Kandid kimi Xədicə

Saçlarından gələn şampun ətri belə…

Source:

Bu yaxında Volter-in “Candide ou l’optimisme”(Kandid yaxud OPTİMİZM) kitabını oxuyub, bitirdim.  Kitab mənə olduqca maraqlı və elə adı kimi optimist təsir bağışladı.  Povestdə Azərbaycan cəmiyyətindəki indiki iyrəncliklər 18-ci əsr Avropa cəmiyyətində öz əksini tapır. Ordakı ruhanilərin alçaqlıları və ikiüzlülükləri mənə, bizim tipik “mollalarımızı” xatırlatdı. Ədalətsizliklərin olduğu hər yerdə xaos və maddi-mənəvi böhran qaçılmazdır.

Təzyiqlərə rəğmən Kandid-in sona qədər öz dini-fəlsəfi inancından vaz keçməməsi, bütün şiddət və ədalətsizliklərin fonunda əsərin qəhrəmanında optimizminə sadiq qalması adamı heyrətə salır. Əsər mənim də optimizm hissimin qüvvətlənməyinə stimul verdi. Povest insana prinsipiallığı və əzmkarlığı aşılayır. Kandidin məşəqqətli səyahətinin hesabına mən də xəyalən səyahətə çıxdım. Sarsıntılarla dolu bu səyahətdə ona ruhumla yol yoldaşı oldum.

Kandidin əsərdən bir sitatı– “Mənim indi anladığıma görə, optimizm “çox pis” anlamına gələn bir sözdür, hər şey çox pis durumda olanda, “hər şey çox yaxşıdır” demək – OPTİMİZM adlanır.”

Kitab haqqında: “Kandid və ya optimizm” Volterin ən çox oxunan və təkrar nəşr olunan əsəridir. Povestin 1758-ci ildə yazıldığı ehtimal olunur və bir il sonra birdən-birə beş ölkədə “alman dilindən tərcümə” adı altında nəşr olunur. Dərhal bestsellerə çevrilir və uzun illər ədəbsiz olması bəhanəsilə qadağan olunur.

Volter özü isə bu əsəri bekarçılıqdan yazdığını söyləyib. Povest haqqında bu qədər yazmağımda səbəb var. Bu yaxında bir dostum məni “yalançı optimist” adlandırdı. Onunla artıq dost deyilik. Vurğulayım ki, münasibəti mən kəsmədim. Ona nikbin düşüncəmin qaynaq və formalaşmağımdan danışdım və həmişə mənimlə görüşəndə etdiyi şikayətlərin nəticəsində bədbin obrazla yadda qaldığını söylədim. Mən məhz bu səbəbə onun yanında optimizm mövzusunu tez-tez qabarırdım ki, dostumu özünə və mənə mənfi şüalı bədbinlikdən müəyyən qədər xilas edim.

Mən məsləhət vermirdim. Bu, mənə yaddır, həmişə həssaslıq göstərirəm ki, dediyim ifadələr məsləhət tipli olmasın. Xırda bir haşiyə çıxaq, bizdə olduqca pis tendensiya var. Əksər insanlar özlərini ixtisaslaşmış məsləhətxana müdiri kimi aparırlar. Həm də həmin məsləhətxanalar olduqcada universaldılar. Orda hər şey haqqında məsləhət eşidə bilərsiniz. Bu səbəbə görə özlərini hər kəsdən haqlı hesab edən “müdirlərin” nüfuzu yox dərəcəsindədir. Elə özüm də həmin “müdrik” məsləhətlərə toxam.

Mən sadəcə həyatın gözəlliyini çətinliklərin, məhrumiyyət və məhdudiyyətlərin içində də olsa gördüyümü, duyduğumu söyləyirdim. Nəticədə psevdooptimist təsir bağışladım. Bəlkə də, yanaşmam düz deyil, nə bilim.. Bildiyim odur ki, riyakarlıq etmirəm və inancım, prinsiplərimdən ibarət optimist düşüncəmə ürəyim və ruhumla sadiqəm.

Bir çox şəxslər ölkəmizin ağır ictimai-siyasi-sosial həyatın məngənəsində olduğuna görə gələcəyə optimist çalarlarla baxmağı cəfəngiyyat hesab edir. Hətta həmişə yazılarına optimist prizmadan yanaşan publisistlərin də, son vaxtlar nikbinlik eynəyinin çatladığını açıq hiss etmək olur. Bu hala üzülürəm və dua edirəm ki, onlar kimi olmayım. Bu yola girmisənsə, gərək sona qədər gedəsən. İstənilən halda onları qınamıram. Görünür, yorulublar. Arzu edirəm ki, hər şey könüllərincə olsun.

Kandid kimi, çox şükür, hər şeyin yaxşı olacağına inamım itmir. Bilirsiniz, ehtiraslı inam insana fövqəlbəşər hadisələrin öhdəsindən gəlməyinə səbəb olur. Əsərdə Kandidin məhz o cür inancı sonda onların günəşli və xoşbəxt günlərə gəlib, çıxmaqlarına vəsilə oldu.

Mən əlilliyimə və vasitə kimi istifadə etdiyim əlil arabama fəlakət kimi baxmıram. Təbii ki, hökümətin bərabər hüquq anlayışının olmamasına görə, infrastrukturun, nəqliyyatın qeyri-müəssər durumunun qurbanına çevirilib, bir növ ev dustağı kimi yaşayıram. Əlil arabasının mənfi gücü işsizliyimə, sağlığıma, istədiyim vaxt istədiyim yerə getməyimə təsir etsə də, ruhuma çox təsir etməyib.

Mən vətəndaşam. Öz haqlarımı bilib, lazımı yerdə tələb edənlərdənəm. İnsanlarımızı əlillik sahəsi üzrə az da olsa, bilgiləndirməyim mənə görə çox önəmlidir. İşıqlı günlər uğrunda mübarizə prosesində bilgiləndirmələrimlə xörəkdə az da olsa, duzum olubsa, nə mutlu mənə.

Valideynlərimi aldığım travmanın şokundan çıxartmışam. Həqiqətən, yaxşı düşünəndə, yaxşı olur. Məsələn, bu gün əsəblərim üst-üstə yığılan ictimai və fərdi qayğılara görə ətrafa brilliant kimi parıltı verirdi. Hətta evdəkilər də bunu hiss edirdi. Bir az da keçsəydi, kimisə dilimlə zəhərləyəcəkdim. Bu isə, mənə görə yolverilməz haldır. Özümə asta-asta bir neçə dəfə dedim ki, hər şeyin yaxşı olacaq, sakitləşdim. Həyətə çıxmağa imkan olmasa da, ruhum kəpənək kimi xəfiflədi və özümü əla hiss etdim.

O dəfə facebook-da bir qız dostum yazmışdı ki, “Özümü kiçik hadisələrlə xoşbəxt edən biriyəm. Küləyin vurub, saçlarımı uçurmağı nəticəsində saçlarımdan duyulan şampun ətri məni xoşbəxt edir”.

Haqsız yerə  7 il 6 ay azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Xədicə İsmayıl hər dəfə həbsdən ictimaiyyətə məktub ünvanlayanda yazır ki, “Mən yaxşıyam, nigarançılığa əsas yoxdur. Hazırda ən əsas mübarizəni davam etdirməkdir. “Hər şey bitdi, heç nə düzəlməyəcək” deyə bədbinliyə qapılan dostlarım da var yəqin. Mənim də nə vaxtsa bədbinliyə qapılmaq üçün səbəblərim olub. Amma hər dəfə köməyimə çatan prinsiplərim olub”.

Düşünürəmki, azadlıqda olan insanların Xədicə xanımın həbsdən yazdığı ifadələrdən sonra bədbinliyə köklənməsi günahdır. Prinsiplərimizə xəyanət etməyək, lütfən. Hər şey yaxşı olacaq!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəKandid kimi Xədicə