”Kaş ki, bir yox, bir neçə bədii əsərlərimiz qadağan olunaydı”

Tarix boyu kitablar müxtəlif səbəblərə görə qadağan olunub və məhv edilib. Onlar bu gün də qadağan olunur, yandırılır və bəzən yazarları da təzyiqlərə məruz qalır.

Azərbaycanda son bir neçə ildə kitabı yandırılan, özü təzyiqə məruz qalan yazıçı Əkrəm Əylislidir. Yazıçı deyir ki, “Daş yuxular” romanını yazanda təzyiqə məruz qalacağını bilmirmiş:

“Bir il bundan əvvəl bir informasiyaya rast gəldim və düzü, bir az da sevindim. Amerikadakı kitabçılar cəmiyyətinin siyahısı çap olunmuşdu. Deyəsən, 10, ya 11 müəllifin kitabı qeyd olunurdu. Aralarında mənim də kitabımın adı vardı. “Daş yuxular”ı yazanda yuxuma da girməzdi ki, nəsə elə bir şey yazacam, aləm dağılacaq, mitinq keçiriləcək, kitab yandırılacaq…

Mən oturub əsər yazmışam. Həmişə necə, bu dəfə də elə. Əlbəttə, mən Azərbaycan yazıçısıyam, oxucularım azərbaycanlılardı və ölkədə kifayət qədər çox oxucum var. Elə indinin özündə də. Məsələn, mən elə adama rast gəlirəm, deyir ki, dünən filan əsəri oxudum, bütün gecəni yatmamışam. Əsas odur sən öz yazdığından peşman olmayasan. Əgər öz yazdıqlarımı oxumaqdan hərdənbir həzz ala bilməsəydim, inanın ki, elə bilərdim Azərbaycan dilində əsər yoxdur. Bir az qeyri-təvazökar səslənir, amma mənim əsərlərim Azərbaycan dilinin ən yüksək səviyəsində yazılıb”.

Kitablar kimlər tərəfindən və niyə qadağan olunur? Naşir, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu bununla bağlı fikitlərini bildirir:

“Əslində kitablar dövlət tərəfindən,dövlətlər tərəfindən qadağan olunur. Yəni o yerdə ki, dövlətin maraqları kitabların maraqları ilə kəsişir, orda da o kitablar qadağan olunur. Bizim qanunvericiliklə dini, milli, irqi ayrıseçkilik salan, dini radikalizmi təbliğ edən, eyni zamanda, pornoqrafiyanı yayan kitabların çapı qadağandır”.

Şahbaz Xuduoğlu bəzi kitabları nəşr etməyin riskli olduğunu bildirir:

“Doğrusu, məsələn, “Daş yuxular”ı çap etməyə ehtiyat edirəm.Yaxşı ki, Əkrəm Əylisli bunu yaxşı başa düşür. Mən, məsələn, Fətullah Gülənin kitabını nəşr etmərəm. Çünki mənim indi gördüyüm işlər daha dəyərlidi, nəinki bir Fətullah Gülənin kitabını buraxmaqla öz fəaliyyətimi bütövlüklə risk altına qoymaq”.

Əkrəm Əylisli qadağa məsələsinə fərqli yanaşır:

“Kaş ki, bir yox, bir neçə bədii əsərlərimiz qadağan olunaydı. Yəni, bu saat bizim on əsərimiz qadağan olunmuş olsaydı, təsəvvür edin ki, bunun dünyada reaksiyası nə boyda olardı”.


Kanalımıza abunə ol



https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Kaş ki, bir yox, bir neçə bədii əsərlərimiz qadağan olunaydı”