”Kayf məni uçuruma apardı”

Narkotik istifadəçisi: “Dünyada arzuolunmaz bütün bəlaları mənə narkotik gətirdi”

Source:
Heroin
Heroin


Narkotik istifadəçisi: “Dünyada arzuolunmaz bütün bəlaları mənə narkotik gətirdi”

“Bir də ayılırsan ki, içindəsən. Başqalarını bilmirəm, məndə bir dəfə dadına baxımla başladı. O vaxt iynə az idi. Heç heroin də çox tapılmırdı. Dünyada arzuolunmaz bütün bəlaları mənə narkotik gətirdi. Canımı, sağlamlığımı, cavanlığımı aldı…” – deyir, Feyzi Məmmədov (ad şərtidir).

F.Məmmədov uzun müddət inyeksion narkotik maddə istifadəçisi olub. Deyir, narkotikdən istifadəyə romantika kimi baxıb. Qorxmazlığını bu yolla göstərib. Sonradan isə bu adət bəlasına çevrilib.

Bu xəstəliyə tutulacağıma heç vaxt inanmazdım

Dar və qaranlıq yataqxana dəhlizi əşyaların sıxlığından bir az da kiçilib. Qapının önünə çəkilən pərdə bir otaqda yaşayan iki yaxın adamı gizlədir. Biri oğul, digəri isə anadır. Ana ağır diabet xəstəsidir. Gözünün ağı-qarası bircə oğlu isə inyeksion narkotik maddə istifadəçisidir. Feyzi HİV/AİDS virusuna bu cür yoluxub. İndi bu haqda danışmağa çətinlik çəkir.

“Gördüm ki, günü-gündən halım pisləşir. Nə yeyirdim, qaytarırdım. Əmimoğlu dedi ki, sən sarılıqsan. Təcili yardıma zəng etdik, gəldi. HİV olduğumu orada bildim. Ondan sonra da çox şey dəyişdi. Bu xəstəliyə tutulacağıma heç vaxt inanmazdım” – digər müsahibimiz Zakir Əliyev (ad şərtidir) danışır.

Hərbi xidmətdən sonra narkotik maddənin əsirinə çevrildim

O, 2003-cü ildən – 20 yaşından narkotikdən istifadəyə başlayıb. Deyir, əmisi oğlanlarının yaratdığı həvəs sonucda vərdişə çevrilib: “Kayf məni uçuruma apardı”.

Ə. Zakir cəmi 7 il orta təhsil alıb. Hərbi xidmətini bitirdikdən sonra narkotik maddənin əsirinə çevrilib.

QİÇS-lə Mübarizə Mərkəzi
QİÇS-lə Mübarizə Mərkəzi

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin açıqladığı hesabata görə, hazırda 5376 nəfər rəsmi

qeydiyyatdadır

. Onlardan 72,3 faizi kişi, 27,7 faizi qadındır. QİÇS mərhələsində olanlar isə 1312 nəfərdir. Qeydiyyata götürülən vətəndaşların 48,7 faizində yoluxma inyeksion narkotik istifadəsi, 40,4 faizində heteroseksual, 1,9 faizində isə homoseksual kontakt, 1,8 faizində anadan uşağa keçməklə, 7,3 faizində isə yoluxma ilə keçib.

“Hazırda heteroseksual yol artır. Bir növ öncül pozisiyaya çıxır. Narkomanların sayının azaldığını demək doğru olmaz. Əvvəl partnyora xəstəlik ötürmə faizi aşağı idi. Biz bunu xəstələrimizdən də görürük. Əvvəl nakomanlar gəlirdisə, indi baxırsan ev qadınıdı, yoldaşı xəstədi və s. Bir növ kontingent də dəyişib” – deyir, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilati-metodik işlər şöbəsinin müdiri Eldəniz Muradov.

HİV/AİDS virus daşıyıcılarının vəziyyəti acınacaqlıdır

Sumqayıtda fəaliyyət göstərən “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayevanın sözlərinə görə, HİV/AİDS virus daşıyıcılarının vəziyyəti acınacaqlıdır. Onların əksəriyyəti yoxsul insanlardır.

Əsas işləri palliativ qayğı olan təşkilat HİV-li xəstələrlə işləyir:

“Bu xəstələri himayəyə götürürük və onlarla evlərdə problemlərinin həlli istiqamətində işlər görürük. Burada əsas işi sosial işçilər görür. Onların müəyyən problemləri varsa, deyək ki, psixoloji problemləri, eləcə də hüquqi problemləri çox olur. Bu problemlərini həll etməyə çalışırıq”.

Layihəni Qlobal Fond maliyyələşdirir. Maliyyə Səhiyyə Nazirliyi ilə birlikdə idarə olunur. Ölkədə Qlobal Fond, Səhiyyə Nazirliyi və QHT-lər HİV-in ətrafında birləşib. Baxmayaraq ki, HİV, eyni zamanda sosial problemdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işi sosial müavinətlərin ayrılması ilə bitir.

HİV/AİDS daşıyıcılarının aldığı müavinətə gəlincə, Z.Mustafayeva deyir ki, məbləğ 50 manatla – 120 manat (32,35 $ – 70.60$) arasında dəyişir:

“Hardasa müəyyən yaşayış minimumunu təmin edir. Ayda bir dəfə 30 manatlıq (17.65 $) ərzaq paketi verilir. Bura isə toyuq, şit yağ, duru yağ, qənd, çay, düyü, konfet, mərci, yarma, diş pastası, yuyucu toz daxildir”.

Bu sahədə maarifsizlik çox güclüdür

Z.Mustafayeva ölkədə maarifləndirmə işinin yetərincə olmamasından da danışıb. Deyir, böyük kütlə arasında bu iş çox zəifdir:

“Hələ görməmişəm ki, bizim çəkdirdiklərimizi hansısa telekanal sosial çarx kimi istifadə etsin. Bu haqda maariflənmə demək olar ki, yoxdur. Biz bu insanların hamısını əhatə edə bilmirik. Sumqayıtda iki bu cür təşkilat var. Bunlar bütün virus daşıyıcılarını əhatə edə bilmir. Onlar gizlənməyə çalışan insanlardır. Yanımıza gənc qadın gəlir və yalvarır ki, evimizdən heç kimə deməyin. Biz hansısa QİÇS xəstəsini işə göndərsək, bilən kimi onu yaxına buraxmırlar. Bu sahədə maarifsizlik çox güclüdür. Həmin insanlar çox əziyyət çəkirlər”.

Feyzi Salehov (ad şərtidir) 55 manat müavinət alır. Deyir, ömürlük xəstə üçün bu vəsait çox azdır. Heç nəyə çatmır.

Həyatımda hər şey dəyişdi, bütün həyatım…


HİV-ə həbsxanada yoluxduğunu deyən Valeh Babayev (ad şərtidir) 15 yaşından üst-üstə 18 il həbs həyatı yaşayıb. Valeh uzun müddət inyeksion narkotik maddə istifadəçisi olub. Son 7 ildir ki, keçmiş həyatından imtina edib. Bununla da bütün həyatının dəyişdiyini deyir:

“İşə düzəldim, ailə qurdum, övladım oldu. Beş ildir bayırdayam. Tutulmuram. Əvvəl heç 6-7 ay qalmırdım. Həyatımda hər şey dəyişdi. Bütün həyatım…”.

Valeh Bakı şəhərində yerləşən QHT-lərdən birində layihə çərçivəsində autriç işləyir.

Ana səhifəXəbərlər”Kayf məni uçuruma apardı”