“Kanalların sayının artması televiziyaların özlərinə ziyan olur”

Nuşirəvan Məhərrəmli: “Televiziya kanallarının reklam bazarının artmasına çalışmalıyıq”

Source:


Nuşirəvan Məhərrəmli: “Televiziya kanallarının reklam bazarının artmasına çalışmalıyıq”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli hazırda Azərbaycanda yeni televiziya kanallarının yaradılmasına ehtiyac görmür.

APA-nın məlumatına görə, N.Məhərrəmli jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan kimi əhalisi, ərazisi olan ölkələr üçün mövcud sayda televiziya kanalları yetərli və qənaətbəxşdir.

N.Məhərrəmli bildirib ki, televiziya kanallarının sayının artması bütün televiziya kanallarının özlərinə ziyan olur: “Çünki reklam bazarı, maddi-texniki baza və auditoriya ilə bağlı vəziyyət ürəkaçan deyil. Lakin gələcəkdə hər hansı zərurət yaranarsa, yeni televiziya kanalları da açıla bilər”.

Telekanalların efirində yol verilən qüsurlara gəlincə, N.Məhərrəmli qeyd edib ki, indiyə qədər MTRŞ telekanalların yaradıcılıq siyasətinə qarışmayıb: “Amma qanunvericiliyə son dəyişiklikdən sonra MTRŞ bu sahədə işlərini daha da artıracaq, telekanallarda gedən verilişlərin kontentinə ciddi fikir verəcək. Hesab edirəm ki, bu, bizim üzərimizə düşən ən məsuliyyətli işlərdən biridir. Yaxın vaxtlarda MTRŞ-in Monitorinq şöbəsinin araşdırmalarının nəticəsinə uyğun olaraq addımlar atacağıq. Hansı televiziya kanalında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, televiziya və radio yayımı haqqında qanunvericiliyə uyğun olmayan verilişlər olacaqsa, o verilişlərlə bağlı qərar qəbul ediləcək. Amma biz hesab etmirik ki, bu səlahiyyətləri almaqla televiziya kanalları üzərində bir “Domokl qılıncı” olmalıyıq. Sadəcə, hər kəs öz işini qanuna uyğun şəkildə həyata keçirməlidir”.

N.Məhərrəmli televiziya və radio kanallarındakı mövcud vəziyyətin MTRŞ-i çox narahat etdiyini vurğulayıb: “Bəzən Azərbaycanda televiziya və radio yayımı sahəsində vəziyyəti qonşu ölkələrlə, xüsusən Rusiya və Türkiyədə telekanalardakı verilişlərin keyfiyyəti ilə müqayisə edirlər. Mən də istərdim ki, Azərbaycan telekanallarında televiziya verilişlərinin səviyyəsi o ölkələrdəki kimi yüksək olsun. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan telekanallarında reklamın 1 dəqiqəsinin qiyməti təqribən 1000-2000 manat arasındadırsa, Türkiyədə və Rusiyada bu məbləğ 50-60 min dollar arasındadır. Təbii ki, bu qədər fərq arasında yüksək keyfiyyət göstərmək çətindir. Ona görə də hər dəfə televiziya kanallarını tənqid ediriksə, onların real vəziyyətinə də baxmalıyıq. Çalışmalıyıq ki, televiziya kanallarının reklam bazarı artsın. Çox təəssüf ki, Azərbaycanda reklam bazarı çox aşağı səviyyədir. Çalışmalıyıq televiziya kanalları daha çox gəlir əldə etsinlər ki, daha keyfiyyətli verilişlər ortaya qoysunlar”.

N.Məhərrəmli qeyd edib ki, reklam bazarındakı mövcud böhran vəziyyəti tək Azərbaycana deyil, bütün dünyaya təsir edir: “Hesab edirəm ki, bu, keçici haldır və yaxın vaxtlarda bu sahədə ciddi dəyişiklər olacaq”.


“Kanalların hamısı bir-birinə oxşadığına görə onların rəngi görünmür”

MTRŞ sədrinin söylədiklərini Meydan TV-yə şərh edən müstəqil telejurnalist Qulu Məhərrəmli bildirib ki, o, sədrlə televiziya kanallarının kəmiyyət etibarı ilə çox olması fikriylə razıdır. Amma bu kanalların hamısı bir-birinə oxşadığına görə televiziya kanallarının rəngi görünmür. “Televiziya kanalları auditoriyanın tələbatını ödəmək üçün yaradılır. Problem ixtisaslaşmış kanalların özünü doğrultmaması, auditoriyanın tələbatından geri qalmasındadır. Kanallar da fikir müxtəlifliyini təmin etmək üçün çox olmalıdır, müvafiq qanun da bunu tələb edir, ancaq bizim kanallarda fikir müxtəlifliyi yoxdur- deyə, Qulu Məhərrəmli bildirir.

Qulu Məhərrəmli şura sədrinin reklamla bağlı fikirlərini belə izah etdi ki, reklam bazarı sərbəst yox, yönəldilən olduğundan televiziyalar problemlə üzləşir: “Əslində, Nuşirəvan Məhərrəmli reallıqdan çıxış edib. Düzdür, şura kanalların məzmununa müdaxilə edə bilməz, amma İTV-dən qanunda qoyulan yayım prinsiplərinə əməl olunmasını tələb edə bilər. Yaxud Az.TV qarşısına yalnız təbliğat deyil, cəmiyyəti məlumatlandırmaq priinsipini qoya biləcəksə, o zaman şura vəzifəsini yerinə yetirə biləcək. Əks təqdirdə, özəl kanallar hədəfə alınacaq. Bu kanallar isə yaşamaq uğrunda mübarizə aparırlar”.

Milli-mənəvi dəyərlərə gəlincə, Qulu Məhərrəmli bu anlayışın bir az mücərrəd olduğuğunu dedi: “Bunun üçün qanunvericilikdə izahat olmalıdır. Tutaq ki, fəlsəfi baxımdan necədir, yaxud teleradio kontekstində necə olacaq? Bizdə milli-mənəvi deyəndə, daha çox davranış nəzərdə tutulur. Amma milli-mənəvi dəyər daha geniş anlayışdır və hamı ona əməl etməlidir. Əgər bir kanal pornoqrafiya göstərir və biz susuruq, başqa kanalda qısa ətəklə çıxana etiraz ediriksə, bu, artıq fərq qoymaqdır. Milli-mənəvi dəyər millətin psixologiyasını doğru-dürüst formalaşdırmaqdır, tamaşaçının dünyagörüşünə mənfi təsir etməməkdir. Ona görə qanun mücərrəd ifadələr qəbul etmir, qanunda vicdan, ədalətli anlayışı yoxdur. Amma mənəvi prizmadan bunların tərifləri və ölçüləri var. Məncə, MTRŞ-in birinci vəzifəsi dövlətin yayım siyasətini tənzimləməkdir, ikinci, bütün kanalları mövcud qanunlara riayət etməyə çağırmaqdır, müəyyən mənada da məcbur etməkdir”

Ana səhifəXəbərlər“Kanalların sayının artması televiziyaların özlərinə ziyan olur”