Katın cinayəti

Katın meşəsində daha əvvəllər sovet vətəndaşları da qətlə yetirilərək basdırılmışdılar

Foto: Meydan Tv


Katın meşəsində daha əvvəllər sovet vətəndaşları da qətlə yetirilərək basdırılmışdılar

1943-cü ilin birinci yarısı. İkinci dünya müharibəsinin gedişində həlledici hadisələr baş verir. Sovet ordusu Stalinqrad zəfərindən sonra almanları qərbə doğru qovur. Şimali Afrikadakı kampaniya amerikan-ingilis qüvvələrinin qələbəsi ilə yekunlaşmaq üzrədir. Müttəfiqlət Avropaya – Siciliya adasına qoşun çıxarmağa hazırlaşırlar. Sakit Okeandakı savaşın Stalinqradı sayıla biləcək Quadalkanal döyüşü amerikalıların zəfəri ilə bitir, strateji təşəbbüs qəti olaraq onların əlinə keçir.

Hətta bütün bu tarixi proseslərin fonunda belə bomba effekti doğuran bir hadisə baş verir: aprelin ortalarında almanlar Rusiyanın Smolensk şəhəri yaxınlığında yerləşən Katın meşəsində minlərlə polyak hərbçisinin basdırıldığı kütləvi məzarlıqlar aşkar etdiklərini söyləyirlər. İddialara görə, onlar 1940-cı ilin baharında sovet orqanları tərəfindən qətlə yetirilmişdilər.

***

1939-cu il avqustun 23-də Moskvada SSRİ və Almaniya arasında hücum etməmək haqqında müqavilə imzalandı. Müqaviləyə əlavə edilən məxfi protokolun 2-ci maddəsində yazılırdı: Polşa dövlətinə daxil olan vilayətlərin ərazi-siyasi yenidənqurulması halında Almaniya və SSRİ-nin maraq xətti təxminən Nareva, Visla və Sana çayları xətti üzrə keçəcək.

Bu diplomatik ibarələrin arxasında müstəqil dövlətin ərazisini öz aralarında bölmək planı dururdu. Sentyabrın 1-də Almaniya, 17-də isə SSRİ Polşaya hücum etdi. Polşa dövlətinin varlığına son qoyuldu, ərazisi də iki dövlət arasında bölüşdürüldü. Bu zaman təxminən 2/3 hissə almanlara, 1/3 hissə isə sovetə çatdı.

Hadisələr nəticəsində 500 minə qədər polyak hərbçisi, polisi, jandarmı, məmurları və başqaları Qırmızı ordu tərəfindən əsir götürülmüşdü. Tezliklə onların əksəriyyəti azad edildilər, 130 242 nəfər isə NKVD-nin həbs düşərgələrinə göndərildi. Onlardan SSRİ-yə birləşən ərazilərin sakinləri olan sıravilər və unter-zabitlər evlərinə buraxıldılar, Almaniyaya çatan ərazilərin 40 minə qədər sakini isə almanlara təhvil verildilər.

Öz növbəsində almanlar 13 575 əsiri sovetlərə verdilər. Sovet əsirliyində təxminən 41700 polyak qaldı. Lakin bu son rəqəm deyildi. Tezliklə yeni ərazilər üzərindən repressiya dalğası keçdi və siyasi cəhətdən etibarsız sayılan minlərlə insan həbs olundular. Onların da taleyi fəlakətli oldu. Məsələn, 1940-1941-ci illərdə Kolıma yaxınlığındakı Dalstroya göndərilən 12 min polyakdan yalnız 583 nəfər sağ qaldı. Amma məqalənin mövzusu sırf Katın qurbanlarıdır.

Polyak zabitləri əsasən Ukraynanın Luqansk vilayətindəki Starobelsk və Rusiyanın Kaluqa vilayətində yerləşən Kozelsk həbs düşərgələrində idilər. Jandarmlar, polislər, penitensiar sistemin əməkdaşları və digər məmurlar Rusiyanın Kalinin (indiki Tver) vilayətindəki Ostaşkov düşərgəsinə yerləşdirilmişdilər. Başqa yerlərdə saxlanılanlar da vardı.

Hərbi əsirlərin ailələri bir müddət Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəsilə onlarla əlaqə saxlayır, məktub yazır və alırdılar. Lakin 1940-cı ilin aprel-may aylarından etibarən Starobelsk, Ostaşkov və Kozelsk düşərgələrində saxlanılan əsrilərdən məktub gəlişi dayandı, ailələrinin yazdıqları isə geri qayıtdı.

***

1940-cı il martın 3-də SSRİ daxili işlər naziri Lavrenti Beriya Kommunist partiyasının Siyasi Bürosuna yazdığı məktubda həbs düşərgələrində çoxlu sayda polyak zabitinin, məmurun, mülkədarın, sahibkarın mövcudluğunu qeyd edir. O, həmin insanları sovet hökumətinin qəvi, islaholunmaz düşməni sayaraq işlərinə xüsusi qaydada baxılmasını və güllələnmələrini təklif edir.

Siyasi Büronun qərarı özünü çox gözlətmədi və iki gün sonra qəbul olundu. Qərara görə, həbs düşərgələrində olan 14 700, Qərbi Ukrayna və Qərbi Belorusiyanın (SSRİ-yə yenicə birləşdirilən Polşa əraziləri) həbsxanalarında olan 11 000 polyakın işlərinə NKVD üçlüyü (Merkulov, Kobulov, Baştakov) tərəfindən xüsusi qaydada – məhbusların iştirakı olmadan, ittiham irəli sürülmədən, istintaqın bitməsi barədə qərar və ittiham aktı tərtib edilmədən baxılmalı və hökm çıxarılmalı idi. Bu gerçəkdə sənədlərə göz gəzdirərək insanları edama göndərməkdən başqa bir şey deyildi.

25 700 insanın işini yoxlayıb qərar vermək üçün 1 aydan az vaxt lazım gəldi və artıq aprelin əvvəllərindən ekzekusiya işləri başlandı. Kozelsk düşərgəsində saxlanınlan 4421 nəfər aprelin 3-dən mayın 12-nə kimi müxtəlif saylı qruplarla Katın meşəsinə gətirildilər və burada əvvəlcədən qazılmış yarğanın kənarında güllələndilər. Katında öldürülənlərin arasında bir qadın da vardı – hərbi təyyarəçi Yanina Levandovskaya.

Öldürülənlər səkkiz kütləvi məzarlarda dəfn edildilər. İz itirmək üçün məzarların üzərində küknar ağacları əkildi. 1943-cü ildə almanların tapdıqları da məhz bu məzarlar idi. Başqa qətllər haqqında məlumat və məzarların yeri isə hələ uzun illər ərzində gizli qaldı. Polyak hərbçilərinə qarşı bu cinayət isə harada törənməsindən asılı olmayaraq ümumən Katın adı ilə tanındı.

Starobelsk düşərgəsindəki polyak zabitləri aprelin 5-dən mayın 12-nə kimi Xarkovdakı həbsxanaya gətirildilər və burada xüsusi hazırlanmış edam otağında güllələndilər. İlk gündə 195, aprelin 6-da 200 nəfər öldürüldü. Ən çox qətllər aprelin 16-da, 17-də və 24-də baş verdi – hər dəfə 260 nəfər.

Əlləri bağlı məhkumları bir-bir otağa salır və diz üstə çökmələrini əmr edirdilər. Bundan sonra boyun ardına açılan atəşlə öldürülürdülər. Öldürülənlər yaxınlıqdakı Pyatixatka kəndindən 1,5 km aralıda meşədə dəfn edildilər. 1991-1996-cı illərdə aparılan qazıntılar zamanı burada 3820 polyak hərbi formalı cəsəd aşkar edildi. Üzərilərində tapılan sənədlər, jetonlar və digər əlamətlər əsasında onlardan 3820 nəfərin şəxsiyyəti müəyyən edildi.

Ostaşkov düşərgəsindəki məhbuslar Kalinin şəhərindəki həbsxanaya gətirildilər. Bura başqa dustaqlardan təmizlənmişdi. Aprelin 4-dən mayın 16-na kimi 6311 polyak həbsxanaya gətirildi və eynilə Xarkovdakı üsulla öldürüldü. İlk gündə 300 nəfər qətlə yetirildi. Lakin cəlladlar çox yorulduqlarını söyləyərək gətirilənlərin sayının azalmasını istədilər. Bundan sonra onların sayı 250 nəfərdən çox olmadı.

Cəsədlər Kalinindən 29 km məsafədə yerləşən Mednoye kəndindəki meşəlikdə ekskavatorla qazılmış 23 yarğanda basdırıldı. Katın cinayəti ətrafında sonra baş verəcək manipulyasiyalar səbəbindən xüsusi vurğulayıram ki, Kalinin şəhərindən fərqli olaraq bu ərazi müharibə dövründə almanlar tərəfindən işğal olunmayıb.

Bundan əlavə, əsasən Ukraynanın və Belorusiyanın çoxlu həbsxana və düşərgələrində daha azsaylı qruplarla saxlanılan 7 minə yaxın polyak güllələndi (onlar Kiyev yaxınlığındakı Bıkovnya və başqa naməlum yerlərdə dəfn olundular). Bu gün "Katın cinayəti" deyərkən onların hamısı, ümumən 21857 nəfərin öldürülməsi nəzərdə tutulur. Başqa sözlə, NKVD üçlüyü tərəfindən işi araşdırılan 25 700 nəfərdən yalnız 3843 nəfər edam olunmadı.

Nəzərə almaq lazımdır ki, zabitlər deyərkən təkcə peşəkar hərbçilər nəzərdə tutulmur. Müharibənin başlaması ilə əlaqədar olaraq çoxlu sayda ali təhsilli polyak səfərbər olunmuş və onlara zabit rütbəsi verilmişdi. Ümumən qətliam zaman 1 admiral və 13 general, 20 universitet professoru, 300 həkim, yüzlərlə hüquqşünas, mühəndis, müəllim, yüzdən artıq yazıçı və jurnalist öldürüldü. Buna görə də Katın cinayəti təkcə hərbi elitanın deyil, polyak ziyalı təbəqəsinin qətliamı sayılır.

Sovet rəhbərliyinin bu cinayəti hansı səbəblərdən zəruri saydığını söyləmək çətindir. Bəziləri bunu Stalinin 1920-ci ildə özünün də Qırmızı ordunun tərkibində iştirak etdiyi Varşava hücumunun ağır məğlubiyyətlə yekunlaşmasından sonra polyaklara şəxsi kini ilə bağlayırlar. Bəzilərinə görə o, Polşa dövlətinin bərpa olunmasının qaçılmazlığını anlayır və onu öncədən zəiflətmək üçün kadr potensialını məhv edirdi.

***

1940-cı ilin payızında, Katın cinayətindən 6 ay sonra Polşa Qırmızı ordusunun yaradılması məqsədilə SSRİ-yə loyal sayılan zabitlərin bir qrupu ilə Beriya və Merkulovun görüşü baş tutur. Sovet rəhbərliyi artıq Almaniya ilə müharibəyə hazırlaşırdı və bu zaman polyaklardan da istifadə etməyi düşünürdü.

Zabitlər bu ordunun döyüş qabiliyyətli olması üçün siyasi baxışlarından asılı olmayaraq bütün Polşa hərbçilərinin cəlb olunmasının vacibliyini qeyd edir və Starobelsk, Kozelsk düşərgələrində bacarıqlı zabit heyətinin olduğunu söyləyirlər. Beriya isə onları cəlb etməyin mümkünsüzlüyünü vurğulayır, lakin yalançı səbəb göstərir: guya onlar almanlara təhvil veriliblər.

Polşa dövlətinin almanlar və sovetlər tərəfindən işğalından sonra mühacir Polşa hökuməti formalaşmışdı. Əvvəlcə Fransada, sonra isə Londonda məskunlaşan hökumətin məlum səbəbdən sovet hökuməti ilə əlaqələri yox idi. Lakin sovet-alman müharibəsinin başlaması ilə vəziyyət dəyişdi.

1941-ci il iyulun 30-da Londondakı sovet səfiri İvan Mayski ilə Polşa hökumətinin baş naziri general Vladislav Sikorskinin imzaladıqları müqavilə ilə tərəflər arasında diplomatik münasibətlər bərpa edildi. Avqustun 8-də sovet əsirliyində olan bütün Polşa vətəndaşlarına amnistiya və SSRİ ərazisində sərbəst hərəkət hüququ verildi. Yenicə azadlığa çıxan general Andersin rəhbərliyi altında polyak ordusunun yaradılmasına başlanılır. Bu zaman xeyli hərbçinin yoxa çıxması yenidən gündəmə gəlir.

Dekabrın 3-də Moskvaya gələn Sikorski general Anderslə birlikdə Stalin və Molotovla görüşür. Burada itkin zabitlərin məsələsi yenidən qaldırılır. Onların qətlə yetirilə biləcəyini ağlına belə gətirməyən Sikorski bunu polyaklara verilən amnistiyanın tam yerinə yetirilməməsi, xeyli sayda insanların hələ də həbs düşərgələrində olmaları ilə əlaqələndirir. Stalin isə hamının azad edildiyini, həmin polyakların Sibirdən Mançjuriyaya keçə biləcəklərini söyləməklə cavab verir.

Anders itkin zabitləri tapmaq üçün cəhdlərə ara vermir. O, sonralar xatirələrində yazırdı: "Həyəcan içimi getdikcə daha çox gəmirirdi. Sovet hökuməti tərəfindən ya susqunluq, ya da qeyri-müəyyən cavablar. Bu zaman isə zabitlərin taleyi barədə qorxunc şayiələr dolaşırdı. Guya onları Qütb dairəsindəki şimal adalarına aparıblar, guya Ağ dənizdə boğublar və s. Fakt ondan ibarət idi ki, 1940-cı ilin baharından etibarən 15 min itkin əsirdən heç bir məlumat yox idi və onlardan heç kəsi, sözün həqiqi mənasında bircəciyini belə tapmaq olmurdu".

***

Smolensk və Katın ərazisi sovet-alman müharibəsinin başlamasından bir neçə gün sonra, 1941-ci ilin iyulunda almanlar tərəfindən işğal olunmuşdu. Artıq 1942-ci ilin martında onların Katında polyak zabitlərinin öldürülməsi barədə yerli sakinlərin söhbətlərindən xəbərləri vardı. Amma daha önəmli saydıqları başqa işlər vardımı, yoxsa qətliamın miqyasını düzgün təsəvvür etmirdilərmi, bir müddət bu yöndə heç nə etmədilər.

Yalnız 1943-cü il fevralın 18-də məzarlarda qazıntı işlərinə başlanıldı. Aprelin 13-də isə alman radiosu tapıntılar barədə bütün dünyanı məlumatlandırdı. Elə həmin gün Almaniya Qırmızı Xaç Komitəsi BQXK-nə müraciət edərək Katın cinayətinin araşdırılmasında iştiraka dəvət etdi.

Sovet rəhbərliyi isə yayılan xəbərə "Alman-faşist cəlladlarının iyrənc yalanı" adlı 15 aprel tarixli sənədlə cavab verdi: "Alman-faşist əclafları özlərinin bu yeni dəhşətli uydurmalarında ən həyasız və alçaq yalandan çəkinməyərək bununla, indi göründüyü kimi, özlərinin törətdikləri görünməmiş cinayətlərini ört-basdır etmək istəyirlər. Bununla bağlı alman-faşist xəbərləri 1941-ci ildə Smolenskdən qərbdəki rayonlarda tikinti işlərində olan və 1941-ci ilin yayında… alman-faşist cəlladlarının əlinə düşən keçmiş polyak hərbi əsirlərinin faciəvi taleyi barədə heç bir şübhə yeri saxlamır".

Aydındır ki, bu açıqlama Polşa mühacir hökumətini qane edə bilməzdi. Müdafiə naziri Marian Kukel aprelin 16-da açıqladığı kommünikedə 1940-cı ilin baharından etibarən minlərlə polyak hərbçisinin taleyindən xəbərsiz olduqlarını açıqlanırdı. Sənədin sonunda Polşa hökumətinin alman təbliğatınına alət olmaq istəmədiyi , lakin Katındakı kütləvi məzarlıqların tədqiqinə ehtiyac duyulduğu və bunun üçün BQXK-nə müraciət edildiyi xəbər verilirdi.

SSRİ buna "Pravda" qəzetinin 19 aprel tarixli nömrəsində "Hitlerin polyak əməkdaşları" adlı məqalə ilə cavab verdi. Məqalənin məzmunu adından bəlli olduğu üçün sitat gətirməyə ehtiyac görmürəm. Aprelin 25-də isə sovet hökuməti nota verərək Polşa mühacir hökuməti ilə diplomatik əlaqələri kəsdiyini bildirdi. Əlavə edim ki, BQXK də öz Nizamnaməsinə istinad edərək SSRİ-nin razılığı olmadan Katında təhqiqat apara bilməyəcəyini bəyan etdi.

***

Almanlar isə müttəfiqləri olan və işğal etdikləri ölkələrdən, eləcə də İsveçrədən gələn həkimlərdən ibarət beynəlxalq komissiyanı cəlb etməklə ekskumasiya işləri aparırlar. Polşa Qırmızı Xaç Komitəsinin 9 nəfərdən ibarət Texniki komissiyası da qazıntılarda iştirak edirdi. Onların çoxu mühacir hökumətinə yaxın adamlar idilər. Bundan əlavə, ingilis, amerikan, polyak hərbi əsirləri, alman işğalı alında yaşayan sovet vətəndaşları da şahid qismində cəlb olunurdular.

Qətllər zamanı polyaklar üzərilərindənki əşyalar götürülmədən basdırılmışdılar. Qərb sərhədindən yüzlərlə kilometr aralıda olan bu ərazinin düşmən tərəfindən işğal ediləcəyi, cəsədləri tapıb araşdırma aparacağı sovet rəhbərliyinin ən qorxulu röyasına belə girməzdi. Buna görə də indi komissiyanın əlinə çoxlu əşyayi-dəlil keçirdi. Nəticədə həm ölənlərin əksəriyyətinin (70%) şəxsiyyətini, həm də ölüm tarixini müəyyənləşdirmək mümkün idi.

1-7-ci məzarlardakı cəsədlər qış paltarında, 8-ci məzardakılar isə yay paltarında idilər. Belə anlaşılırdı ki, sonuncular havanın daha mülayim vaxtında öldürlüblər. Bunu cəsədlərin ciblərindən tapılan qəzet parçaları da sübut edirdilər. İlk 7 qəbirdə mart-aprel ayına aid qəzetlər vardı, sonuncu da isə may ayında çap olunanlar da. Əsirlərin özlərinin taxtadan düzəltdikləri portsiqar, müştük və digər artefaktların üzərində monoqrammalara və 1939, 1940 yazılarına rast gəlmək olur. Üzərində tarix olan dəlillərdən heç birində 1940-cı il mayın 6-dan sonrakı tarix yox idi.

Katın meşəsində daha əvvəllər sovet vətəndaşları da qətlə yetirilərək basdırılmışdılar. Komissiyanın gəldiyi qənaətə görə, həm onların, həm də polyakların əlləri arxadan eyni üsulla bağlanıb. Bu zaman istifadə olunan ip sovet istehsalı idi. Polyak hərbçilərinin geyimi, xüsusən də ayaqqabıların vəziyyəti onların uzun müddət (sovet iddiasına inansaq, əsir düşəndən sonra ən azı 22 ay) geyilmədiyini ortaya qoyur. Məzarların üzərində əkilən ağacların da yaşı 3 ilə uyğun idi.

Sovet hakimiyyətinin sonralar istinad edəcəyi əsas dəlillərdən biri əsirlərin hamısının 7,65 kalibrli Geco markalı alman güllələri ilə öldürülmələri idi. Almanlar göstərirdilər ki, Versal müqaviləsinə əsasən hərbi qüvvələri xeyli ixtisar olunduğundan 1920-ci illərdə bu güllələr böyük partiyalarla Polşaya, Baltikyanı ölkələrə və SSRİ-yə satılmışdı.

Sonralar məlum olacaq ki, qətllər zamanı təkcə alman güllələrindən deyil, həm də Valter və Brauninq markalı alman tapançalarından istifadə olunub. Bu onunla bağlı idi ki, sovet tapançalarının qaytarması daha güclü idi və 10-15-nəfəri qətlə yetirəndən sonra cəlladların əli yorulurdu. Almanların işğalı altına düşməyən Mednoyedəki məzarlıqlar 1990-cı illərdə tədqiq edilərkən də eyni güllələrə rast gəlinir.

Komissiya və polyak nümayəndələri yerli əhalini də sorğu-suala tuturlar. Onların hamısı 1940-cı ilin yazında demək olar ki, hər gün yaxınlıqdakı Qnezdovo stansiyasına polyak əsirlərini daşıyan eşalonların gəldiyini deyirlər. Buradan da onları yük maşınları ilə Katın meşəsinə tərəf aparırmışlar.

Komissiyanın hesabatını bütün üzvlər imzaladılar, bircə Fransadan olan professor Kostedodan başqa. Sonuncu komissiyanın gəldiyi nəticələrə şübhə etdiyinə görə deyil, vətəninin işğal edən almanların xeyrinə olacaq addım atmaq istəməməsi səbəbindən sağlamlığını bəhanə edərək tədqiqatlarda iştirak etmədi.

Polşa nümayəndələri almanların onlara tam sərbəst işləmək üçün imkan vermədiklərini, güllələrin alman mənşəli olduğunu gizlətməyə çalışdıqlarını söyləsələr də, gəldikləri qənaət fərqli deyildi: polyak əsirlər 1940-cı ilin yazında NKVD orqanları tərəfindən güllələniblər. Onlar öz hesabatlarını Londondakı mühacir hökumətinə göndərdilər.

Bundan sonra Sikorski hökuməti Britaniyadan SSRİ ilə münasibətləri kəsməyi tələb etdi. Lakin bu tələb rasional deyildi. Katın cinayəti nə qədər müdhiş olsa da, Britaniyanın Almaniyaya qarşı SSRİ ilə müttəfiqlik etmədən başqa yolu yox idi. İyulun 4-d Anders ordusunu inspeksiya edib Yaxın Şərqdən qayıdan Sikorski təyyarə qəzası nəticəsində həlak oldu. Bir çoxları bu hadisənin sui-qəsd kimi qiymətləndirirlər. Hər halda, Sikorskinin ölümü müttəfiqlər üçün göydədüşmə oldu.

Sovet hökuməti isə 1990-cı ilə kimi Katın cinayətində iştirakını inkar etdi. Məqalənin ikinci hissəsində bu barədə danışacağam.

Ana səhifəXəbərlərKatın cinayəti