Kataklizmlərin qarşısını almaq üçün qurban verilməli “kəllələr”

Proseslərin başlıca həqiqəti ondan ibarətdir ki, sistem böhranı dərinləşməkdədir

Source:


Proseslərin başlıca həqiqəti ondan ibarətdir ki, sistem böhranı dərinləşməkdədir

Hakimiyyət dəhlizlərində aparılan son qalmaqallı həbslər müəmmalar dolu suallar yaratdı. Belə bir sual aktualdır – həbslərin gerçək səbəbi nədir və həbs olunanlara “dövlət çevrilişinə cəhd”, “dövlətə xəyanət” maddələri irəli sürüləcəkmi?  Prosesin təhlili onu deməyə əsas verir ki,  “generalların qiyamı” və siyasi hakimiyyəti ələ keçirmək cəhdləri barədə deyilənlərin əsası var. Lakin saray çevrilişi və ictimai narazılıq yaradılmasında “edam kötüyü”nə çıxardılmış generallarla yanaşı digər harınlamış məmurların da taleyinə yaxın zamanlarda aydınlıq gətirilə bilər.  Prezidentin ətrafında elə məmurlar var ki, onlar hakimiyyət üçün həbsdə olan generallardan daha təhlükəli və daha güclü görünürlər.

Əhali vergilər, gömrük, səhiyyə və digər sahələrdəki problemlərdən boğaza yığılıb. Odur ki, ölkədə kataklizmlərin qarşısını almaq üçün bu sahələyə rəhbərlik edənlərin də “kəlləsi” getməlidir. Ehtimal etmək olar ki, elə belə də olacaq. Hətta bu sahələrə rəhbərlik edənlərin bir qisminin həbsi də istisna edilmir. Lakin ən müxtəlif qruplaşmalarla eyni vaxtda mübarizə ciddi problemlər yaradır və  asan deyil. Odur ki, hədəflərin dəyişməsi prosesi də müşahidə edilə bilər.

Belə fikirlər də var ki, dövlət çevrilişinə cəhd ittihamı öz aktuallığını itirsə də, gələcəkdə oxşar ittihamların səslənməyəcəyinə heç bir zəmanət yoxdur. Çünki   hakimiyyətdaxili qruplaşmaların mövcudluğu və bu qruplar arasında ziddiyyətlərin kəskinləşməsi ilə bağlı hələ də müxtəlif fikirlər səslənməkdədir. Bu cür qruplardan hər hansı zərərsizləşdiriləndə adətən onlara söylənən ittiham dövlət çevrilişinə cəhd olur.

Azərbaycanda hər dəfə dövlət çevrilişi cəhdləri barədə danışmağa başlayıblar, bunun ardınca gurultulu həbslər müşahidə olunub. 2005-də həbslər dalğası hakimiyyətin içinə qədər yüksəldi. Onda həbs olunan bir nazir hələ də məhbəsdədir. Həbslər yalnız müxalifətdən olanda cəmiyyətdə və beynəlxalq aləmdə mənfi qarşılanır, gözlənilən nəticəni vermir. Seçkiqabağı güclü şou yaratmaqla hakimiyyət cəmiyyətə öz qətiyyətli imicini təqdim etmək istəyir.

Eyni zamanda, baş verənlər hakimiyyətdə olan məmur-oliqarxların xarici ölkələrlə mümkün əlaqələrinə zərbə endirmək, Qərbin təsir agentlərini də dağıtmaq məqsədi daşıyır. Seçkidən sonra yeni gurultulu həbs dalğası fonunda cəmiyyətə növbəti dəfə “sakitləşdirici köynək” geyindirilə biləcəyi ehtimalı heç də kiçik deyil.

Əlbəttə, hakimiyyətin özəl məlumatlara malik olması da istisna edilmir. O cümlədən kimlərinsə “təsir agentləri şəbəkəsi”ndə olduğunu da ehtimal etmək olar. Bunların məhz seçki öncəsi hakimiyyətin rəqiblərinə zərbə endirməkdən ötrü edildiyi ehtimalı daha inandırıcıdır. Həbs edilən generalların işində seçkinin nəticələrinə təsir etmək maddəsinin də tətbiq edilməsi siyasi müstəvidən yenidən “çevriliş qoxusu”nun gəlməsini aktuallaşdırır.

İndi hamını bir sual düşündürür – prezidentə son dərəcə yaxın olan və milyonlara malik  şəxsləri nə vadar edirdi ki, çevriliş barədə düşünsünlər? Ritorik sualdır. Lakin qeyri-məhdud səlahiyyətə  malik olan E. Mahmudov ranqlı nazirlər əvvəl-axır ölkənin birinci şəxsi olmaq barədə düşünürlər. Bir tərəfdən də post-neft dövrü, eyni şəxsin dalbadal dördüncü prezidentliyinə edilən sərt təzyiqlər siyasi elitanın özünü də dilemma qarşısında qoyur. Hakimiyyətə seçki yolu ilə gəlmək şansı olmadıqda isə bir yol qalır – çevriliş.

Kənardan yaranan təsəvür ondan ibarətdir ki, Azərbaycanda son günlər baş verənlər 1991-ci ildə Moskvada həyata keçirilən “QKÇP”ni xatırladır.

Proseslərin başlıca həqiqəti ondan ibarətdir ki, sistem böhranı dərinləşməkdədir. Nə həbslər, nə oliqarxiyanın maraqlarının buxovlanması qarşıdan gələn mərhələ üçün kifayət etməyə bilər.  Ciddi islahatlara ehtiyac yaranıb, artıq azad seçki barədə düşünmək lazım gəlir.

Rəsmi telekanalların apardığı bayağı təbliğatla ictimai rəyi dəyişmək mümkün deyil. İqtidarın təbliğat maşını o dərəcədə köhnəlib ki, artıq işləyə bilmir.

Bir sözlə, baş verənlər eynilə “Patriarxın payızı”nda olduğu kimi cərəyan edir.

Süjet də oxşardır: “Amma vətəndaş müxalifətinin başçıları üzlərindən maskaları atıblar və küçələrdə açıq-açığına mitinq edirlər!» – deyə general Rodriqo de Aqilar, son dəlilə əl atdı. Buna da o: “Lap yaxşı, əmr ver, de Armas, meydanındakı hər fənərdən bir nəfəri assınlar, qoy hamı görsün ki, güc kimin tərəfindədir!” – deyə, belə cavab verdi: “Bu, mümkün olan məsələ deyil axı?!.. – general Rodriqo de Aqilar etiraz etdi – “onların arxasında xalq dayanıb!” “Yalandır, – prezident dedi – xalq mənim tərəfimdədir, odur ki, burdan mənim, yalnız meyitim çıxacaq!” ”…”Və həmişə qəti qərar qəbul eləyəndəki kimi, yumruğunu stola çırpdı və yatmağa getdi, inəkləri sağmaq vaxtı çatanda yuxudan oyandı, ayağa qalxanda gördü ki, dövlət şurası iclaslarının keçirildiyi salon, şüşə qırıqları və daş-kəsəklə doludu”.

Amma fərqli cəhətlər də mövcuddur. Azərbaycanda general Rodriqo de Aqilar kimi həqiqəti deyə biləcək bir general yoxdur. Həqiqət isə nə qədər acı olsa da, deyilməlidir. Çıxış yolu həqiqəti olduğu kimi dərk etməkdən keçir.

Artıq iqtidar anlamalıdır ki, küçələrə axışanlar məmur özbaşınalığından, hakimiyyətsizlikdən beziblər. Bütün bu həqiqətləri görməmək daha böyük qarşıdurmalara yol açır. Hansısa revanş həsrətində olan iqtidardaxili qruplar siyasi hakimiyyəti radikal addımlar atmağa sövq edir. Eynilə “Patriarxın payızı”nda olduğu kimi: “Qiyamçılardan biri də sağ qalmamalıdır!» əmrini xüsusi dəqiqliklə yerinə yetirən prezident qvardiyasının qanlı bayramı, ölüm şənliyi başladı. Əmriniz yerinə yetirildi, mənim generalım, çöl qapısından aradan çıxmaq istəyənləri pulemyotla aşsüzənə döndərdilər, pəncərədən atılanlar havada tutuldu, yaxın evlərdə gizlənənlər isə qumbara tüstüsündə boğuldu”.

Proseslər sanki elə bu səpkidə də inkişaf edir. Ayağa qalxan, haqqını tələb edən, məmur balalarının harınlığına “yox” deyən minlərlə insana “dağıdıcı qüvvə” adı vermək, ən azı məsuliyyətsizlikdir. Bu köhnəlmiş metodlar iflasa yol açır. Bu, acınacaqlı sonun başlanğıcıdır. Yenə də “Patriarxın payızı” yada düşür: “…Bundan sonrakı mübahisələrin xeyri yoxdu, zat aliləri, sizin rejim – vədlər, nifrət, hətta terror üzərində də yox, köhnəlmiş ətalət üzərində dayanıb və gündən-günə, qarşısıalınmaz bir şəkildə dağılır, zat-aliləri, yaxşısı budur, küçələrə çıxıb, həqiqətin gözünə baxasınız, siz sonuncu döngədəsiniz – ya dəniz piyadaları gəlməli idi, ya da biz, dənizi götürəcəyik, başqa çıxış yolu yoxdur”…

Ana səhifəXəbərlərKataklizmlərin qarşısını almaq üçün qurban verilməli “kəllələr”