Kapitalist sistemdən Komunizmə şüurlu keçid mümkündürmü?

Fəlsəfi analiz

Source:
Nisə Hacıyeva
Nisə Hacıyeva
Nisə Hacıyeva banner
Nisə Bacıyeva banner


Giriş

Karl Marks (1818-1883) “Alman İdeologiyası” əsərində insanların şüurlu və şüursuz davranışlarını ayıran ilk şəxslərdəndir. O, həmçinin ondan öncə gələn Hegelin (1770-1831) fəlsəfəsindən imtina edərək insanı və şüuru mərkəzləşdirir, bugünkü insanın davranışlarını tarixə əsasən qiymətləndirir.

O, insanların digər canlılar kimi instinktlərə baş əyib, şüurunu işlətmədiyindən şikayətlənir.  Marks deyir ki, “insanın qoyundan fərqi, şüurunu instinkti ilə əvəzlənməsi və ya instinktinin şüurlu olmasıdır”. Məşhur siyasi nəzəriyyəçi və marksist Allan Woods Marksın ideologiyasında daha da dərinə gedərək, şüurun nə olduğunu izah edir və kommunizmin şüurlu seçim olacağına inanır.

Lakin o da Marks kimi şüurumuzun həyatımızı formalaşdırmasından  çox, həyatımızın şüurumuzu formalaşdırmasına inanır. Marksa görə iki cür şərait var: biri insanların özləri yaratdığı şərait, digəri var olan və qəbul edilən şərait. Bunun üçün də o düşünür ki, insanlar  öz instiktlərindən və tarixin gedişatından imtina edərək şüurlu şəkildə daha yaxşı cəmiyyət qurmalıdır.  Bunun nə qədər mümkün olduğunu analiz etmək üçün mən Alan Woodsun “Marksizm nədir” və “Karl Marksın fikirkəri” məqalələrindəki yanlışları izah etməyə çalışacağam. Eyni zamanda da  insanların instiklərinin nə olduğunu, şüurla instinktin fərqini izah edəcəyəm.


Şüurlu seçim olaraq Komunizm

Alan Woods “Marksizm nədir?” məqaləsində bütün ümidlərini işçi sinfinə bağlayır. O inanır ki, işçi sinfi həyatın həqiqi mənasını taparaq öz taleyini şüurlu şəkildə özü təyin edə biləcək. O düşünür ki, işçi sinfin həqiqətləri gizlətmək üçün heç bir marağı yoxdur, və o, kapitalizmi rədd edib marksizmdə öz qurtuluşunu axtarmalıdır və bunda da ona şüuru kömək edəcək. Bu, kapitalist sistemdən şüurlu şəkildə kommunizmə keçid olacaq.

Lakin Alan Woods məktəblərin və medianın cəmiyyətdə hakim sinfin ideologiyasını təşviq etməsindən və bununla da şüurlu sosialist ideologiyasını yox, şüursuz kapitalizmi məcburi yaymasından gileylənir.

1

Eyni zamanda da o, şüurun təkamülün müəyyən mərhələsində mərkəzi sinir sistemi və beyin inkişafı baş verərək Homo Sapiens, yəni süurlu insana keçidini qəbul edir.

2

Burada bir ziddiyət doğur.

Əgər Allan Woods insanların şüurlu olduğuna inanırsa, o zaman niyə hələ də sosializm və ya kommunizm yoxdur? Niyə kapitalist sistem şüurlu insanların şüursuz seçimidir?

İkinci məsələ: Alan Woodsun şüurumuzun həyatımızı formalaşdırmasından çox, həyatımızın şüurumuzu formalaşdırmasına inanmasıdır.  O, beynimizin müəyyən rol oynamasını qəbul edir, amma həyatımızı və tarixi azad seçimimizlə yaratdığımızı düşünmür.

3

Lakin əgər şüurumuzu digər təkamülün nəticələri ilə müqayisə etsək, görərik ki, hər iki təsir, yəni şəraitin insana və insanın şəraitə təsiri eynidir. Necə ki, şərait həyatda qalmaq üçün əllərimizi, gözlərimizi inkişaf elətdirib, eləcə də həmin əllərlə və gözlərlə biz ətrafdaki şəraiti dəyişirik. Eyni ilə şüur da.

Alan Woodsun insanın ətrafını və həyatını dəyişməsinə inanmamasına baxmayaraq, o, insanların kapitalist sistemi kommunizmə dəyişəcəyinə inanır. Lakin ondan fərqli olaraq, mən insanın ətrafını dəyişməsinə inansam da, bu dəyişikliyin kommunizm olacağına inanmıram. Çünki bizim şüurumuz daima instinktlərimiz ilə yönəldilib və yönəldiləcək. Bizim şüurumuz əllərimiz, gözlərimiz və digər üzvlərimiz və bacarıqlarımız kimi sadəcə bir məqsəd üçün çalışır. Və bu məqsəd də həyatda qalmaqdır.

İnsanın bütün xüsusiyyətləri məhz bu instinktə görə inkişaf edib və bu instinkt üçün xidmət edir. Onun üçün də Marksın təklif etdiyi kimi biz instinktlərimizdən nə imtina edə, nə də onları dəyişə bilərik.

4


Şüur və instinktlər

Şüur nədir? Şüur rasional davranış, yəni “yaxşı” və “pis” anlayışlarını, dəyərləri forrmalaşdıran nəsnədir ki, nəticə olaraq mühakimə etmə, seçim etmə və qərar qəbul etməyə kömək olur.

5

Təbii seçmə nəzəriyyəsinə əsasən, bəsit canlılar təkamülü qeyri-şüursuz keçib. Lakin biz fərqli orqanların inkişafına təkan verən, bugünkü insanı və digər canlıların hazırki vəziyyətlərinə gətirib çıxaran nəsnəni dana bilmərik. Bu nəsnə məhz həyatda qalma instinktidir.

6

Schopenhauerə görə canlılar və bitkilər arasında bir fərq var: bitkilər həyatda stimulun səyasində qalırsa, canlılar motivasiya səyasində qalır. Stimul, bitkiləri ətraf mühitin verdiyi siqnallara görə dəyişməsini təmin edir (məs. Günəşə tərəf dönən bitki). Lakin canlılarda olan bir miqdar ağıl həyatda qalmanı fəaliyyətə çevirir. Və ən nəhayət, şüurlu insan dərk etməyə, məlumat qəbul etməyə, yaddaşa sahib olduğu üçün daha mürəkkəb davranır. Daha mürəkkəb davranması insanı motivasiyadan azad göstərsə də, real olaraq bitkilər və digər canlılar kimi ətraf siqnallara instinktiv reaksiya verir.

7

Bu instinkt təkamül prossesinin özünə təkan verib və müəyyən mərhələdə şüuru formalaşdırıb.

Təkamülün şüuru formalaşdırmasına baxmayaraq, bizim istəyimiz ilk təkhüceyrəli canlılardan bu yana dəyişməz yaşamaq arzusuna fokuslanıb və bu arzunu təmin edir.  Şüur isə sadəcə bizim məlumat alma qabiliyyətimizdir. Lakin bu məlumatı dəyərləndirərkən və məlumata əsasən davranarkən, qərar qəbul edərkən biz öz instinktimizə baş əyirik.

8

Qısacası, şüurun təkamülü bizə daha çox məlumat almaqda, daha çox biliyə sahib olmaqda kömək edir ki, biz bu məlumatları və bilikləri öz əsas arzumuz üçün istifadə edək.

Şüur bizə hazırki şəraitdə adaptasiya olmaqda, daha çox həyatda qalmaqda və rəqabətdə daha güclü olmaqda kömək edir. Buna görə də, Marksın gözlədiyi kimi şüur instinktin yerini  tuta bilməz, təm əksinə şüur özlüyündə məhz instinktə görə inkişaf edir.

Hətta humanizm və altruizm kimi ideal görünən insan davranışları və ideologiyaları, həmçinin instinktlərin diktə etdiyi davranışlar və fikirlərdir. Şüurumuz vasitəsi ilə empatiya quraraq milliyyətçi, yaxud onun tam əksi kimi qəbul edilən humanist fikirlər daşıya bilərik. Milliyətçilik sadəcə humanizmin daha lokal formasıdır. Daha geniş şüura sahib olan daha dərin empatiya qura bilən milliyətçiliyi inkar edib humanizmi qəbul edir. Bir sözlə, seçim nə olur olsun, instinktlə yönlənir.  Lakin seçim edərək insan şüurun potensialına görə rasional davranır.

Bütün “yaxşı” və “pis” dediyimiz dəyərlər, “doğru” və “yalnış” mühakimələr və ideologiyalar universal deyil.  Hamısı insan beyninin məhsuludur. İnsan yoxdursa, bu fikirlər də yoxdur. Bu dəyərlər və fikirlər şəraitə, məlumata və biliyə görə dəyişir. Dəyişməz olan sadəcə bütün şəraitlərdə həyatda qalmaq arzusudur.

  1. Alan Woods and Rob Sewel, What is Marxism, 2000:

    http://www.marxist.com/what-is-marxism-economics-materialism.htm
  2. Alan Woods,

    The Ideas of Karl Marx

    , 2013:

    http://www.marxist.com/karl-marx-130-years.htm
  3. Alan Woods and Rob Sewel, What is Marxism, 2000

    http://www.marxist.com/what-is-marxism-economics-materialism.htm
  4. Karl Marx, The German Idelogy:

    Feuerbach: Opposition of the Materialist and Idealist Outlooks

    , 1932:

    https://www.marxists.org/archive/marx/works/1845/german-ideology/

  5. http://www.co-intelligence.org/Consciousness.html
  6. Richard Dawkins, The Selfish Gene,

    Oxford University Press

    , 1989, p.254

  7. Arthur Schopenhauer

    , Essay

    on Freedom of the Will

    , Cambridge University Press, 1999

  8. http://www.co-intelligence.org/CompassionEvolving.html


Davamı var…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəKapitalist sistemdən Komunizmə şüurlu keçid mümkündürmü?