“6 şəxs cinayət başında tutulub, 32 cinayət işi açılıb”
“Korrupsiya ilə bağlı qaynar xəttə ötən il 5492 müraciət daxil olub. Korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında tutulub. Araşdırmalar əsasında 32 cinayət işi başlanıb”, – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin sözləridir.
APA yazır ki, Kamran Əliyev yanvarın 16-da keçirdiyi mətbuat konfransında həmin müraciətlərin 23-ü üzrə cinayət işi başlandığını deyib:
“Müraciət edən vətəndaşların pozulmuş hüquqları bərpa edilib. Aşkarlanan pozuntuların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib. 2015-ci illə müqayisədə daxil olan müraciətlərin sayında 1700 azalma var”.
Kamran Əliyev keçirilmiş əməliyyatlar nəticəsində axtarışda olan 24 şəxsin tutulduğunu bildirib:
“Hesabat dövründə 480 cinayət işinin ibtidai istintaqı aparılıb. Dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Hazırda istintaq idarəsinin icraatında 116 cinayət işinin araşdırması gedir. Cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub”.
Kamran Əliyev məhkəməyə göndərilmiş cinayət işlərindən də danışıb:
“Bu işlər üzrə vurulmuş 202 milyon 629 manat ziyanın 33 milyon 249 manat və ya16,6 faizinin ödənilməsi təmin edilib. Qalan məbləğin ödənməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulub”.
Kamran Əliyev əlavə edib ki, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dəymiş ziyanı təqsirləndirilmiş şəxs qismində ödəsəydi, indi məhkəmə qarşısında olardı.
O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə bağlı bir işin məhkəməyə göndərildiyini, 11 nəfərlə bağlı işin isə ayrıca icraata götürüldüyünü söyləyib.