Kamal Abdullaya cavab: H.Cavid ”ilan balası” kimi

Dil nə üçünsə deyildir, nə varsa dil üçündür…

Source:

Dilimizin türkiyəcə qarşısında düşməyə başladığı “kəndçi” statusu haqqında son zamanlar az qala qışqıra-qışqıra, silsilə məqalələr yazıram. Bakıdan isə heç bir reaksiya gəlmir. Ədəbiyyat saytlarını işlədənlər, ola bilsin sizin özünüzün bu müzakirələrə qoşulmağa biliyiniz çatmır, bəs nə üçün bircə yol da olsun kimdənsə bu mövzuda bir fikir soruşmadınız, rəy istəmədiniz, polemika açmadınız? Ədəbiyyatın dillə azacıq bağlılığı olmalıdır, deyəsən, yox?

Belə saytlardan birinin “Xəbəriniz var? Ağalar Cavidi təhqir eləyib!” təqdimatı ilə mövzudan bixəbər adamları üstümə fısqırtmasının mahiyyəti nədir? Mən deyim nədir.

Bu, mübarizədir, sıradan çıxarma mübarizəsi, qabağını alma mübarizəsi, səsi eşidilməsin deyə dərc etməmək və süni xor düzəldərək təkləmək, beləliklə gözdən salma əməliyyatı, virtual daş-qalaq, gizli rəqabət döyüşü, çapan atın qabağına nizə uzatmaq fəndi. Səbəblər bunlardır. Sizi nə intellektual polemika, nə dil, nə də Cavid maraqlandırır. Sizi mən maraqlandırıram.

Qaldırdığım problemi K.Abdullaya ağıllı-başlı yolla çatdırmaq, ondan bu məsələyə münasibət bildirməsini istəmək, beləliklə, güclərimizi, əməklərimizi birləşdirməyə vasitəçilik etmək olardı. Ancaq beyindən çolaq doğulmuş və buna görə də ömürlük paxıllığa məhkum edilmiş miskin bir böcək K.Abdullanı üstümə məni döysün deyə gətirib.

***

K.Abdulla da müsahibəsində az qala hər sualın cavabında mənə təhqir və kin qusaraq, məni tanımaza-bilməzə, oxumaza-anlamaza türk dəyərlərinə nifrət edən adam, hansısa siyasi oyunun bir parçası, bolşevik, ləyaqətsiz və s. kimi olmazın yarlıqlarla xarakterizə edib qoyub. Sözün düzü, bu kompleksli yekəxana məmur-yazıçını, ya da o biriləri çox da qınamalı deyil, “Filankəs filankəsi söyüb” formasında aravurucu qarıların üsuluyla ortaya atılmış məsələyə münasibət başqa necə olmalı idi. Ancaq hər halda gələn dönüm bir az ehtiyatlı olsun deyə bir-iki sözüm olacaq K.Abdullaya.

Müsahibələrində ona qarşı yazılmış bütün tənqidləri “hədyan” adlandıran, öz tənqidçilərini açıq-açığına “qanmayıblar” deyə xarakterizə edən, özü haqqında “Mən bilən, Kamal Abdulladan kənarda ədəbi proses yoxdur” deyən bu adam özünün vəhhabi mahiyyətini mənə sırışdırır, mövqeyimi “ədəbi vəhhabilik” adlandırır.

Mən buradaca dayanıb, onun müdafiə etdiyi Cavidin uşaqlar üçün məlum şeirini xatırladıram ona: “…– Bu dünyada sənin ən çoq sevdiyin, Kimdir quzum söylərmisən? – Ən çox sevdiyim ilkin, O allah ki, yeri-göyü, insanları xəlq eylər. – Sonra kimlər? – Sonra onun göndərdiyi elçilər. – Başqa sevdiklərin nasıl, yoqmu? Var… – Kimdir onlar? – Annem, babam, müəlliməm, bir də bütün insanlar…”

(H)İerarxiyaya diqqətlə baxın: Allah, sonra 124 min peyğəmbər sürüsü, ardınca ata-ana, nəhayət ən sonda elm və insanlıq! Vəhhabi şeirini kim yazıb, bu şeiri uşaq kitablarına kim salıb, vəhhabiliyi ölkəmizdə kim becərir, görürsünüzmü?! Ötən məqalələrimin birində yazmışdım: Demokratiya – islamın lənətlədiyi müşriklikdir (plüralizm); totalitarizm – islamın təbliğ etdiyi tövhiddir (monoteizm). İndi vicdanınızla deyin, hansımız vəhhabi düşüncə səpkisinə yaxınıq, mən, ya Cavid və siz?

K.Abdullaya təklifim budur: meydan.tv saytının arxivindən, ya da mənim bloqumdan (

https://agalarmammadov.wordpress.com

) dil mövzusunda ard-arda yazdığım beş məqaləmi bir-bir tapıb oxusun, sonra danışaq. Yoxsa, qalmaqal janrında danışmağı o özünə yaraşdırsa da, mən o səpkidə polemika etmək istəmirəm. Elə buna görə də, ona özümə yaraşan münasibət bildirim, onun vəziyyətinə düşməyim deyə, həm də öz mövzumdan sapmayım deyə bu məqaləni yazmamışdan qabaq internetdə onun dil mövzusunda dişədəyən düşüncələrini axtarıb oxudum.

K.Abdulla deyir: “Mən Azərbaycan dilinin potensialında yazıram.” O, elə bilir “ona elə gəlir” kimi bir cümlə qurmursa, ərəbcə “əhvalat” sözündən “əvvəlat” sözü yaradırsa, ərəbcə “insan” sözünə naməlum “-san” şəkilçisini artırıb “insansan” neoloqizmi yaradırsa və s. deməli, artıq potensialda yazır.Mən soruşmaq istərdim ondan: Azərbaycan dilinin potensialında yazdığını iddia edən bir yazıçı öz yazıçı ömrü boyunca dilimizin yuxuya getmiş hansısa bir arxaizmini oyandırıbmı? Elə Dədə Qorqutun dilindən: imrənmək, imrəncə, inaq, udlu, ayıtmaq, çavlanmaq, yom, toxunc… Bircə dənəsini də oyatmayıb!

Bu adam dilimizin filoloqudur, akademikdir, 40 ildir dədəqorqutşünaslıq eləyir, ancaq “Bəyrək” adını hələ də “Beyrək” yazır. Bu adam hələ də başa düşə bilməyib indi oxuyacaqlarınızı: “boylu”, “bayraq”, “bay”, “böy(ük)” kimi sözlərlə doğma olan “bəy” sözünün özül-denotativ mənası hündürlük, yüksəklik, ucalıq; derivativ-konnotativ mənasıysa zənginlik deməkdir. -raq, -rək sonluğuna gəldikdə, M.Kazımbəyin də yazdığı kimi, türk dillərində bu sonluq sifətin üstünlük dərəcəsini bildirir: artıqraq – daha artıq deməkdir, böyükrək – daha böyük deməkdir və s. Beləliklə, bəyrək – daha hündür, daha yüksək, daha uca, daha zəngin, bir sözlə, daha bəy, bəydən üstün deməkdir. Azərbaycan dilinin potensialında yazdığını iddia edən bizim bu dədəqorqutşünas isə bu sözü 40 ildir “Beyrək” kimi yazır. Əzbərçi olduğu üçün, köçürdüyü üçün, düşünmədiyi üçün.

Türk dillərinin, bu sıradan Azərbaycan türkcəsinin prepozisional dil deyil, postpozisional dil olduğu bəllidir. Bu, ədatların, qoşmaların, bağlayıcıların aid olduqları sözlərdən qabaq (pre) yox, sonra (post) dayanması qaydasıdır; məsələn, “sənin üçün” birləşməsində “üçün” qoşması “sənin”dən sonra (post) dayanır. Buna görə də “Nə üçün?” kimi bir suala ana dilimizin sintaksisi ilə “Hava isti olduğu üçün” kimi bir cümləylə cavab verilməlidir, “Çünki hava istidir” cümləsiylə yox. “(Ü)Çünki hava istidir” kimi bir cümlədə “çünki” xəbərdən qabağa (pre) qoyulmuş olduğu üçün, bu cümlə tipik fars sintaksisi ilə qurulmuş olur. “Mən Azərbaycan dilində yox, onun potensialında yazıram” deyən yazıçının romanları cümləbaşı “çünki”lərlə, başqa sözlərlə desək, fars sintaksisiylə qurulmuş cümlələrlə doludur.

Yeri gəlmişkən, maraqlananlar üçün deyim: Cümlədaxili “ki”lərdən qurtulmaq yetmir, cümləbaşı “çünki”lərdən də əl çəkməliyik. Potensiala yaxınlaşmaq belə olur.

K.Abdullanın dilinin saysız problemləri var: “nə üçün?” ilə “niyə?”ni fərqləndirmədən yazır; “hansı” ilə “hankı”nı ayırd etmədən yazır və s. Mənim burada bu bir-iki misalla göstərmək istədiyim budur: K.Abdullanın “Mən Azərbaycan dilinin potensialında yazıram” deməsi üçün “bir qılca(n)” da (M.Füzuli) haqqı yoxdur. Sadəcə olaraq, onun dilimizin potensialı haqqında təsəvvürləri çox dardır. Ancaq yenə də “Mən Azərbaycan dilinin potensialında yazıram” deyəcəksə, bu artıq onun həm də həyasının səviyyəsini göstərəcək.

***

Keçək Hüseyn Cavidə.

Hər gün minbir yerdə dindarlar M.F.Axundovu söyürlər. Cınqırını da çıxaran yoxdur. Ancaq Cavidə dillənmək olmaz. Niyə? Cavid – hakim klanın sevimlisi olduğu üçün. Korrupt nazirlərdən birinin maliyyəsi ilə işləyən saytlardan birinin çobanının tez yüyürüb dövlət məmuru K.Abdulladan müsahibə almasının səbəblərindən biri də budur. Yazıçı-məmur özü bunu ədəbi səpkidə boynuna alıb: “Cavidin daşı ağırdır.”

Yazıçı dil üçündür, dil yazıçı üçün deyildir. Nəsimilərdən, füzulilərdən bu xalqa nə qaldı? Ancaq dil. Ədəbiyyatın birinci işi dildir. Xalq da dili üçündür. Ümumiyyətlə, dil nə üçünsə deyildir, nə varsa dil üçündür. Azərbaycan ədəbiyyatının bu günkü acınacaqlı halı dilə əhəmiyyət verməməsindəndir. “Başqa xalqlarda düşünmənin (fəlsəfənin – A.Q.) geri qalması – o xalqların öz dillərindəki səsi eşidə bilməməklərindəndir” (M.Heidegger). Bizim boşbeyin bambılılar isə Türkiyə dil idarəsinin kabinetlərində yumurtlanmış önəm, özəl, açıqlamaq kimi gic-gicə sözləri yazılarında işlətməklə özlərini modern sanırlar; elə bilirlər belə yazanda türkiyəlilər onları oxuyur.

Cavidin güclü sandığı dil qarşısında buncan sıyılmasını; Azərbaycan türkcəsinə ağız büzüb onu osmanlıcanın ayağına verməsini; Konyada oturub farsca yazan Mövlana kimi, Gəncədə oturub farsca yazan Nizami kimi, Bakıda oturub osmanlıca yazmasını; öz xalqını saya salmayıb onun üçün yazmamasını; öz şairliyini “cırıq-mırıq” azərbaycanlı kəndlisinin dilinin tərəqqisi üçün sərf etməməsini niyə “O, ortaq türkcə yaradırdı” kimi təqdim edirsiniz? Osmanlıca nə zamandan türkcə adlanır? Bəyəm, Azərbaycan dili türkcə deyil? Türkiyədən başqa bu boyda Turanın harasında türklər “ana”ya “annə” deyiblər, deyirlər, deyərlər? A bunu müdafiə etmək olar?!

Açıq-aydın: Cavid osmanlıcanın Azərbaycanda qulbeçəliyini eləyirdi, özü də baş qulbeçəliyini. Azərbaycan türkcəsini ikinci sort dil sayıb, türkiyəcə qarşısında toyuqlanan indiki publisist, yazıçı, şair və başqalarının baş qulbeçəsi Caviddir (bundan qabaqkı məqalələrimdə danışdığım toyuq hekayəsini xatırlayın). Həmin ənənədir. Cavidin qulbeçəliyini müdafiə edənlərə fikir verin: Çoxusu mən deyən həmin o toyuqlardır, türkiyəcəyə toyuqlananlar. Siz məni Cavidi təhqir etdiyimə inandığınıza görə təhqirə layiq görürsünüz, mən də Cavidi dilimizi saya salmadığına görə osmanlıcanın qulbeçəsi adlandırmağa layiq görürəm.

Xalqını “mənim cırıq-mırıq qardaşlarım” deyə çağıran M.Cəlil isinmək üçün əlyazmalarını yanan ocağa atanda Cavid M.Bağırova balkonu dənizə baxan evdə yaşamaq üçün xahişnamə yazırdı. (Görəsən, bu məktubu da osmanlıca yazmışdı?) H.Cavid o dövrün Anarı, Çingizi, Kamalı idi; iddia və təşəxxüsləri zəka və ləyaqətlərindən çox olan meşşanlar. Şəxsən mən bunların hamısını keçərəm Cavidə, Sibirdə donması da ürəyimi yırtır, ancaq Azərbaycan türkcəsini osmanlıcadan aşağı tutmasını bağışlamaq olmur.

Seçilmək üçün özü ilə başqaları arasında süni dil baryeri yaradan adamlar dilin şeyxnəsrullahlarıdır. Azərbaycanlı bir şairin “yuxu”nu “uyqu”; “qorxuram”ı “qorquyorum”, “ana”nı “annə” və s. yazmaqla diqqət cəlb edəcəyinə inanması üçün nə qədər çiy və kal olması lazımdır. Cavid yeniyetmə şüurunda idi.

Ana dilimiz məsələsində Cavid bizim üçün ən yaxşı halda “döşünün altında sevən bir ürək, dilinin altında zəhər tuluğu” gəzdirən “ilan balası” idi. Bu, acı həqiqətdir.

***

Gələk, mənim “vaxtında repressiya edilməsəydi” yarımcümləmə.

O yarımcümlə belə də qurula bilərdi: vaxtında qonşusu tərəfindən bıçaqlanıb öldürülməsəydi, vaxtında həyat yoldaşı tərəfindən qısqanclıq zəminində qətl edilməsəydi, vaxtında suda boğulmasaydı, vaxtında iflic keçirib yazmağı dayandırmasaydı və s. Bəyəm, indi belə yarımcümlələr qonşusu tərəfindən bıçaqlanmağa haq qazandırır, ya həyat yoldaşını qısqanclıq zəminində öldürməyə, bəlkə həyatın fatalist-dini şərhinə?

Həmin məqalədə belə bir cümləmi də oxumusunuz: “Cavidin osmanlıca danışığının Azərbaycan dili üzərində təsirini azaldan faktorlardan başlıcası Sovet ideologiyasının pantürkizmə düşməncəsinə yanaşması oldu, əks halda, indiyə Azərbaycan türkcəsi osmanlıcanın gününə düşmüşdü.” Onda belə çıxır mən bu cümləylə də sovetin antitürkizmini müdafiə etmişəm, ya alqışlamışam?!

O yarımcümlədə müəyyən bir fəaliyyəti yarıda kəsən hansısa tarixi-təsadüfi səbəb göstərilir; o səbəb qəbul edilib, alqışlanmır, “ay nə yaxşı oldu” deyilmir.

“Vaxtında” – o vaxt, həmin vaxt, vaxtı-zamanında deməkdir. Beləliklə, “Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi”: O vaxtı repressiya nəticəsində ölməmiş olsaydı, yəni vaxtı-zamanında bu proses dayan(dırıl)mamış olsaydı, dilimizi zibilləməyə davam edəcəkdi.

Sizi qınamalı da deyil, mənə qarşı nifrət qatranınız yaman qatıdır, özü də bu qatran nə üçünsə gündən-günə qatılaşır, nə qatılaşır; bu da mənim cümlələrimi, hətta bir yarımcümləciyimi belə sevincək pisə yozmaq üçün sizə preloqik təsir göstərir.

Ana səhifəMənim FikrimcəKamal Abdullaya cavab: H.Cavid ”ilan balası” kimi