Çeçenistan Prezidenti Ramazan Kadırov 17 qohumu və tərəfdaşını, həmçinin 5 uşağını bir sıra orden və fəxri adlarla təltif edib.
OC Media yazır ki, Kadırov bu mükafatları dekabr ayının 25-də, öz teleqram kanalında yerli televiziya xəbərlərinin müşayiəti ilə elan edib.
Mükafat alanlar arasında Kadırovun 4 qızı, həmçinin onların həyat yoldaşları yer alır.
Kadırovun böyük qızı və Çeçenistanın Baş nazir müavinlərindən biri olan Ayşat Kadırova “Sosial sahədə fəxri işçi” adına layiq görülüb.
Onun həyat yoldaşı, həmçinin Baş nazirin digər müavinlərindən biri və kənd təsərrüfatı naziri Vişxan Matsuev isə “Çeçenistan Respublikasına xidmətlərinə görə” medalı ilə təltif olunub.
Çeçenistan Katibliyinin birinci müavini, 24 yaşlı Xədicət Kadirova “Gənclər siyasəti sahəsində əməkdar işçi”, səhiyyə naziri olan həyat yoldaşı Adam Alxanov isə “Əməkdar səhiyyə işçisi” adına layiq görülüb.
Katibliyin başqa bir müavini, Çeçenistan səhiyyə sektorunun nəzarətçisi, 22 yaşlı Xutmat Kadırova “Şərəf” ordeninə layiq görülüb.
Onun həyat yoldaşı, Çeçenistanın İcbari Sığorta Ərazi Fondunun direktorunun birinci müavini Lom-Ali Sadulayev sosial sahədə “Əməkdar işçi” adı ilə təltif edilib.
Nəhayət, dövlətdə vəzifə sahibi olmayan, 20 yaşlı Təbərik Kadırova atasından “Əməkdə fərqlənməyə görə” fəxri nişanı; onun həyat yoldaşı və Gənclər Nazirliyinə rəhbərlik edən Ramzan Vismuradov isə təşəkkür məktubu alıb.
Ramzan Kadırovun oğlu və Çeçenistanın idman naziri olan 19 yaşlı Əhmət Kadırov mədəniyyət sahəsində “Əməkdar işçi” adına layiq görülüb.
Övladları ilə yanaşı, Ramzan Kadırov əmisi oğlu və Çeçenistan Təhlükəsizlik Xidmətinin katibi olan Xəmzat Kadırova “Çeçenistan Respublikasına xidmətlərinə görə” medalı verib.
Digər qohumu və mədəniyyət naziri olan İsa İbrahimov isə Çeçenistanın keçmiş Prezidenti, Ramzan Kadırovun atasının xatirəsinə ithaf edilmiş “Axmet-Xədji Kadirovun xatirəsinə” medalı ilə təltif edilib.
Kadırovun qohumlarından başqa, onun respublika rəhbərlində yüksək vəzifə sahibi olan bir neçə yaxın adamı da mükafatlandırılıb.
Çeçenistanın Vergi Xidmətinin rəhbəri Said Tumaxadziyevə, maliyyə nazirinin müavini Süleyman Cünayevə “Axmet Kadırov” ordeni verilib.
Çeçenistanın Baş nazir müavini Maqomed Davudova “Əmək fəaliyyətinə görə” fəxri nişanı təqdim edilib.
Respublika və hökumət başçısı administrasiyasının rəhbəri Qalas Taymazxanov “Çeçenistanın Əməkdar iqtisadçısı” adına layiq görülüb.
Mükafatlandırma mərasimi 2024-cü il ərzində Çeçenistanın əldə etdiyi nailiyyətlərin nəzərdən keçirilməsi üçün geniş tərkibdə keçirilən iclasa təsadüf edib.
Ümumilikdə Kadırov ailəsinin 100-ə yaxın üzvü Çeçenistanın müxtəlif dövlət vəzifələrinə sahibdir.
Rusiyanın müstəqil media orqanı olan “Vertska”nın məlumatına görə, son il yarım ərzində Ramzan Kadırov və onun ailəsi 54 müxtəlif dövlət mükafatı alıb.
Ramzan Kadırovun özü 100-dən çox medal, orden və müxtəlif dərəcəli titullar alıb, o cümlədən fəxri stomatoloq və aqronom adları ilə təltif edilib.
O, hazırda “Rusiya Qəhrəmanı” tituluna malikdir, həmçinin Daxili İşlər Nazirliyinin general-mayoru xüsusi rütbəsi, eyni zamanda, general-polkovnik hərbi rütbəsi daşıyır.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.