Kəlbəcər və Laçın rayonlarında noyabrın 28-dən başlayan yanğının qarşısı hələ alınmayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) dekabrın 4-də yaydığı açıqlamada deyilir ki, Kəlbəcər və Laçın rayonlarında yanğınla mübarizə tədbirləri davam etdirilir.
Məlumata görə, yanğının söndürülməsinə iki helikopter cəlb edilib.
Yanğın 8 gündür ki, davam edir. Əvvəlcə yanğın Kəlbəcərdə başlayıb və Laçın şəhərinə keçib.
Noyabr ayının 28-də Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya əsasən, Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirib.
Həmin gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğınla bağlı Kəlbəcər Polis Şöbəsinin əməkdaşları də əraziyə cəlb olunublar.