Karantində saxlanılan neftçilər narazılıq edir

Neftçilər saxlanıldıqları otellərin adını da açıqlayıblar: “Rich Hotel” və Baku Busness Hotel”.

Foto: SOCAR



Otaqlarda yataq dəstləri dəyişdirilməyib, dəsmal, sabun qoyulmayıb”

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dənizdə çalışan neftçilər işə çıxmadan əvvəl COVİD-19-a qarşı müayinə edilirlər. Dövlət Neft Şirkəti belə deyir. Bildirilir ki, onlar testin cavabı bəlli olanadək, yəni 1-2 gün ərzində karantində saxlanılırlar.

Dövlət Neft Şirkətinin əməkdaşlarının karantində saxlanılma şəraiti ilə bağlı bu günlərdə telekanallarda materiallar da yayımlanıb. Görüntülərdən məlum olur ki, otaqlar hər cür şəraitlə təmin olunub, neftçilərə gündə bir neçə dəfə yemək, su, meyvə-tərəvəz verilir.

Neftçilər isə iddia edirlər ki, ilk günlər, doğrudan da, şəraiti olan otaqlarda qalıblar, amma telekanalların çəkilişindən sonra vəziyyət dəyişib.

“Neft Daşları” NQÇ-də çalışan bir qrup neftçi karantində saxlanılma şəraiti ilə bağlı şikayət edib. Meydan TV-yə danışan neftçilər deyiblər ki, adlarını açıqlasalar işdən çıxarıla bilərlər. Onsuz da ixtisarlarla bağlı söhbətlər gəzir, buna görə də narazılıqlarını dilə gətirməkdən çəkinirlər: “İndiki vaxtda soyuq suyu da üfürə-üfürə içirik”.

Neftçilər Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına da şikayət ediblər. Təşkilatın sədri Mirvari Qəhrəmanlı bildirib ki, şikayətlə bağlı “Azneft” İstehsalat Birliyinə müraciət edib, vəziyyətin araşdırılmasını istəyib. “Neftçilər bildiriblər ki, iyunun 10-da onları virusa görə test olunmaq üçün çağırıblar. Həmin gün səhər saat 9-dan axşam saat 6-dək otelin foyesində qalıblar. Onlar qoruyucu maska, əlcək verilməyib, yemək və su ilə təmin edilməyiblər. Neftçilər kənardan yemək sifariş vermək istəyiblər, infeksiya bəhanəsi ilə icazə verilməyib. Adamlar məcburiyyət qarşısında otelin restoranına yemək sifariş ediblər. 2 pomidor, 1 yumurta üçün 7 manat, çay üçün 5 manat ödəyiblər. Yalnız axşam saat 6-dan sonra onları otaqlara yerləşdiriblər”,-Qəhrəmanlı söyləyib.

38566
Mirvari Qərəmanlı

Amma narazılıq bununla yekunlaşmır. Neftçilər iddia ediblər ki, otaqlarda yataq dəstləri dəyişdirilməyib, dəsmal, sabun qoyulmayıb. Həmçinin bir otaqda 4 nəfər olub, onlara bildiriblər ki, iki nəfər çarpayıda, iki nəfər isə döşəmədə yata bilər. Neftçilərə oteldən şəkil çəkməmək, vəziyyətlə bağlı sosial şəbəkələrdə məlumat paylaşmamaq üçün sənədə imza atdırıblar.

“Guya ki, bununla da karantin qaydaları pozulmuş hesab ediləcək və cəza işdən çıxarılmaqdır. Heç birimiz maska və dezinfeksiyaedici məhlullarla təmin olunmamışıq. 420 neftçi karantində saxlanılıb, onlar sonradan gəmi ilə işə göndəriliblər”, – neftçilərdən biri deyib.

Neftçilər saxlanıldıqları otellərin adını da açıqlayıblar: “Rich Hotel” və Baku Busness Hotel”.

Nefçilər düşünür ki, bü cür şəraitdə karantində saxlanılmaları əslində infeksiyanın yayılmasına səbəb ola bilər, çünki müayinələrin nəticəsi bəlli olmadan sosial məsafə qorunmur, adi maska belə verilmir:

“Halbuki SOCAR qara rəngli maskaların bir ədədini 2 manat 40 qəpikdən alır”.

Neftçilərin şikayəti bununla yekunlaşmır. Mirvari Qəhrəmanlı deyib ki, rayondan gələn işçilərin nəqliyyat problem də var: “Halbuki "Koronovirus pandameyası ilə mübarizə çərçivəsində biznesin davamlılığının təminatı proqramında" götürdükləri öhdəliyə əsasən rayonlardan gələn işçilərin işə gəlib- getməsi üçün nəqliyyatla təmin etməli idilər”.

SOCAR-dan Meydan TV-yə bildiriblər ki, onlara şikayət daxil olmayıb. Qurumdan əlavə məlumat vermək istəməyiblər.

Ana səhifəSosialKarantində saxlanılan neftçilər narazılıq edir