“Savor” Bill Qeyts tərəfindən açıq şəkildə dəstəklənir
Kaliforniyada fəaliyyət göstərən “Savor” startapı inək südündən əldə edilən ənənəvi kərə yağına alternativ – karbon qazından hazırlanan “kərə yağı” təqdim edib.
“The Guardian”ın yazdığına görə, şirkət iddia edir ki, onların yağının dadı faktiki olaraq real kərə yağından fərqlənmir.
“Savor” karbon qazı, hidrogen və oksigendən yağ molekullarını yaradan xüsusi termokimyəvi proses nəticəsində belə demək mümkünsə, havadan yağ hazırlayıb.
Şirkətin baş icraçı direktor Katlin Aleksander bildirib ki, “Savor” artıq onlarla insanla qeyri-rəsmi dequstasiyalar keçirib və yaxın gələcəkdə daha rəsmi genişmiqyaslı araşdırma aparmağı planlaşdırır.
“Savor” startapı “Microsoft”un qurucusu və dünyanın ən zəngin adamlarından biri Bill Qeyts tərəfindən açıq şəkildə dəstəklənir.
Hələ bu ilin fevralında o, öz bloqunda “Savor” haqqında “Bu yağın hazırlanmasında heç bir istixana qazı istehsal edilmir, əkinçilik sahəsindən istifadə olunmur və ənənəvi kənd təsərrüfatının suyunun mində birindən azı istifadə olunur”, – deyib.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, heyvandarlıq məhsulları qlobal istixana qazı emissiyalarının 14,5%-ni təşkil edir.
“Savor” deyir ki, onun kərə yağının karbon izi hər kaloriyə görə 0,8 qram karbon qazından azdır – bu, ənənəvi 80 faizlik kərə yağının karbon izindən üç dəfə azdır.
“The Guardian” isə yazır ki, istənilən halda istehlakçıları bu cür sintetik yağlara keçməyə inandırmaq çətin olacaq.