Telejurnalistlər kanalların hadisələri işıqlandırmasından narazıdır
Telejurnalist Qulu Məhərrəmli telekanalların dekabrın 4-də “Günəşli” yatağındakı qəzanı işıqlandırmasından məyus olub.
Bu barədə Meydan TV-yə açıqlama verən telejurnalist bildirib ki, 5 ballıq şkalanı götürəndə kanalların bu yöndə fəaliyyətinə 2 düşür: “Çünki hadisələr dəqiq işıqlandırılmadı, informasiyalar qeyri-dəqiq verildi, hətta yayılan məlumatlarda qeyri-müəyyənlik oldu. Yəni çox bəsit şəkildə işıqlandırıldı. Ona görə kanalların son 2-3 gündəki fəaliyyətini qeyri-qənaətbəxş hesab edirəm”.
Qulu Məhərrəmli təəssüflənib ki, telekanallar ekstremal vəziyyətdə mənzərəni işıqlandıra bilmir. Hətta bu sahədə ənənəsi olan tv-lərin fəaliyyətində geriləmə hiss olunur.
Onun həmkarı Çingiz Sultansoy kanalları ardıcıl izləməsə də, bəzi
proqramlara baxdığını dedi: “Məsələn, ANS-də ARDNŞ vitse-prezidenti Xoşbəxt Yusifzadənin jurnalist Mirşahin Ağayevə müsahibəsinə baxdım. Müsahibədə ciddi, kəskin, peşəkarlıqdan xəbər verən sual eşitmədim, daha çox malalayan suallar gördüm. Bu, həqiqət axtaran jurnalistika deyil”.
Çingiz Sultansoy deyir ki, 4 dekabrdan sonra televiziyalar və saytların fəaliyyəti onların məlumat axtarmadıqlarını aydınlaşdırdı: “Yəni bu cür media orqanları yalnız ötürülən, sızdırılan və tapşırılan informasiyanı yaymaqda fəaldırlar. Ancaq özlərinin informasiya axtarmaq meyli yoxdur. Mən araşdırmanı qoyuram kənara, onsuz da son 10 ildə bu televizyalar və saytlar araşdırma etmirlər, araşdırma informasiyanı axtarıb tapmaq, müqayisə etməkdir. Bunlar isə ötürülən kompromatları yayırlar. Necə ki, oktyabrın 17-dən sonra Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra bu elektron mətbuat, saytlar və bəzi qəzetlər üstünlüyü ötürülən məlumatlara verdilər, nəinki özləri axtardı. Ona görə kanallara baxıb, vaxt itirməyə ehtiyac durmuram”.