Kamran Mahmudov: ””Bakıya qayıtmalısan” – dedilər”

”Daxili İşlər Nazirliyi bu il aprelin 27-də ölkədən çıxışıma qadağa qoyub”

Source:


”Daxili İşlər Nazirliyi bu il aprelin 27-də ölkədən çıxışıma qadağa qoyub”

Jurnalist Kamran Mahmudov sərbəst buraxılıb. Bu barədə Meydan TV-yə danışan jurnalist bildirib ki, özü də saxlanılmasının və sərbəst buraxılmasının səbəblərini bilmir:

“Sərhəddə məni saxladılar. Axtarışda olduğum üçün polis bölməsinə təhvil verilməli olduğumu dedilər. Bölmədə də heç nə bilmədiklərini söylədilər. Yalnız onu öyrənə bildim ki, Daxili İşlər Nazirliyi bu ilin aprelin 27-də ölkədən çıxışıma qadağa qoyub. Amma səbəbini izah etmədilər. “Bakıya qayıtmalısan”, – dedilər. Jurnalist qarşılaşdığı durumla bağlı məhkəməyə müraciət edəcəyini bildirib”.

İyunun 22-də jurnalist Kamran Mahmudov Gürcüstana gedərkən saxlanıb. Ona saxlanılmasının səbəbi tam olaraq izah edilməyib. İlkin olaraq axtarışda olduğu deyilib. Onun vəkili Cavid Rzazadə Meydan TV-yə Kamran Mahmudovun saxlanaraq Qazax Rayon Polis İdarəsinə aparıldığını deyib.

Vəkil öncədən Kamran Mahmudova axtarışda olduğu barədə heç bir məlumat verilmədiyini söyləyib.

K.Mahmudov AzadlıqRadiosunun Bakı ofisi bağlananadək bu radioyla əməkdaşlıq edib. O, daha sonra “Kanal 13” internet televiziyasında çalışırdı. Ancaq onun axtarışda olma səbəbi, saxlanması barədə rəsmi orqanlardan açıqlama almaq, hələlik, mümkün olmayıb.

“Kanal 13” internet televiziyasının Bakı filialının rəhbəri və icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib. İyunun 2-də isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi inzibati cəzasının başa çatdığı gün Ə.Orucova Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi Rayon Məhkəməsinin qərarına görə, Ə.Orucov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Orucov ittihamları qəbul etmir və həbsinin “Kanal 13” internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirir.

“Kanal 13” 2008-ci il oktyabrın 10-dan yayımlanırdı. Müdafiə tərəfi bildirir ki, ofisdə axtarış zamanı bütün kompüterlər götürüldüyündən internet televiziyasının işinə maneə yaranıb.

Ana səhifəXəbərlərKamran Mahmudov: ””Bakıya qayıtmalısan” – dedilər”