Karantinə alınmış şəhər və rayonlarda vətəndaşlara 190 manat ödəniləcək

“Paytaxtda isə ən çox yoluxma Binəqədi, Yasamal və Xətai rayonlarındadır”.

Source: Meydan TV


Sahibkarlar isə birdəfəlik yardım paketi almayacaqlar

“21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda ödənişlər təmin olunacaq”.

Bu açıqlamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın 3 iyul mətbuat konfransında Prezidentin köməkçisi Şahmar Mövsümov səsləndirib.

Şahmar Mövsümov ödənişlərin qısa müddətdə – 2-3 gün ərzində hissə-hissə ödənilməsinə başlanacağını söyləyib:

“Ona görə hissə-hissə ödəniləcək ki, bu ödənişlərin bir qismi bank kartları ilə həyata keçirilir və bankomatların qarşısında müəyyən sıxlıq yaranır. Ona görə də bu ödənişlər hissə-hissə, həmin sıxlığa nəzarət edilməklə veriləcək. O ki qaldı sərt karantinə daxil edilən digər 8 rayona, bu barədə də müzakirələr gedir, bununla bağlı qərar qəbul olunacaq”.

Ancaq Şahmar Mövsümov sahibkarlara yenidən yardım edilməyəcəyini bildirib:

“Nazirlər Kabinetinin təsdiq etdiyi təkliflər planı çox geniş və əhatəlidir, sənəddə bir çox tədbir görülüb, bir çoxu üzrə iş isə hələ davam edir. Bura vergi güzəştləri paketi, güzəştli kreditlər, zərərçəkmiş bütün sahələr üzrə iqtisadi təsərrüfat subyeklərinə yardımlar daxildir. Ona görə biz əlavə paketə ehtiyac görmürük, hazırda iqtisadiyyata böyük həcmdə dəstək var, həm də dövlət büdcəsi çərçivəsində investisiya proqramı var və bu, ölkə iqtisadiyyatına qoyulur”.

trend_shahmar_movsumov_030720_2.jpg
Şahmar Mövsümov

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda ümumi yoluxma hallarının 55,1 faizinin Bakının payına düşdüyünü deyib:

“Paytaxtda isə ən çox yoluxma Binəqədi, Yasamal və Xətai rayonlarındadır”.

Ramil Bayramlı deyib ki, aktiv xəstələrin 57 faizi Bakıda, 15 faizi Sumqayıtda, 6 faizi Abşeronda, 3 faizi Gəncədədir.

O, yoluxmanın 1,3 faizinin xaricdən gələnlərdə aşkarlandığını bildirib.

R.Bayramlı qeyd edib ki, Oğuz, Yardımlı, Ucar, Zərdab rayonlarında yoluxma səviyyəsi aşağı, Salyan, Neftçala və İsmayıllıda yüksəkdir. Son günlər Şəki və Yevlax rayonunda da yoluxmanın artması müşahidə olunur.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”ndə bir sıra yeniliklərin tətbiq edildiyini bildirib.

Ülvi Mehdiyev bildirib ki, icaze.e-gov.az portalında 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq. Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların isə 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirəcə biləcəklər. Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icazə.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir. Əgər əməkdaşın aktiv icazəsi yoxdursa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.

Ülvi Mehdiyevin sözlərinə görə, iyulun 5-dən sonra icazə alan şəxslər öz avtomobilinin seriya nömrəsini də yazmalı olacaq.

Ana səhifəSosialKarantinə alınmış şəhər və rayonlarda vətəndaşlara 190 manat ödəniləcək