Karyera qurmaq istəyən qadınlar niyə az doğmağa başlayıb

Dilin təhlili Komitə sədrinə bunun səbəblərini tapmaqda kömək edəcəkmi?

Source:
Gəncə şəhər xəstəxanasının doğum şöbəsi
Gəncə şəhər xəstəxanasının doğum şöbəsi


Dilin təhlili Komitə sədrinə bunun səbəblərini tapmaqda kömək edəcəkmi?

“Obyektiv demək lazımdır ki, bu gün, xüsusən özləri üçün karyera qurmaq istəyən qadınlar az doğmağa başlayıblar”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oktyabrın 9-da keçirilən bir tədbirdə

deyib

. Cümlənin qüsurlu olduğunu kənara qoyuruq. Komitə sədrinin sözlərindən belə çıxır ki, “özləri üçün karyera qurmaq istəyən qadınlar” qabaqlar çox doğurmuş; iki-iki, üç-üç… Axı problem onda deyil, karyera sözünü bilməyən qadınlar belə son illər “az-az doğmağa başlayıblar”, hörmətli komitə sədri…

2006-cı ildən bu komitəyə rəhbərlik edən xanım, çox təəssüf, doğuşun azalma səbəblərini başqa müstəvidə axtarır. Əslində, siyasi elmlər doktoru, professor olan Hicran Hüseynova bu azalma tendensiyasını öyrənməyə sorumlular sırasında birincidir. Rəhbərlik etdiyi komitənin işi həm də bu məsələləri araşdırmaq, problemlərdən çıxış yolları aramaq, hökumətə təkliflər verməkdir. Həmin tədbirdəki çıxışında isə siyasi elmlər doktoru başqa sahədə özünü sınayır, dil ilə bağlı təhlillər apardığını deyir: “…əgər müəyyən hallarda ailədə bir uşaq olması məsələsi qarşıda durursa, onda kimlərsə oğlan istəyir. Mən deməzdim ki, bu hal kütləvi xarakter daşıyır. Azərbaycanda belə deyil. Biz azərbaycanlıların mentalitetində qadına böyük hörmət var. Mən dil ilə bağlı sadə bir təhlil aparmışam. Başqa dillərin heç birində “ağsaqqal”, yəni “nəslin başçısı” anlayışı yoxdur, amma bizdə “ağbirçək”, yəni “nəslin başçısı olan qadın” anlayışı var. Yəqin, siz də bilirsiniz, bizdə tarixən belə qadınlar çox olub”. Maraqlı təhlildir, ancaq bunun doğuşun artıb-azalmasına hansısa təsiri olacağını deməyə çətinlik çəkirik. Komitənin saytında da bu problemlərlə bağlı heç bir məlumatla qarşılaşmadıq. Burada “illik hesabatlar” adlı

bölmədə

 yalnız 2015, 2016 və 2017-ci ilin hesabatları var ki, orda da, əsasən, Azərbaycanda aparılan uğurlu siyasətdən, konfranslardan, sədrin və müavinlərinin keçirdiyi görüşlərdən danışılır. Hesabatların sonunda il ərzində Komitənin çap etdiyi kitabların siyahısı da verilib, həmin kitablar arasında bu problemlə bağlı broşür belə yoxdur.

Rəsmi statistika

Rəsmi statistika isə deyir ki, 2012-ci ildə ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 26 ana həyatını itirib.

2013 – 24

2014 – 25

2015 – 24

2016 – 22

2017-ci ildə bu rəqəm 21 olub.

Bunlar rəsmi statistikadır. Rəsmiyyətə düşməyən və gizlədilən ölüm halları olduğunu da hər kəs bilir. Ucqar kəndlərdə, yaylaq və qışlaqlarda ara həkimlərinin, mamaçaların qəbul etdiyi doğuş zamanı olan ölüm halları heç bir statistikaya düşmür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının bu tipli məlumatları toplayıb-toplamadıqlarını, yaxud müxtəlif saytlarda gedən xəbərləri izləyib-izləmədiklərini bilmirik. Hər halda Komitənin saytında bu görünmür.

Başqa mənbələrdə, internetin axtarış sistemində qarşımıza çıxan bəzi xəbərləri burda yerləşdirək ki, bəlkə, Komitə əməkdaşları da ölkədə durumun hansı səviyyədə olduğunu görüb hərəkətə keçdi, doğuşun artmasını stimullaşdıran addımlar atdı.


Saytlardan sitatlar:

“Uşaqlığı çıxarılan qadın əməliyyatdan sonra öldü

Oktyabrın 9-da Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ceyran Mülfəda qızı Abdullayeva Sumqayıt şəhəri 1 saylı Doğum Evində “Subtotal histerektomiya” (uşaqlığın çıxarılması) cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib (9 oktyabr 2018)”.

“Doğuş zamanı ana və körpəsi öldü

Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu, A.Dadaşovanın ilk hamiləliyi olub (14 mart 2018)”.

“Şamaxıda doğuş zamanı ana öldü

Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Əlisahab qızı Binyətova Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib (5 may 2018)”.

“Daha bir doğuş faciəsi – Ana öldü

Siyəzən rayonunda ana ölümü baş verib. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayon sakini Aytən Qasımova ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib. Qadın doğuş zamanı dünyasını dəyişib (12 iyun 2018)”.

“Lənkəranda doğuş zamanı ana və körpəsi öldü

Lerik rayonunun Veri kənd sakini, 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Rasim qızı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Lakin doğuş gecikdiyinə görə həkimlər körpəni qeysəriyyə əməliyyatı ilə götürməyə çalışıblar. Lakin məlum olub ki, körpə tələf olub. Ana isə bu gün səhər saatlarında kəskin qanaxma nəticəsində ölüb (4 avqust 2018)”.

“Zaqatalada doğuş zamanı ana öldü

Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı sentyabr ayının 5-i səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb (6 sentyabr 2018)”.

“Bakıda doğuş zamanı ana ölüb

“Türanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə dünən (4 iyul 2017) 7 saylı doğum evinə daxil olub.

Həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılmış 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasiyon tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında Türanə Məmmədovada bioloji ölüm baş verib”.

Şıxlinskayanın klinikasında ana doğuş zamanı öldü

Sentyabrın 10-da Bakıda, Leyla Şıxlinskayanın klinikasında ana ölümü baş verib. 1986-cı il təvəllüdlü Aygün Əbdürrəhmanova doğuş zamanı dünyasını dəyişib (10 sentyabr 2017)”.

“Qobustanda doğuş zamanı ana öldü

Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana-1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızı dünyasını dəyişib (17 oktyabr 2017)”.

“Azərbaycanda doğuş zamanı ana ölüb

Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı doğuş zamanı ölüb (19 dekabr 2017)”.

“Ana və körpə doğuş zamanı öldü

Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub. Doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib (19 yanvar 2017)”.

“Sumqayıtda doğuş zamanı ana və uşaq öldü

1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb (9 may 2017)”.

“Gəncədə ana doğuş zamanı öldü

Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın Doğum Şöbəsinə gətirilən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Səbinə Allahverdiyeva doğuş zamanı ölüb (10 dekabr 2016)”.

“Ana doğuş zamanı öldü

Tovuzda 21 yaşlı ana doğuş zamanı dünyasını dəyişib. Lalə Abbasova bu doğuşa qədər 2 qız övladı dünyaya gətirib (9 yanvar 2016)”.

“Lənkəranda ana doğuş zamanı öldü

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, Şağlasər kənd sakini,1998-ci il təvəllüdlü Sənayə Nazim qızı Ağayeva uşaq dünyaya gətirmək üçün bu gecə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. 17 yaşlı qadın təbii yolla uşaq doğub. Lakin doğumdan bir dəqiqə sonra ananın vəziyyəti ağırlaşıb. Şöbəyə reanimotoloq gəlib çatana qədər Sənayə Ağayeva dünyasını dəyişib (22 oktyabr 2015)”.

“Lənkəranda ana öldü

Cəlilabad rayonu, Alar kənd sakini, 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin qadın əməliyyatdan sağ çıxmayıb. Bu, 29 yaşlı qadının 3-cü hamiləliyi olub (4 fevral 2015)”.

“Cəlilabadda doğuş zamanı ana öldü

Cəlilabad rayonunda ana doğuş zamanı dünyasını dəyişib. Rayonun Səttərxan küçəsində yaşayan 33 yaşlı Xanım Yusifova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu ilə oğlan uşağı dünyaya gətirib. Ananın səhhəti qəfildən pisləşib. Xəstənin vəziyyəti daha da ağırlaşdığından Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə göndərilib. X.Yusifova orada dünyasını dəyişib(2 dekabr 2015)”.

“Ana doğuş zamanı öldü – BAKIDA

Avqustun 7-də Bakının Qaradağ rayonundakı 4 saylı Doğum Evində doğuş zamanı ana ölümü baş verib. Doğum Evindən APA-ya verilən xəbərə görə, ölən qadın Qaradağ rayon sakini, 1993-cü il təvəllüdlü Alışanova Mehriban İlqar qızıdır(7 avqust 2015)”.

“Zaqatalada ana doğuş zamanı öldü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində baş verib. Rayonun Bəhmədli kənd sakini Durmuşova İlahə Nəzir qızı qeysəriyyə əməliyyatı olunub, körpə götürülüb, ana isə narkozdan ayılmayaraq dünyasını dəyişib(26 iyun 2014)”.

“Doğuş zamanı komaya düşmüş ana öldü

Mingəçevir Mərkəzi Xəstəxanasında doğuş zamanı körpəsini itirərək komaya düşən 1979-cu il təvəllüdlü Ocaqverdiyeva Esmira Yadulla qızı bu gün vəfat edib(9 yanvar 2014)”.

“Qubada doğuş zamanı faciə: Ana öldü

Quba Regional Perinatal Mərkəzində doğuş zamanı Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızı dünyasını dəyişib(4 noyabr 2014)”.

Son

Bu, kiçik bir statistikadır, hər yayılan belə xəbərin doğuşa təsiri qaçılmaz olmalıdır. Bu xəbərlər həm də Azərbaycan səhiyyəsinin bu gün hansı durumda olduğunu göstərir. Üstəlik, tibbi sığortanın olmaması, doğum evlərinə gətirilən hamilə qadınların, onların ailələrinin soğan kimi soyulması da doğuşu azaldan faktorlardandır. Hamilə qadınların heç də hamısı hamiləlik boyu həkim nəzarətində olmur, yaxud həkimə getmir. Ailələrin çoxunun heç olmasa ayda bir dəfə analizlər vermək, yaxud hansısa aparatdan keçmək imkanı yoxdur. Bu səbəbdən qüsurlu, yaxud ölü doğulan uşaqların da, ana ölümlərinin də sayı artır. Komitənin isə bu problemlərlə bağlı hansısa işi gözə dəymir. Yuxarıda sadalanan ana və uşaq ölümlərinin məsuliyyəti həm də Komitənin boynundadır.

Məsələn, 21 yaşında 3-cü dəfə doğan tovuzlu Lalə Abbasova öləndə Komitə hansı addımları atıb? Axı sizin istəyinizə uyğun davranıb, az yaşında 3 dəfə ana olub; həyatı bahasına olsa belə…

Komitə əməkdaşları, ola bilsin, iş çoxluğundan siz izləmirsiniz, ancaq başqaları gündəlik xəbərləri izləyir, o səbəbdən qadınlar, karyerist olmayanlar belə, qabaqlar olduğu kimi, çox yox, az doğmağa üstünlük verir. Ölkədə heç də hamının xaricdə doğmaq imkanı yoxdur. Bunu da bilirsiniz. Vaxtınız və imkanınız olanda xaricdə doğuşla bağlı mühacirətdəki yazar Günel Mövludun “Norveçdə ana olmaq” yazısını

oxuyun

. Norveç də Azərbaycan kimi neft ölkəsidir. O yazını oxusanız, iki neft ölkəsində insana, qadına, anaya münasibət baxımından müqayisə apara bilərsiniz, vaxtınız və həvəsiniz olsa.

Azərbaycanda doğuş qiymətlərini də bilməmiş olmazsınız. Klinikaların qiymətləri müxtəlifdir. Əməliyyatsız doğuşa 500-1000 manat, əməliyyatla isə 1000-1500 manat gərəkdir. Xəstə klinikada bir qədər çox qalsa, xərclər arta bilər. Dövlət xəstəxanalarındasa xərclər əzabvericidir. Həkimlər ayrı, tibb bacıları ayrı, sanitarkalar ayrı pul alır; həm də hər növbədə hər biri. Üstəlik, qapıçı-filan pulu da var.

Belə bir ortamda siz doğmaq istəyərdiniz?!

Ana səhifəAnalitikaKaryera qurmaq istəyən qadınlar niyə az doğmağa başlayıb