Karantin zamanı icra strukturları necə işləməlidir?

“Lakin sonradan məlum oldu ki, Binəqədi qəsəbə bələdiyyəsinin sədri xüsusi karantin rejimi zamanı saxta icazə kağızları hazırlayaraq satırmış, bu səbəbdən 3 aylıq həbs olundu”.

Source: Reuters


"Yerlərdəki bələdiyyə qurumları harasa hesabat versələr, çox yaxşı olar"

Azərbaycanda iyunun 5-dən 8-dək ciddi karantin rejimi tətbiq edilib. Marketlər, apteklər, ictimai nəqliyyat, taksi xidməti fəaliyyət göstərməyib. Şəxsi maşınla evi tərk etmək qadağan edilib. Nazirlər Kabineti yanında Operativ Qərərgahın məlumatında bildirilir ki, yalnız kritik durumlarda “102” polis xidmətinə zəng etməklə yaşayış yerini tərk etmək olar. Bu zaman xəstələr, hamilə qadınlar, yaşlı insanlar, tək yaşayanlar düşünüldümü? Onlara hansı yardımlar edildi, necə kömək göstərildi?


Ümumiyyətlə, karantin zamanı icra strukturları necə işləməlidir?

Həftə sonu karantin rejiminin tətbiq edilməsi Türkiyə Cümhuriyyətinin təcrübəsidir. Türkiyədə könüllülər, bələdiyyə nümayəndələri həmin günlərdə insanlara dəstək oldular. Yaşlı, tək yaşayan insanların qapılarını döyüb, ehtiyacları ilə maraqlandılar. Onlara lazım olan ərzağı alıb gətirdilər. Məhəllələrə çörək maşınları gətirildi, insanlar ehtiyacları olanları aldılar. Bələdiyyə əməkdaşları və könüllülər xəstələrin xəstəxanaya çatdırılmasına dəstək oldu və s.


Bəs karantin dövründə Azərbaycan bələdiyyələrinin funksiyaları nədən ibarət oldu?

Neftçala rayonunun Xolqaraqaşlı kəndindən bələdiyyə üzvü seçilən Vəfa Nağı deyir ki, Azərbaycan bələdiyyələrinin bir bəhanəsi var. Daim deyirlər ki, bizim fəaliyyətimiz yoxdur. Bir növ özlərini passiv struktur hesab edirlər. Üzərlərinə düşən bəzi işləri belə görmək istəmirlər. Bir sözlə, passivliyə öyrəşiblər:

“Odur ki, sadəcə adları var. Görünən odur ki, insanlar da onlardan ümidlərini üzüblər. Məsələn, bizim kənddə də çox sayda yaşlı, tək yaşayan insanlar var. Bələdiyyə pandemiya dövründə onlara heç bir dəstək göstərmədi”.


“Pandemiya dövründə atam evdə susuz qalıb”

Vəfa Nağının atasının da 70-dən yuxarı yaşı var. Sərt karantin rejiminin tətbiq edildiyi dövrlərdə evdə tək olub. Deyir, içməli su quyusu evlərindən uzaqdadır. Atası su gətirmək üçün çıxanda polis onu cərimələyəcəyi ilə hədələyib. Ancaq kimsə düşünməyib ki, bu insan suyu necə gətirməlidir. Nə də kimsə ona kömək əlini uzadıb:

“Beləcə günlərlə oturub evdə. Su gətirməyə gedə bilməyib və evdə su da olmayıb. Mən icra nümayəndəsinə zəng etdim. Dedim, yaşlı adamlar necə etməlidir? Dedi, biz maraqlanarıq. Sonra o, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi ilə bizə gedib. Atama “Vəfa xanıma deyərsiniz ki, biz gəlmişdik”, – deyib, gediblər. Deməli, məqsəd sadəcə mənim ağzımı yummaq olub. Belə durumlarda övladı olmayan, tək yaşayan insanlar nə etməlidir?”


“Yardımı da həqiqətən ehtiyacı olanlara vermədilər”

Vəfa Nağı deyir ki, bələdiyyə heç ayrılan yardımı da həqiqətən kasıb olan insanlara verməyib. Məsələn, karantin dövründə icra nümayəndəsi kəndə yardım göndərib. Paylanması isə bələdiyyəyə tapşırılıb. Vəfa Nağı bildirir ki, yardım həqiqətən ehtiyacı olanlara yox, bələdiyyəyə yaxın insanlara verilib:

Vəfa Nağı
Vəfa Nağı

“Orada heç nə yox idi. 1-2 kilo makaron, 1 kilo düyü, 1 kilo şəkər, qənd və s. O nədir ki, ondan da nəsə umdular. Əlləri gəlmədi ki, o yardımları həqiqətən ehtiyacı olan insanlara versinlər”.

Qeyd: Meydan TV bununla bağlı Neftçalanın Xolqaraqaşlı kəndinin bələdiyyə sədri Talıb Əhmədli ilə əlaqə saxlaya bilməsə də, bələdiyyənin mühasibi Gülağa Rzayev deyib ki, o yardımları icra hakimiyyəti və nümayəndə edib. Paylanmasını da özləri həyata keçirib. Həmin prosesdə bələdiyyənin rolu olmayıb.


“Bələdiyyənin müstəqil olması üçün gərək müstəqil seçki keçirilsin”

Vəfa Nağı isə bildirir ki, Azərbaycanda bələdiyyələr müstəqil idarəetmə orqanı olsalar, kəndin, rayonun problemlərini çözə bilərlər. Ən azından, buna cəhd göstərərlər. Ancaq bələdiyyənin müstəqil olması üçün gərək müstəqil seçki keçirilsin. Sədr səsvermə ilə seçilə, indiki halda mümkün deyil:

“Bizdə bələdiyyə seçkini önəmsənilmir. Məsələn, insanlar seçki lövhəsində adlarını görəndə anlayır ki, namizədliyi verilib. Məsələn, məktəb müəllimlərinin namizədliyi verilir. Düşünürlər ki, məktəbdə işləyirsə, üzv olmaq borcudur. Bir sözlə, bələdiyyə sədrləri əlbir işləyəcəkləri adamarı saxta namizəd kimi təsdim edirlər. Sonrakı prosesləri isə özləri aparırlar. Sadəcə say düzəlsin deyə, hər hoqqadan çıxırlar”.


“Nə mən, nə də xalq, büdcə xərclərindən xəbərdardır”

Vəfa Nağı deyir ki, sonrakı prosesdə səs toplanır, üzv seçilir. Sonra da onlara istədiklərini etdirirlər:

“Proses belə gedir. İndi keçirilən iclaslarda da üzvlərin fikri olmur. Proses 15 dəqiqə, formal keçirilir. Qərar təklif edilir, qəbul olunur və bitir. Etiraz edən, müzakirə aparan yoxdur. Bundan əlavə, büdcə hesabatı vermirlər. Bu yaxınlarda mən sədrə məktub göndərmişəm. Xahiş etmişəm ki, məni büdcə xərcləri ilə tanış etsin. Üzv kimi nə mən, nə də xalq büdcə xərclərindən xəbərdardır”.


“Bizdə bələdiyyələr torpaq satıb, yeməklə məşğuldurlar”

Vəfa Nağı əlavə edir ki, əgər seçki şəffaf olsa, bələdiyyəyə real üzvlər və başqan seçilsə, o zaman hər şey fərqli olar:

“Məsələn, bələdiyyənin kiçik bir büdcəsi olar. O büdcə ilə insanların xırda problemləri həll edilər. Daha vətəndaş hər xırda işdən ötrü icra hakimiyyətinə, millət vəkilinə, Prezident Administrasiyasına üz tutmaz. Təəssüf ki, hazırda durum belədir. Bizdə bələdiyyələr torpaq satıb, yeməklə məşğuldurlar. Həmin torpaqlara kənd insanlarının əli çatmır. İstər örüş, istər əkin torpağı olsun, lap istərsə də, yeni evli insanların ev tikmək üçün ehtiyacı olan torpaq olsun. Hamısını pulla almaq məcburiyyətindədirlər”.


“Bələdiyyələr hesabat vermir”

Vəfa Nağı əlavə edir ki, bəli, bələdiyyə torpaq satır, ancaq onlardan soruşan yoxdur ki, həmin satılan torpağın pulunu nə edir. Vəfa Nağıya görə kənd bələdiyyə başqanı üçün kommersiya dükanı, bazardır. Ərazilərini satıb, özü üçün işlədir:

“Bunun hesabını soruşan da yoxdur. Yerlərdəki bələdiyyə qurumları harasa hesabat versələr, çox yaxşı olar. Ancaq vermirlər, kefdədilər. Başlı-başlarına buraxılıblar. Yenə deyirəm, normal bələdiyyə seçkiləri keçirilsə, bundan sonra bələdiyyəyə normal səlahiyyətlər verilsə, Türkiyədən də yaxşı işləyərlər”.


“Bələdiyyələr kifayət qədər büdcəyə malik deyillər”

„Demokratiyanı Öyrənmə“ İctimai Birliyinin sədri Mirəli Hüseynov isə deyir ki, karantin dövründə bələdiyyələrin arzulanan şəkildə çalışmamasının bir neçə səbəbi var. Bu, həm də bələdiyyələrin mövcud vəziyyəti ilə izah olunmalıdır. Ölkədə bələdiyyələr real yerli hakimiyyət strukturu olmadığından problemi həll etmək üçün yetərli səlahiyyətləri yoxdur:

“Kifayət qədər büdcəyə malik deyillər. Odur ki, qarşıya çıxan belə problemləri həll etmək imkanları yoxdur. Türkiyədəki kimi iş görə bilmək üçün bələdiyyəyə həm maliyyə, həm də insan resursu lazımdır. Lakin bələdiyyədə o şərait yoxdur”.


“Sistemin düzgün olmaması bələdiyyələrin aciz və çarəsiz olmasına gətirib çıxarıb”

Mirəli Hüseynov əlavə edir ki, bu problemlər bələdiyyənin özündən də qaynaqlanmır:

2482E66B-B553-47E0-A042-F9AF83E6CB5E_cx11_cy1_cw67_w1200_r1.jpg
Mirəli Hüseynov

„Ölkədə 1600-dən çox bələdiyyə qurumu var. Ola bilməz ki, bunlardan bir neçəsi belə olsa, fəaliyyətini yaxşı təşkil etmiş olmasın. Bu, mümkün deyil. İndiki zamanda bələdiyyə insanlara yetərli deyilsə, bu, bizim bələdiyyənin kadr problemi ilə bağlı yox, bələdiyyə institutu, sistemi ilə bağlıdır. Bu sistemin təşkilində olan problemlərdən qaynaqlanır. Nəticədə, onlar bu gün problem qarşısında aciz qalıblar. Problemin kökü bilavasitə ölkədə bələdiyyə institutunun təşkili sistemindən keçir. Sistemin düzgün olmaması bələdiyyələrin aciz və çarəsiz olmasına gətirib çıxarıb”.


“Vətəndaş bələdiyyənin fəaliyyətindən xəbərsizdir”

Binəqədi bələdiyyəsinə namizəd olmuş Rəbiyyə Məmmədova isə deyir ki, bələdiyyələrin Azərbaycanda heç bir səlahiyyəti yoxdur. İstəsəydilər belə, pandemiya dövründə əhaliyə hər hansı yardım edə bilməyəcəkdilər:

untitled9.png
Rəbiyyə Məmmədova

“Elə mənim də namizədliyimi verdiyim Binəqədi qəsəbə bələdiyyəsindən danışım. Ərzaq yardımı olunurdu. Lakin sonradan məlum oldu ki, Binəqədi qəsəbə bələdiyyəsinin sədri xüsusi karantin rejimi zamanı saxta icazə kağızları hazırlayaraq satırmış, bu səbəbdən 3 aylıq həbs olundu”.

Rəbiyyə Məmmədova deyir ki, Binəqədi qəsəbə bələdiyyəsinin fəaliyyətini ancaq eyni adlı “Facebook” səhifəsindən öyrənmək mümkündür:

“Sədr tutulandan sonra isə səhifə fəaliyyətini dayandırıb, heç bir məlumat paylaşılmır. Sədrin həbs olunması indiki sədr əvəzinin kim olduğu və ümümiyyətlə, Binəqədi qəsəbəsinin vəzifəli şəxslərinin kim olması barədə bələdiyyəyə qəsəbə sakini kimi rəsmi sorğu göndərsəm də, hələlik, cavab almamışam”.

Ana səhifəSosialKarantin zamanı icra strukturları necə işləməlidir?