yenə hakimiyyət tərəfindən gizlədildiyi, ailələrinin səxavətli kompensasiya nəticəsində susdurulduğu güman olunur.
Mehdi kimi təqdim olunan Məhəmməd əl-Kahtani son hücumdan hələ bir neçə gün öncə ölməsi hakimiyyət qüvvələrinə məlum deyildi. Onun ölü, ya da diri ələ keçirilməsinə xüsusi önəm verilirdi. Çünki sağ qurtulardısa, Mehdi olduğuna inananlar çoxalardı. Bunun isə çox dəhşətli fəsadları ola bilərdi. Əsir düşən terrorçular hakimiyyətin bu təşvişini anladıqlarından əl-Kahtaninin öldüyünü demirdilər.
Nəhayət, öncədən xəbər verilən bir əlamətə – sağ yanağında qırmızı xala – görə bir meyidin əl-Kahtani olması şübhəsi yarandı. Şübhə təsdiqini tapdıqda, hökumət hər hansı şayiələrin qarşısının alınması üçün meyidi, eləcə də onun iki qardaşının meyidin əl-Kahtani olması barədə etiraflarını çəkərək televiziyada nümayiş etdirdi.
***
1970-ci illərdə Səudiyyə Ərəbistanında müşahidə edilən mikroskopik yeniliklər Kəbə basqınından sonra durduruldu, hətta cəmiyyətin həyatında reqress müşahidə olundu. Xüsusən qadınlar, mədəniyyət, incəsənətlə bağlı qadağalar gücləndirildi.
Əslində Kəbə basqını ciddi diqqət ayırmalı bir hadisədir. Lakin maraqlıdır ki, başqa analoji girov olayları ilə müqayisədə daha az öyrənilib, haqqında daha az məqalələr yazılıb, müvafiq olaraq, daha az məşhurdur. Əminəm ki, məqaləni oxuyanların böyük əksəriyyəti bu terror aktı barədə ilk dəfə eşidirlər.
Halbuki, bu hadisə ərəb ölkələrində yeni bir səhifənin başlanmasının müjdəçisi idi. Mövcud status-kvoya qarşı yeni müxalif düşərgə – radikal sələfiliyə söykənən, “ilkin İslam”a qayıdışa səsləyən hərəkat yaranırdı. Bu hərəkat tezliklə ərəb millətçiliyini və sosializmini sıradan çıxardı.
Məkkədə baş verən terror aktından 20 gün sonra SSRİ-nin Əfqanıstana müdaxiləsi Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinə nicat kimi göründü. Həm terror aktı kölgədə qaldı, həm də radikalların enerjisini Əfqanıstanda sovetlərə qarşı mübarizəyə yönəltmək oldu. Lakin əfqan müharibəsi bitəndən sonra onlar daha təcrübəli, daha təşkilatlanmış şəkildə bütün dünyanın probleminə çevrildilər.