Kanada Nazirlər Kabineti və diskriminasiya

“Nəcib məqsəd” güdən ayrı-seçkilik…

Source:

Diskriminasiya – diskriminasiyaya məruz qalanlar ondan faydalananda da diskriminasiyadır. İzah edim.

Məsələn, Azərbaycanda qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi qadağandır. Bu, diskriminasiyadır.Qadınlara fərqli baxırlar, onlar da bundan faydalanırlar, amma yenə də ayrı-seçkilikdir.

Diskriminasiya adətən ona görə pisdir ki, insanlar üçün bərabər şərait yaradılmasına mane olur, insanlara özlərindən asılı olmayan xüsusiyyətlərinə görə qiymət verir (dərisinin rənginə, cinsinə, xarici görünüşünə, milli mənsubiyyətinə, seksual oriyentasiyasına, dininə və s.).

İndisə, keçim bir müddət əvvəlki orgiyaya – Kanadanın yeni hökumət tərkibi. Xəbər belədir: “Kanadada yeni hökumət qurulub. Yeni Nazirlər Kabineti 15 qadın və 15 kişi olmaqla bərabər bölünüb. Həmçinin hökumətdə 2 hindistan əsilli, 1 əfqan əsilli müsəlman, 1 ateist, 1 Nobel mükafatlı alim, 1 siyasi mühacir, 1 aktivist, 1 xərçəng xəstəsi, 1 gözdən əlil, 1 fiziki məhdudiyyətli əlil arabasında olan vətəndaşlar nazir təyin olunublar.”

Başdan ayağa pafosdur… Pafosun cavab verə bilməyəcəyi suallar çıxır ortaya: Bəlkə, ölkəni daha yaxşı idarə edə biləcək komandada 20 qadın, 10 kişi olacaq və ya 29 kişi, 1 qadın?! Amma Justin Tredau (Kanadanın indiki baş naziri) hesab edir ki, ən yaxşı komanda seçilməli deyil, 50/50 olmalıdır. Axı, bu 50/50 tətbiqi ilə yaxşı komandada olmalı olan digər 5 qadının və ya 14 kişinin haqqına girilmiş olur?!

“Mütləq müsəlman olmalıdır” – bu məntiq, ümumiyyətlə, müsəlmanlara təhqirdir. Suallar çıxır: “Müsəlmanlar xəstədir? Gerizəkalıdır?”Yaxud gözdən əlil, xərçəng xəstəsi.“Vəzifə mükafatdır? Bu əlillər, yaxud ölümünə az qalmış adamlar hədiyyə alırlar?”Sanki onların başına vurulur ki, “siz o qədər bədbəxtsiniz, “bərabərlik” adı altında sizə vəzifə veririk ki, özünüzü bir az xoşbəxt hiss edəsiniz”.

Buna oxşar nümunə ABŞ-da olub. 1960-larda irqi ayrı-seçkiliyə qarşı mübarizə çərçivəsində indi Kanada Baş Nazirini tərifləyənlərin çoxunun söydüyü ABŞ Prezidenti Lindon Conson 1965-ci il 24 sentyabrda podratçı şirkətlərin üzərinə belə vəzifə qoydu ki, onlar irqi azlıqları işə cəlb etməyə çalışmalıdırlar. 2 il sonra Conson bu azlıqlara qadınları da əlavə etdi. Bunlara affirmativ tədbirlər (affirmative action) deyilirdi. Bu tədbirlərin tərəfdarları və əleyhdarları arasında mübahisə vardı. Belə tədbirlərin dairəsi böyüdü, universitetlərdə qaralara kvota ayrılmasına qədər gedib çıxdı.

Nəticədə Kaliforniyada tibb universiteti 100 nəfərlik vakansiyanın 16-nı qaralara ayırdı. Nəticədə 85-100-cü nəticələr göstərmiş ağlar universitetə qəbul edilmədilər. ona görə də qəbuldan kənarda qalan bu ağlardan biri tələbə Allan Bakke universiteti məhkəməyə verdi. Kaliforniya Ali Məhkəməsi universitetin bu kvota proqramını tamamilə qanunsuz elan etdi. ABŞ Ali Məhkəməsi isə Bakkenin fakultəyə qəbul edilmək hüququnu tanıdı.

Bu qərarda qeyd edilən bəzi prinsiplər Kanada məsələsində də əhəmiyyətlidir. İnsanlara münasibət bərabər olmalıdır. İrqi kvota isə bu bərabərliyi pozur. Kiməsə dərisinin rənginə, cinsinə, mənşəyinə görə vəzifə vermək həmin irqə, cinsə, mənşəyə malik olmayanların həmin vəzifəni tutması hüququnu məhdudlaşdırır. Yəni azlıqlar üçün kvota həmişə çoxluğun hüquqları hesabına təmin edilir.

Universitet iddia edib ki, ayrı-seçkilik “nəcib məqsəd” güdüb. Amma məhkəmə haqlı sual edir: hər kəsin mənşəyi, irqi, cinsi qabardılıb kvota müəyyən ediləcəksə, çoxluq adlandırılanlar özləri azlıqda qalacaqlar. Məsələn, bu halda ABŞ-da anqlo-saks protestantlardan başqa hər kəs kvota tələb edə bilər, nəticədə məhz anqlo-saks protestantlar azlıq olacaqlar.

Bundan başqa məhkəmə qeyd edib ki, bir qrupa imtiyaz vermək cəmiyyətdə həmin qrupun özünün nəyəsə nail olmaq sahəsində bacarıqsız olması barədə stereotipi yalnız möhkəmlədə bilər. Yəni Kanadada son Kabinet tərkibi ilə qadınların, qaçqınların, əlillərin, müsəlmanların… özlərinin nazir ola bilməməsi barədə ümumi fikir yaradılır və ya möhkəmləndirilir.

Bundan başqa kvota bəzi vakansiyaları bəzi şəxslər üçün rəqabətdən azad edir. Məsələn, Kanadalı kişilər yalnız 15 nazir yeri uğrunda mübarizə apara bilərlər, 30 yox. Çünki digər 15-i mütləq qadın olmalıdır. Bu, ayrı-seçkilikdir. Çünki insanlar cinsiyyət orqanlarının növünə görə yox, qabiliyyətlərinə, problem həlletmə bacarıqlarına və s.-ə görə nazir olurlar (və ya olmalıdırlar). Həm də, məsələn, 1 yer ateistlərə ayrılıb. Amma ateistlər üçün digər yerləri tutmaq da qadağan deyil. Buna baxmayaraq, ateist olmayan şəxsə həmin bir yeri tutmaq qadağandır. Anormallıq aşkar görünür məncə.

Yəni insanın azlığa, hətta ayrıseçkiliyə məruz qalan qrupa mənsub olması uzaqbaşı onun hansısa vəzifəyə seçilməsi və ya təyin olunması üçün üstünlük ola bilər, lakin həlledici ola bilməz. ABŞ Ali Məhkəməsi hakimi Luis Pauel (Lewis Powell) bunun klassik keçid həllini tapıb: irqi mənsubiyyət imtiyaz almaq üçün əsas ola bilər, amma çoxsaylı əsaslardan yalnız biri ola bilər.

Kanadaya qayıtsaq, indi Kanadada Kabinetdə olduğu vurğulanan qrupların heç biri xüsusi təzyiqə, təcridə, bir sözlə 60-ların ABŞ-ında qaralarınkı kimi ayrıseçkiliyə məruz qalmır.

Hətta belə ayrı-seçkilik olsa da, dövlətin pozitiv öhdəlikləri var. İnsanların hüquqlarını təmin etmək üçün dövlət əziyyət çəkməlidir, hüquqları pozulmamış insanlar yox. Hər yerdə olduğu kimi, Kanadada da dövlətin pozitiv öhdəliyi bərabər şəraitin yaradılmasıdır ki, hər kəs öz qabiliyyətinə uyğun olaraq, öz yerini ala bilsin. Mən bilən, Kanadada artıq belə şərait var. Məsələn, Bosniya və Herseqovina, İraq, Livan kimi ölkələrdə rəhbər vəzifələr xalqlar, dini məzhəblər arasında bölünür(dü). Çünki onlarda müharibə olub, yüz minlərlə insan bu qruplar arasında nifrətə görə öldürülüb. Belə çıxır ki, Kanadada eyni nifrət Kabinetdəki qruplar arasında var?!

Əksinə, Kanadada olan şərait harada varsa, orada insanlar əfqan, hindistanlı, müsəlman, qadın, gay, qaçqın, əlil, xərçəng olmalarından asılı olmayaraq, qabiliyyətlərini realizə edə bilir, lazım gəlsə, nazir də olurlar. Yoxsa Kanadanın indiki Kabinetinin bu rəngarəng tərkibinin qabardılması belə təsəvvür yaradır ki, Kanadada hazırda əfqan, hindistanlı milliyətindən olmayan, fiziki cəhətdən tam sağlam, müsəlman və ateist olmayan, heteroseksual , nəsli yerli kanadalı olmuş, aktivist olmamış, nobel mükafatı almamış kişilərin diktaturasıdır.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəKanada Nazirlər Kabineti və diskriminasiya