Karlova Universitetinin rektoru Milena Kraliçkova həmin universitetin doktorantı, hazırda Bakıda həbsdə olan Bəhruz Səmədova elan olunan hökmlə bağlı məktub yazıb.
Universitetin rəsmi saytında dərc olunan məktubda Kraliçkova Azərbaycanda dövlətə xəyanət ittihamı ilə 15 il müddətinə həbs olunan Səmədovun işini “dərin narahatlıqla” izlədiyini bildirib.
“Bu gün biz tələbəmizə qarşı belə sərt və siyasi motivli hökmə qarşı çıxmalıyıq. Bəhruz Səmədovu dəstəkləyirik, onunla və ailəsi ilə həmrəy olduğumuzu bildiririk”, – məktubda belə deyilir.
Universitet rektoru eyni zamanda Bəhruz Səmədovun işinin sonrakı gedişatını izləməyə davam edəcəklərini və tərəfdaş universitetlərdə beynəlxalq dəstək üçün əlavə imkanlar axtaracaqlarını da bildirib.
Karlova Universitetinin sosial elmlər fakültəsinin doktorantı Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq, iyunun 23-də “dövlətə xəyanət” maddəsi ilə 15 il müddətinə həbs olunub.
Bəhruz Səmədov özünü təqsirli bilmir. O, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb, məhkəmədəki ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunsa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.
Bəhruz Səmədov bildirib ki, sülhpərəstdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.