Helen Keller – Napoleona tay tutulan eşitmə və görmə əngəlli qadın

Karlara Şifahi Nitq Öyrədilməsi Cəmiyyətinin üzvlərinə Helen Kellerin müraciəti

Source: meydan.tv


(İkinci hissə)


“Yeganə işıqkeçməz qaranlıq cəhalətin və hissizliyin qaranlığıdır. Amma biz – korlar və kor olmayanlar bir-birimizdən hisslərimizin sayına görə yox, onlardan necə istifadə etməyimizə görə fərqlənirik”.


Helen Keller

Bir neçə il sonra bu məşhur qadına daha bir evlilik təklifi gəlir – bu dəfə çoxdan tanıdığı bir nəfərdən. Helenin ona cavabı belə olur:

“Sevmək mənim gənclik arzumuydu. Tez-tez taleyimə üsyan edirdim ki, nə üçün təmin edə bilmədiyim bir istəyi hədiyyə etməklə mənə əzab verir. Amma zamanın böyük ram etmə gücü var, o mənə aya can atmamağı və batıb getmiş qadınlığım üçün ağlamamağı öyrətdi. Mən təkliyimlə barışdım və həyat enerjimi taleyi mənimkindən daha ağır olanlara yardıma yönəltdim”.

****

Birinci dünya müharibəsində Helen aktiv antisavaş mövqeyi sərgiləyir, hesab edir ki, aranı imperialistlər qatıb, ABŞ bu müharibəyə qoşulmamalıydı.

1917-ci ildə isə o, Rusiyadakı bolşevik inqilabını və Leninin fəaliyyətini təqdir edir.

Bir il sonra Helen Vətəndaş Azadlıqlarını Müdafiə İttifaqının yaranmasında iştirak edir. Bu təşkilat militarizmə qarşı çıxdıqlarına görə həbs edilən şəxslərin hüquqlarını müdafiə üçün təsis edilmişdi. O vaxt prezidentliyə sosialist namizəd Yucin Debs də həbsxanadaydı. Keller Debsin seçki kampaniyasında iştirak etmiş, ona məhbəsə məktublar yazmışdı.

Helenin o dönəmdəki fəaliyyəti kinematoqrafistlərin diqqətini cəlb edir. Amerika yazıçısı Frensis Trevelyan Milller onun həyatı haqqında sənədli film çəkmək fikrinə düşür və qızın özünə yazıb buna icazə istəyir. Helen etiraz etmir. “Branton” kinostudiyasında başlanan çəkiliş zamanı rejissor Corc Foster Platt onunla ünsiyyət qura bilmək üçün xüsusi taqqıltı sistemi hazırlayır. Rejissora “barmaq əlifbasını” bilən tərcüməçi də kömək edir.

“Qurtuluş” adlandırılan bu film 1919-cu ildə baxışa çıxarılır, amma tamaşaçıların çox da xoşuna gəlmir və filmin kassa gəlirləri ona çəkilən xərcdən az olur.

1920-24-cü illər aralığında Helen anası və Enn Sallivanla birlikdə ölkə boyu səfərlərə çıxıb leksiyalar deməyə başlayır. Çünki ədəbi fəaliyyət çox az qazanc gətirirdi, Helenlə görüşə isə əhali böyük maraq göstərirdi. Onun çıxışlarını biznesmen qardaşlar – Harri və Herman Veberlər təşkil edirdilər. Helenin bəzi dostları pul qazanmağın bu üsulunu bəyənmirdilər, amma o, gəlirlərindən korlara dəstək fondlarına da yardım ayırır və nəcib məqsədlərə xidmət etdiyini vurğulayırdı.

Bu, həqiqətən beləydi – gözəl bədən quruluşlu, zərif təbəssümlü və mavi gözlü (1910-cu ildə qızın fəaliyyətsiz göz almacıqlarını şüşə gözlərlə əvəz etmişdilər) Helendə “varlılardan pul toplmaq bacarığı qeyri-adi dərəcədə yüksək idi” (Doroti Herrmann, “Helen Keller. Həyat” kitabının müəllifi), onun çıxışları həm də məsum görünüşünə görə insanlarda müsbət təəssüratlar oyadırdı. Helen gözdən və qulaqdan əlillərə yardım fəaliyyətini sonralar da davam etdirəcək, 30 il boyu Amerika Korlar Fonduna ianə toplanışının əsas təşkilatçısı olacaqdı.

1930-cu illərdən etibarən Keller beynəlxalq turlara çıxmış, 9 dəfə dünyanı dolaşmış, 34 ölkədə insanları ruhlandıran fiqura çevrilmişdi.

****

1924-cü il seçkilərində senator Robert Lafolettin namizədliyini dəstəkləyən Hellen o vaxtdan etibarən tamamən siyasətdən çəkilir və bütün diqqətini görmə əngəllilərə dəstəyə yönəldir. O illərdə Mərkəzi Maarifləndirmə Evi adlanan Amerika Korlar Fondunda fəaliyyət göstərir, mütəmadi çıxışlar etməklə yanaşı, onların hüquqlarının müdafiəsiylə də məşğul olmağa başlayır. Onların işlə təmin olunmasına yardım etmək Helenin əsas prioritetlərindən birinə çevrilir.

1927-ci ildə Helen “Mənim dinim” (“My Religion”) kitabını dərc etdirir (Sonralar kitabın adı “Mənim qaranlığımdakı işıq” – “Light in My Darkness” olaraq dəyişdirilir). Bu kitabda Keller özünü xristian hesab etdiyini və Emmanuil Svedenborqun təliminə üstünlük verdiyini yazır. Xristianlıqla ilk dəfə keşiş Fillips Bruks vasityəsilə tanış olan Helen allah haqqında düşüncələrini belə ifadə edir: “Mən həmişə bilirdim ki, O burdadır. Amma Onun adını bilmirdim!”

1931-ci ildə Yuqoslaviya kralı Aleksandr I Karageorgiyeviç Heleni və Enni Belqrada dəvət edib onları 3-cü dərəcəli Müqəddəs Savva ordeniylə mükafatlandırır.

Bir neçə il sonra (1936) Helenin sevimli müəlliməsi, sədaqətli dostu və fədakar yol yoldaşı, tanış olduqları 1887-ci ildən etibarən bütün ömrünü ona sərf etmiş Enn Sallivan vəfat edir. Hələ 7 il əvvəl “Allaha acizanə şəkildə dua edirəm ki, Enn məni tərk etməsin, çünki o getsə, mən həqiqətən kar və kor olacam” deyən Hellen üçün Sallivanın ölümü böyük zərbə olur. Sonrakı illərdə ona tərcüməçilik etmiş qadınların heç biri (Polli Tomson, Evelin Seyde və başqaları) “barmaq əlifbasından” Sallivan qədər məharətlə istifadə edə bilmirlər.

****

Ennin vəfatından sonra Konnektikut ştatına köçən Helen Keller bir çox incəsənət adamıyla, o cümlədən, gələcəkdə onun haqqında bioqrafik oçerk yazacaq tarixçi və tənqidçi Van Vik Bruksla tanış olur.

1937-ci ildə Yaponiyaya gedən Helen orda 9 il boyu sahibini gözləyən Hatiko adlı it barədə eşidir, bu hekayədən çox təsirlənib eyni cinsdən (akita-anu cinsindən) olan it istədiyini deyir. Bir nəfər ona Kamikadze-qo adlı it bağışlayır. Amma bir il sonra o xəstələnib ölür, Yaponiya hökuməti hədiyyə olaraq Helenə Kendzan-qo adlı başqa bir it göndərir (O vaxt ABŞ-da bu cinsdən it yoxuydu).

Yaponiyada Keller 3-cü dərəcəli Müqəddəs xəzinə ordeniylə təltif edilir.

1838-ci ildə o, “Helen Kellerin jurnalı” (“Helen Keller’s Journal”) adlı kitabını dərc etdirir. Bu əsərində Keller Hitlerin siyasətini və Marqaret Mitçellin məşhur “Küləklə sovrulmuşlar” əsərində Cənubdakı qullara qarşı qəddarlığa münasibət bildirilməməsini tənqid edir.

İkinci dünya müharibəsi illərində Helen döyüş zamanı görmə və eşitmə qabiliyyətini itirmiş əsgərlərin müalicə aldığı hospitallara gedir.

Müharibə bitəndən bir il sonra onu Amerika Korlar Fondunun beynəlxalq əlaqələr üzrə eksperti təyin edirlər.

1946-1957-ci illərdə ABŞ Dövlət Departamentinin və Fondun maliyyə dəstəyilə Helen 35 ölkəyə səfər edir; Uinston Çörçill, Qolda Meir və Cəvahirləl Nehru kimi məşhur siyasətçilərlə görüşür; görmə və eşitmə əngəllilərin təhsil aldığı məktəblərdə olur, öz təcrübəsi və uğur hekayəsiylə şagirdləri ruhlandırır. Helen çıxıb gedəndən sonra bu məktəblərin, demək olar ki, hamısına onun adı verilir.

1948-ci ildə özünün antimüharibə proqramı çərçivsində Helen atom bombasından zərər çəkmiş Yaponiya şəhərlərinə – Xirosima və Naqasakiyə gedir. Bu darmadağın olmuş şəhərlərdə böyük sevgiylə qarşılanması Heleni çox mütəəssir edir (Onunla görüşmək üçün bütün Yaponiyadan 2 milyona yaxın adam axışıb gəlmişdi).

1952-ci ildə Keller Fransada olur, Sorbonna Universitetində təşkil olunmuş təntənəli mərasimdə ölkə prezidenti Vensan Oriol ona “Fəxri legion” ordeni verir.

Elə həmin il Livan prezidenti Bişara əl-Huri Heleni 2-ci dərəcəli “Xidmət” ordeniylə təltif edir.

1953-cü ildə Braziliyanın ABŞ-dakı səfirliyində bu ölkənin Amerikadakı təmsilçisi Uolter Moreyra Salles ona “Cənub xaçı” ordenini təqdim edir.

1954-cü ildə Helen öz həyatından bəhs edən “Məğlubedilməz” sənədli filminin çəkilişlərində iştirak edir. Rejissor Nensi Hamiltonun çəkdiyi film “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Oskar” alır.

1959-cu ildə Uilyam Gibson onun bioqrafiyasına əsasən “Möcüzə yaradan” pyesini yazır, əsər “Toni” mükafatına layiq görülür.

1962-ci ildə Artur Pennin eyni adlı filmi ekranlara çıxır, Heleni və Enni canlandıran aktrisalar – Patti Dyuk və Enn Benkfort “Oskar” mükafatına layiq görülürlər.

1979-cu və 2000-ci illərdə filmin rimeykləri çəkilir.

Helenin “Həyatımın tarixçəsi” kitabından təsirlənmiş daha bir rejissor – hindistanlı Sancay Lila Bhansali 2005-ci ildə “Sonuncu ümid” filmini çəkir.

1954-də Helen Kellerin həyatında daha bir önəmli hadisə baş verir – Harvard Universiteti ona fəxri doktor (honoris causa) dərəcəsi verir, bu universitetdə bu dərəcəyə layiq görülən ilk qadın olur.

1955-ci ildə Filippin prezidenti Ramon Masaysay tərəfindən “Qızıl Ürək” ordeninin Böyük zənciriylə təltif edilən Keller bu mükafatı alan ilk insan kimi də tarixə düşür.

Bundan başqa, onu “İtaliya Respublikasına xidmətlərinə görə” və Bernardo Oxiqqins ordenləriylə, Meksika hökumətinin medalıyla mükafatlandırılar.

Elə həmin vaxt – “soyuq müharibənin” qızğın dövründə Helen siyasi baxışlarına görə həbs edilmiş kommunist Elizabet Gerli Flinnin müdafiəsiylə bağlı açıq məktub yazır. Fondun rəhbərliyi buna görə Kelleri tənqid edir,bildirir ki, kommunistyönlü fəaliyyətini davam etdirsə, maliyyə dəstəyindən məhrum olunacaq.

1960-cı ildə Helen insult keçirir. Səhhətində yaranmış problemlərə görə artıq guşənişin həyat yaşamağa başlayır, heç bir tədbirə qatılmır.

Sonuncu dəfə Keller evindən 1961-ci ildə çıxır – Beynəlxalq Şirlər Klubunun (“Lions Clubs”) təsis etdiyi “Humanitar Şirlər Mükafatı”nı (“Lions Humanitarian Award”) almaq üçün.

Helen-Keller.jpg
Helen Keller

1964-cü ildə ABŞ prezidenti Lindon Conson xeyriyyəçilik fəaliyyətinə, əlillərin təhsili və sosiallaşması fondlarına yardımlarına; irqçiliyə, militarizmə və qadınlara yönəlik zorakılığa qarşı mübarizəsinə və Amerika Vətəndaş Azadlıqları Birliyindəki fəaliyyətinə görə Helen Kelleri “Azadlıq” medalıyla – ölkənin ən ali mülki mükafatıyla təltif edir, səhhəti yol vermədiyi üçün o, təqdimetmə mərasiminə qatıla bilmir.

1 iyun 1968-ci ildə 88 yaşlı Helen Keller Konnektikut ştatının İston şəhərindəki evində, yuxudaykən vəfat edir; nəşi kremasiya olunur, külü Vaşinqton kafedral kilsəsində dəfn edilir, mərasimə 1200-dən çox adam qatılır. Ölümündən sonra Yaponiya imperatoru Xiroxito tərəfindən 1-ci dərəcəli “Müqəddəs xəzinə” ordeniylə təltif edilir.

****

Doğrudur, görmə və eşitmə əngəlli şəxslərin uşaq sahibi olmasına o vaxtkı Amerika cəmiyyətinin mənfi münasibəti Helenin şəxsi həyatına təsir edə, ailə qurmasına mane ola bilmişdi. Amma qalan məsələlərdə bu cəsur qadın “kor bəxtinə” boyun əyməmiş və bütün dünyaya sübut etmişdi ki, insan istəyəndə və çox cəhd edəndə öz təbiətinə və taleyinə qalib gələ bilir.

Helen öz nümunəsiylə bütün dünyaya nümayiş etdirmişdi ki, fiziki qüsuru olan insanlardan uzaq durmaq lazım deyil; belələri bir çox şeyi sağlam adamlardan nəinki pis bacarmırlar, hətta daha yaxşı bacarırlar.

Onun həyat hekayəsi cəmiyyətdəki stereotiplərin qırılması, dəf edilməsi nümunəsidir. Təhsil alma üsulu spesifik pedaqogikada ciddi irəliləyişə səbəb olmuş Helen həm də əlilliyi olan şəxslərin mübarizə simvoludur.

“Bu gün Keller əlillərin qələbəsini simvolizə edən milli ikona kimi qəbul edilir” (“Cənubun tarixi jurnalı” – “The Journal of Southern History”). Doğuşdan əlləri və ayaqları olmayan Nik Vuyçiçsə öz avtobioqrafiyasında qeyd edib ki, Helenin nümunəsi onun həyatında böyük rol oynayıb.

Dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da, İsveçrədə,İspaniyada, Prtuqaliyada, Fransada, İsraildə Helen Kellerin adı verilmiş küçələr var.

ABŞ-ın Kapitol təpəsində ona bürünc heykəl qoyulub. Helenin böyüdüyü ev ABŞ-ın tarixi yerlər reyestrinə daxil edilib. Bu evdə hər il onun xatirəsinə həsr olunmuş festival keçirilir, “Möcüzə yaradan” pyesi oynanır.

Helenin anadan olmasının yüzüncü il dönümündə – 1980-ci ildə ABŞ Poçt Xidməti onun Sallivanla “barmaq əlifbası” vasitəsilə ünsiyyətini əks etdfirən poçt markası çap edib.

Həmin il ABŞ prezidenti Ceyms Karter onun doğum gününün “Helen Keller günü” olaraq qeyd edilməsi haqda qərar verib.

2003-cü ildə ABŞ-ın Alabamaya həsr olunmuş 25 sentlik xatirə sikkəsində Helen Kellerin profili əks etdirilib.

Onun adı Milli Qadın Şöhrət Zalına, Alabama Qadınları Şöhrət Zalına və Konnektikut Qadınlarının Şöhrət Zalına yazılıb. “Taym” (“Time”) jurnalı Helen Kelleri “XX əsrin 100 qəhrəmanı və kumiri” siyahısına daxil edib.

Məqaləni bu inanılmaz dərəcədə iradəli qadının hələ XIX əsrdə və cəmi 16 yaşındaykən dediyi möhtəşəm sözlərlə bitirirəm.

Karlara Şifahi Nitq Öyrədilməsi Cəmiyyətinin üzvlərinə Helen Kellerin müraciəti

8 iyul 1896

“İnadla çalışdığım zamanlarda mən bir gün bütün insanlar kimi danışa biləcəyimlə bağlı elə ecazkar xəyallar qururdum, elə möhtəşəm yuxular görürdüm ki! Anamın mənim səsimi eşidəndə necə sevinəcəyini təsəvvür etməyim hər cəhdimə zövq qatırdı, hər yeni çətinlik məni yeni zəhmətə sövq edirdi. Ona görə də danışmağı öyrənənlərə və onları öyrədənlərə bu gün bunları demək istəyirəm. Ruhdan düşməyin! Bugünkü uğursuzluq haqqında yox, sabah əldə edə biləcəyiniz qələbə haqqında düşünün. Sizin işiniz çox-çox ağırdır, amma inanın ki, israrlı cəhdləriniz sayəsində qalib gələcəksiz! Maneələri dəf etdikcə, sevinəcəksiz; yoxuşa qalxdıqca, zövq alacaqsız. Düz və rahat yolda siz bu hissləri heç vaxt hiss edə bilməzdiniz.

Bunu unutmamağa çalışaq – Xeyirə yönəlmiş səylər heç vaxt boşa çıxmır. Nə vaxtsa, hardasa, hansısa formada biz istəyimizə nail olacağıq”.

Ana səhifəXəbərlərHelen Keller – Napoleona tay tutulan eşitmə və görmə əngəlli qadın