***
Sumqayıtda itkin düşən 10 yaşlı Yusif Davudzadənin meyiti Ceyranbatan su anbarından tapılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Yusif Davudzadənin axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. İlkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudzadənin itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
***
"Hiss edirik ki, axtarışı dayandırmaq istəyirlər”
10 yaşlı Sumqayıt sakini Yusif Davudzadə 3 gün öncə, sentyabrın 1-də Samur Abşeron kanalına düşüb. 4 gündür ki, uşağın axtarışları nəticə vermir.
Bu barədə Meydan TV-yə Yusif Davudzadənin yaxınları məlumat veriblər. Aİləsi onun axtarışının təşkilindən narazıdır.
Uşağın dayısı Tural Cavadlı deyir ki, Yusif əmisi uşaqları ilə kanalın Sumqayıt ərazisindən keçən tərəfində həmişə oynayıb. Qəti heç vaxt suya girməyib. Valideynləri buna izin vermir. Yıxılmağı da ehtiyatsızlıq səbəbindən olub, ayağı sürüşüb:
"Özü yaşda əmisi uşaqları da orda olublar. Onu çıxara bilməyiblər. Yıxılan kimi su aparıb. Bu gün 4-cü gündür ki, uşağı tapa bilmirlər. Fövqəladə Hallar Nazirliyi (FHN) guya axtarır. Ancaq onun axtarmağı bizi qane etmir. Əvvəla deyək ki, belə bir axtarış üçün kanalın suyu bağlanmalı, suyun səviyyəsi aşağı salınmalı idi. Etmirlər, veclərinə də deyil. Başdangetdi, üzdən axtarırlar. Hiss edirik ki, axtarışları dayandırmaq istəyirlər".
Yusif Davudzadənin ailəsi Prezident İlham Əliyevdən kömək istəyir. Deyirlər ki, başqa yolu yoxdur, ancaq o göstəriş verərsə, axtarışlara ciddi yanaşa bilərlər.
"Xahiş edirik, FHN-ə axtarışları lazımi şəkildə aparması üçün göstəriş verəsiniz. Çünki prosesə ciddi yanaşmadıqları hiss olunur. Biz bilirik ki, o uşağın sağ qalmaq ehtimalı aşağıdır. Heç olmasa, nəşini tapıb ailəsinə təhvil versinlər. Belə çox ağırdır, çox çətindir. Valideyninin ürəyi dözmür, sakitləşdirə bilmirik. Xahiş edirik, səsimizi eşidin və bizə kömək edin", – uşağın dayısı söyləyib.
Tural Cavadov deyib ki, çox yox, heç olmasa, bir günlük kanalın suyunu bağlasınlar. O düşünür ki, bunu ilk gündən etsəydilər, indiyə çoxdan tapılmışdı:
"Belə girmək olmur suya. Çox gur və sürətlə axır. Çətindir həm bizə, həm də axtarış aparan qrupa. Niyə işi belə görürlər, anlamıram".
Yusif Davudzadənin ailəsi axtarışlara etiraz etmək üçün Ceyranbatan Su Anbarının başlanğıcında toplaşıblar. Onlar etiraz əlaməti olaraq yolu bağlamaq istəyirlər. Deyirlər ki, bundan başqa heç cürə səslərini eşitdirə bilmirlər:
"Çarəsizik, çox çarəsiz. Ürəyimiz yanır, çox bədbəxt hadisədir başımıza gələn və biz deyirik ki, heç olmasa meyiti tapıb bizə təhvil versinlər. Bunlar isə işə elə formada yanaşır ki, bizim ümidimiz hər keçən saat bir az da azalır. Başqa cür diqqətləri bu hadisəyə cəlb edə bilmirik. Odur ki, toplaşmışıq, bəlkə bir çarə düşünərlər".
Fövqəladə Hallar Nazirliyindən günlərdir axtarışların davam etdirildiyi deyilib. Bildirilib ki, lazım olan bütün tədbirlər görülür. Ailə indi həssas durumdadır və hər şeyin tez olmasını istəyirlər: "Əlimizdən gələni edirik".