2022-ci ildə İran dünyanın jurnalist həbsxanasına çevrilib
Dünya üzrə həbsdə olan jurnalistlərin sayı son 30 ilin ən yüksək həddindədir.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) dekabrın 14-də yaydığı hesabatda belə deyilir.
CPJ-nin illik həbsxana siyahıyaalmasına görə, bu il dekabrın 1-də rekord sayda – 363 jurnalist dəmir barmaqlıqlar arxasında olub.
Təşkilat qeyd edir ki, bu, 2021-ci illə müqayisədə 20 faiz artım deməkdir.
Azərbaycanda həbsdə olan jurnalistlər
CPJ-nin siyahısına Azərbaycandan KİM TV internet televiziyasının aparıcısı Abid Qafarov və “Xəbərman”, “Press.az”ın rəhbəri Polad Aslanov düşüb.
Abid Qafarov bu ilin iyulunda böhtan və təhqirdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib. Lakin özü ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
O deyir ki, Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırılıb.
“Tərtər işi” azərbaycanlı hərbçilərin Ermənistanın xüsusi xidmət orqanları üçün “casusluq” ittihamlarını əhatələyir. Bu iş yenilənib, onlarla hərbçiyə bəraət verilib.
Dövlətə xəyanətdə suçlanan Polad Aslanova isə 16 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Onun cəzası bu ilin fevralında 13 ilə endirilib.
Polad Aslanov da ittihamları qəbul etmir, özünü təqsirsiz sayır və sırf jurnalist fəaliyyətinə, DTX əməkdaşlarının korrupsiya əməlləri haqda materiallar yayımladığına görə cəzalandırıldığını bildirir.
Azərbaycan rəsmiləri də tez-tez açıqlamalarında fəaliyyətinə görə heç bir jurnalistin cəzalandırılmadığını deyir. Lakin beynəlxalq qurumlar, təşkilatlar hökumətlə eyni fikirdə deyil. Azərbaycanla bağlı hesabatlarda təməl azadlıqlar kimi media azadlığının da tam təmin olunmadığı qeyd edilir.
İranda 62 nəfər jurnalist həbsdədir
CJP-nin hesabatında bildirilir ki, İran dünya ölkələri arasında həbsdə olan jurnalist sayına görə 10-cu yerdədir.
Bu ölkədə dekabrın 1-də həbs edilən jurnalistlərin sayı isə 62 nəfər olub:
“Rejim nümayişlər haqqında həqiqəti əks etdirən xəbərlərin qarşısını almaq üçün rekord sayda qadın jurnalisti həbs edib. Belə ki, etirazlar başlayandan bəri həbs edilən 49 jurnalistdən 22-si qadındır”.
Çin, Myanma (Birma), Türkiyə və Belarus
Hesabatda deyilir ki, jurnalist həbslərinə görə İrandan sonra Çin, Myanma (Birma), Türkiyə və Belarus gəlir. Bu ölkələrin avtokrat liderləri daim mətbuatı susdurmağa çalışır.
CPJ prezidenti Jodie Ginsbergin sözlərinə görə, həbsxanalarda rekord sayda jurnalistin olması dünya miqyasında demokratiyanın aşınmasını əks etdirən böhrandan xəbər verir:
“Builki həbsxanaların siyahıyaalınması göstərdi ki, hökumətlər mətbuatı cəzalandırmaq üçün ittihamlara, hüquqi strukturlardan sui-istifadəyə əl atırlar. Faktiki xəbərləmə işini kriminallaşdıran, qarışıq ifadələri qanunvericiliyə salırlar. Bu il 131 halda həbsə atılan jurnalistlərə heç bir rəsmi ittihamın irəli sürülmədiyi məlumdur”.
“Jurnalistikanın kriminallaşdırılması həbsdə olan şəxsdən çox cəmiyyətə də təsir göstərir. Məsələn, ictimaiyyətin təhlükəsizliyini, məlumatlılığını və səlahiyyətlərini qorumağa kömək edən mühüm xəbərlər boğulur, insanlara çatmır”, – deyə o qeyd edib.
“131 iş üzrə heç bir ittiham yoxdur, jurnalistlər əsassız həbsdədir”
Hesabatda o da qeyd edilir ki, hökumətlər mətbuatı cəzalandırmaq üçün cavab ittihamlarına və hüquqi strukturlardan sui-istifadəyə əl atır. Məsələn, bunun üçün xəbərləri cinayət hesab edən qeyri-müəyyən ifadələrlə qanunlar hazırlayırlar:
“Narahatedici məqam odur ki, 131 iş üzrə heç bir ittiham qeydə alınmayıb və bu, jurnalistləri dəmir barmaqlıqlar arxasında yatmağa vadar edib”, – hesabatda bildirilir.
“Uzun hüquqi proseslər və həbs cəzaları jurnalistləri susdurmaq üçün üsuldur. Bu, mediaya inamsızlıq yaradır, hakimiyyət üçün sui-istifadə hallarının çiçəklənə biləcəyi mühit formalaşdırır”, – Ginsberg bildirib.
Türkiyədə kürd jurnalistlərin həbsi
CPJ qeyd edir ki, İraq, İran və Türkiyədə kürd jurnalistlərin həbsi, onlarla rəftar bu qrupa qarşı sistematik təqibi ortaya çıxarır.
Əfqanıstan da 12 illik fasilədən sonra CPJ-nin reytinqinə qayıdıb. Bu ölkədə 3 jurnalist həbsdədir.
Ötən il Taliban qruplaşması hakimiyyətə qayıdandan ölkədə mətbuat azadlığı sahəsində də ciddi geriləmə yaşanmağa başlanıb.
Çində 43, Myanmada 42, Vyetnamda 21 jurnalistin həbsdə olduğu bildirilir.
Amerika qitəsində həbsdə olan jurnalistlərin sayı azdır – Nikaraquada iki, Kubada bir, Qvatemalada bir jurnalist həbsdədir. Ancaq 2022-ci ildə ABŞ-da 12 jurnalistin saxlanıldığı, dekabrın 1-dək buraxıldığı xəbər verilir.
CPJ Avropa və Orta Asiyada mətbuat azadlığının hücuma məruz qaldığını da vurğulayır.
Təşkilat qeyd edir ki, Türkiyədə 40, Belarusda 26 jurnalistin həbsdə olduğu ilə bağlı məlumatlar var.
Qarışıq mətbuat azadlığı rekorduna malik, inkişaf etməkdə olan və regionun başqa yerlərindən getdikcə daha çox sürgün edilmiş jurnalistlərə ev sahibliyi edən Gürcüstan ilk dəfə siyahıyaalmada yer alıb. Bu ölkədə hazırda bir jurnalistin həbsdə olduğu qeyd edilir.
Çində 43 jurnalist həbs olunub. Myanmada 42, Vyetnamda 21. Medianın sıxışdırılması bu ölkələri dünyanın ən pis cinayətkarları sırasına daxil edib.
Avropa və Mərkəzi Asiya
CPJ bildirib ki, bütün Avropa və Mərkəzi Asiyada mətbuat azadlığı hələ də hücuma məruz qalır.
Türkiyə 2003-cü ildə həbs edilən jurnalist Hatice Duman bu ölkənin ən uzun müddətdir həbsdə olan jurnalistidir.
2021-ci ildə olduğu kimi Belarusda 26 jurnalist həbsdədir.
Bu say Belarusu dünyada 5-ci yerə yüksəldib. Rusiya 19 həbs edilən jurnalistlə səkkizinci yerdədir.
CPJ qeyd edir ki, 2022-ci il xüsusilə acınacaqlı olsa da, onların vəkilləri dünya üzrə azı 130 həbsdə olan jurnalistin vaxtından əvvəl azadlığa buraxılmasına kömək edib.