Hökumət mediasına həkim və tanınmış şəxslərin virusa yoluxması ilə bağlı xəbər hazırlamağın qadağan olunduğu bildirilir
Azərbaycanda koronavirusdan vəfat edən tibb işçilərinin sayı 50-ə yaxınlaşır. Avqustda daha bir neçə həkimin COVİD-19 infeksiyasından vəfat etdiyi bildirilir.
Həkim Gülnar Məmmədova Meydan TV-yə bildirib ki, vəfat edən tibb işçilərinin əksəriyyəti koronaviruslu xəstələri müalicə edərkən infeksiyaya yoluxub.
Meydan TV-nin əldə etdiyi məlumata görə, “Nəbz” klinikasının həkim-nevroloqu Qərib Məmmədov və onun həyat yoldaşı, Bakıdakı apteklərin birində əczaçı işləyən Elmira Məmmədova COVID-19 infeksiyasına yoluxub. Məmmədov əvvəlcə Elmi -Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna, vəziyyəti ağırlaşandan sonra Neftçilər Xəstəxanasına, oradan da özəl klinikaların birinə köçürülüb. Lakin Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, avqustun 19-da vəfat edib.
Məmmədov əvvəllər 26 saylı şəhər poliklinikasında çalışıb.
1 saylı Klinik Tibbi Mərkəzin (“Semaşko”) üz-çənə cərrahiyyəsi şöbəsində işləyən həkim Qənirə Əhmədova da bu ay koronavirusdan vəfat edib. Əhmədova infeksiyaya yoluxmuş xəstələrin müalicəsində iştirak edib.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının həkimi İsmət Məmmədov da koronavirusa yoluxub, tibbi müdaxilələrə baxmayaraq Məmmədov vəfat edib.
Avqustda vəfat edən həkimlərin arasında 18 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi Novruzəli Novruzov da var. Həkim xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
İndiyədək 1000-dən çox tibb işçisinin COVID-19 infeksiyasına yoluxduğu bildirilir. Ötən ayadək infeksiyaya yoluxmuş həkimlərin müalicəsinin nəzarətə götürülməsi ilə bağlı həm sosial şəbəkələrdə, həm də mətbuatda çoxsaylı müraciətlər yazılırdı. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) olan mənbə Meydan TV-yə deyib ki, bir aydır, hökumət mediasında çalışanlara koronavirusa yoluxan və o cümlədən vəfat etmiş tibb işçiləri, eləcə də tanınmış şəxslərlə bağlı məlumat verilməsi qadağan edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın tədbirlərində də jurnalistlərə yoluxmuş tibb işçiləri ilə bağlı sual verilməməsi tapşırılıb.
Qərargahın avqustun 8-də keçirilən tədbirində TƏBİB-in xəstəliklərin kontrolu və profilaktilası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, indiyədək COVID-19-dan ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub. Ölən tibb işçilərinin arasında COVID xəstəxanalarında çalışanlar, yəni infeksiyalı xəstələrlə birbaşa əlaqədə olanlar azlıq təşkil edir.
Mənbə deyib ki, mətbuatda indiyədək 8 təcili yardım stansiyası həkiminin ölümü ilə bağlı məlumat verilib.
Həkim Gülnar Məmmədova isə deyib ki, koronavirusdan vəfat edən həkimlərə xüsusi status verilməsi, həmçinin ailələrinə birdəfəlik yardım edilməsi ilə bağlı təkliflər müzakirəyə çıxarılmayıb. Hətta, həkim qruplarında infeksiyaya yoluxmuş həmkarlarının müalicəsinin dövlət nəzarətinə götürülməsi ilə bağlı çağırışlara da kəskin reaksiya verilir:
“Bizim maaşlarımıza əlavələr düzgün hesablansın və vaxtında ödənilsin. Artıq başqa istəyimiz qalmayıb. İyul ayının əlavələrini almayanlar var”.
TƏBİB-dən Meydan TV-nin sorğusuna cavab verilməyib.