“Jurnalistlərə ev payladılar, əvəzində qəzet köşklərini dağıtdılar, budur dərinləşmə”

Media, siam.pukkato/Shutterstock

Ekspertlər medianın indiki durumunu dəyərləndirir

İyulun 21-də Medianın İnkişafı Agentliyinin “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” konfransında bir sıra məruzələr olsa da, “mediada nələr dəyişdi” sualı yenə açıq qaldı.

Bugünkü suallar mətbuatın reklam bazarının durumu, hökumətin azad jurnalistikaya münasibəti, müstəqil medianın gələcək istiqaməti ilə bağlı olsa da, adıçəkilən tədbirdə bu barədə danışılmadı.

“Son illər mediaya inam və etibar itdi”

Meydan TV-nin bu barədə suallarını cavablandıran media eksperti Rizvan Qənbərli hesab edir ki, son bir neçə ildə media, jurnalistika əsas funksiyalarını və özünü tənzimləmə mexanizmlərini itirdi:

“Bu tənzimləmə mexanizmi siyasi və iqtisadi cəhətdən mediadan kənar güclərin əlinə keçdi. İkincisi, dünya təcrübəsində jurnalistika inandırıcılığı və etibarlılığı ilə qiymətləndirilən peşədir. Bizim cəmiyyətdə isə mediaya inam və etibar itdi”.

Rizvan Qənbərlinin sözlərinə görə, son illərdə media-dövlət münasibətlərini tənzimləyən şəxslər sırasında dəyişikliklər olub. Bu da jurnalistikanın funksiyalarında dəyişiklik yaradıb:

“Bəli, xəbər qurumlarının, jurnalistlərin sayı artdı. Lakin medianın etibarlılığında, inandırıcılığında, keyfiyyətində hər hansı artıma səbəb olmadı”.

“Nə qədər dərinləşib geriyə düşmüşüksə, bunun iki qatı qədər geriyə düşəcəyimizi düşünürəm”

Medianın perspektivinə gəlincə, Qənbərlinin sözlərinə görə, son 10 ilin gedişatı bütün dövlətlərin media üzərində nəzarəti gücləndirməyə çalışdığını göstərir:

“Bunu bəzən dijital texnologiyanın yaratdığı fürsətlərdən istifadə edərək daha rahat gerçəkləşdirirlər. Bəziləri isə ənənəvi sərt siyasi menecment alətlər hesabına nail olurlar. Yəni önümüzdəki 10 ili siyasi qüvvələrin media üzərində siyasi nəzarəti gücləndirmək üçün hər şeyi edəcəyini düşünürəm. Ancaq sırf Azərbaycan üzərindən baxdıqda, 10 il əvvəlki səviyyə ilə indiki səviyyəni müqayisə edəndə, nə qədər dərinləşib geriyə düşmüşüksə, bunun iki qatı qədər geriyə düşəcəyimizi düşünürəm. Çünki mövcud gedişat jurnalistikanı inkişaf etdirmək yox, nəzarət altında saxlamaq təşəbbüsləridir. Təəssüf ki, dünyanın bir çox demokratik ölkələrində də bu cür təşəbbüslərin şahidi oluruq. Müxtəlif gərginlikləri, konfliktləri daha rahat idarə etmək məqsədi ilə media üzərində nəzarət təşəbbüsü var. Amma hansı cəmiyyətlərdə ki, mediadan aldığı dolğun informasiyalarla gələcəklərinə qərar verə bilirlər və həyatlarına söz sahibidirlər, onlar azad və müstəqil media qurmlarına sahib çıxa bilirlər. Həmçinin, bu ənənənin yaşadılmasında maraqlı olurlar. Bu mənada bir qədər cəmiyyətlərin müqayisəsi baxımından prosesə yanaşmaq lazım gəlir”.

Rizvan Qənbərli. Mənbə: “afn.az”

“Bu gün mətbuat üzərində qələbənin bayramını qeyd edirlər”

Jurnalist Şahvələd Çobanoğlu son bir neçə ildə Azərbaycan mətbuatının tamamilə məhv edildiyi qənaətindədir:

“Hətta elə bir vəziyyətə çatdırıblar ki, bu gün Mətbuat Günü yox, mətbuatın üzərində qələbənin təntənəsini keçirə bilərlər. Zatən də bu gün mətbuat üzərində qələbənin bayramını qeyd edirlər”.

Şahvələd Çobanoğlu deyir ki, əvvəllər müxtəlif basqılarla medianı susdururdular və bu, beynəlxalq hesabatlarda əks olunan proses olub:

“Sonucu odur ki, Azərbaycanda artıq müstəqil qəzet çap olunmur, televiziyalar və radiolarla məsələ məlumdur. Onlayn mediaya da həddən artıq basqı var, beləliklə, bu qaydayla mətbuatı tamamilə sıxışdıra biliblər. Edə bilmədikləri müsbət şey odur ki, internet dövründə bəzi resurslarla ən avtoritar rejimlər də bacara bilmir. Orda xalq, blogerlər, müstəqil jurnalistlərin sayəsində informasiyaları tamamilə gizlədə bilmirlər. O ayrı söhbətdir ki, hakimiyyət doğru xəbərlərin axının qarşısını ala bilməyəcək. Amma funksional olaraq mətbuatda hər şeyi iflic ediblər”.

“Qayğılar da susdurmağın bir yoludur…”

“Əvvəllər Azərbaycan hakimiyyəti dərinliyi bu istiqamətdə aparırdı ki, kimlər yola gəlmirdi, onları qapayıb sıradan çıxarırdı. Yola gələnləri öz tərəflərinə çəkib yarımgizli şəkildə verdikləri pulla bəsləyirdilər. Bununla da müstəqil mətbuat adına hakimiyyətə xidmət edən media sektoru yaratdılar. Son illərdə daha uzağa getdilər, yəni əvvəllər gizli şəkildə xalqdan oğurlanan pulları verirdilərsə, bu dəfə dövlət büdcəsindən ayırmalar oldu”, – Şahvələd Çobanoğlu deyib.

Onun sözlərinə görə, bunun üçün taleyi biabırçı olan Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu yaratdılar:

Yazar Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu. Foto: Meydan TV

“Fond da əyri yollarla bina tikib mənzillər paylayırdı və bunlar məhkəmələrdə aşkarlandı. Azərbaycan mətbuatına indiyə qədər olan basqıları pərdələyib, guya qayğı göstərirdilər. Əsl, timsah göz yaşları. Məhv edib, sonra qayğı göstərirlər! Bu qayğılar da susdurmağın bir yoludur. Çünki dünyanın heç bir yerində jurnalistə mənzil vermirlər, jurnalist kimdən fərqlidir ki, ona ev verilsin?! Hanı medianın reklam bazarı ki, mətbuat ayaqüstə dayana bilmir və hökumət ona pul verib saxlayır?! Əsas məqsəd jurnalistləri ev və pul yardımları ilə susdurub, dili gödək etməkdir”.

“Təkcə jurnalistlərin yox, Azərbaycan xalqının informasiya almaq hüququ da pozulur”

Şahvələd Çobanoğlu hesab edir ki, Medianın İnkişafı Agentliyi də öz sələfinin fəaliyyətini davam etdirir:

“Bu fəaliyyət Azərbaycan Konstitusiyasına və qoşulduğu konvensiyalara ziddir. İcra hakimiyyəti mətbuatda nəyisə dəstəkləyə bilməz. Çünki icra hakimiyyətinin başında dayanan prezident hansısa partiyanın sədridir. Siz mətbuatı pulla ələ almış sayılırsınız və bu, mətbuatın fəaliyyətinə müdaxilədir. Ona görə bunlar islahat yox, qanunsuz əməllərdir”.

Jurnalist deyir ki, nəticə etibarı ilə burda təkcə jurnalistlərin hüquqları pozulmur, həm də Azərbaycan xalqının informasiya almaq hüququ pozulur:

“Bununla da xəbərsizləşmə fəaliyyəti həyata keçirirlər və rəy jurnalistikasını sıradan çıxarırlar. Məsələn, 2015-ci ilin 19 mayında Binəqədi rayonunun Azadlıq prospektində 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər öldü. Səbəb binaya çəkilən üzlük idi, bax, o məsələni müzakirə edən jurnalistika artıq yoxdur. Əslində, televiziyalarda şoulara, ailə dramlarına yer verilməsi doğru xəbəri sıxışdırıb beyinləri başqa xəbərlərlə doldurmaq siyasətidir”.

Şahvələd Çobanoğlunun fikrincə, “dərinləşən media islahatı” mətbuatı boğmaq üçün aparılan addımların dərinliyidir, hər dəfə yeni üsul düşünürlər:

““Media haqqında” qanunu gördük, nə qədər repressiv və irtica səciyyəsi daşıyır. Bütün bunlar mahiyyət etibarilə Azərbaycan mətbuatının sonunu gətirib çıxartdı. Cəmil Həsənli demişdi ki, “Əkinçi”nin getdiyi kəndlərə indi qəzet getmir. Onsuz da qəzet yoxdur, olsa da, yayılmağa yer də qalmayıb. Dünyada yayım standartlarına görə ən aşağı səviyyədəyik. Çünki yayım sistemi dağıdıldı. Jurnalistlərə ev payladılar, əvəzində qəzet köşklərini dağıtdılar, budur dərinləşmə”.

MEDİA Agentliyindən cavab yoxdur

Gün ərzində Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlidən suallara cavab almaq istəsək də, cəhdimiz baş tutmadı. N.Məmmədli bizimlə əlaqə saxlayacağını vəd etsə də, zənglərimizə cavab vermədi.

Prezident İlham Əliyev iyulun 22-də Azərbaycan jurnalistlərinə təbrikində Milli Mətbuat Gününün işğaldan azad edilən Şuşada qeyd olunmasını vurğulayıb. Prezidentin fikrincə, “Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçən mətbuat insanların maariflənməsi, milli şüurun formalaşması, xalqın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərin qorunmasına mühüm töhfələr verib.

İlham Əliyev ötən əsrin sonunda Heydər Əliyevin demokratik islahatları nəticəsində milli informasiya resurslarının inkişafında da əsaslı dönüşün yarandığını vurğulayıb.

Ölkə başçısı əmindir ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətin davamlı tərəqqisi və xalqın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Ana səhifəSiyasət“Jurnalistlərə ev payladılar, əvəzində qəzet köşklərini dağıtdılar, budur dərinləşmə”