Aksiyaya ictimai-siyasi fəallar da dəstək verib
Yanvarın 16-da Azərbaycandan olan bir qrup müstəqil jurnalist və fəal sosial şəbəkələr üzərindən aksiya həyata keçirib. Onlar fəaliyyətinin əngəllənməsi üçün həbsə atılmış “AbzasMedia”ya dəstək nümayiş etdiriblər.
Aksiya iştirakçıları üzərinə “Abzasdayıq” yazılan fotolarını “Abzasdayıq” “Abzaslayıq” həştəqləri ilə paylaşıblar. Onların bəzilərinin belində çanta var.
Jurnalistlər bununla son zamanlar ifadə vermək üçün idarəyə çağırılaraq həbs edilən həmkarlarının nümunəsinə diqqət çəkirlər.
Məsələn, ən son həbs olunan Elnarə Qasımova dindirilməyə çağırılmanın sonunun həbslə bitəcəyi ehtimalını göz önünə alaraq, çantasını toplayıb getmişdi. Elə oradaca da həbs olunmuşdu.
Fotolardakı çanta məhz bunu simvolizə edir. Müstəqil jurnalistlər bildirmək istəyirlər ki, onlar həbsdən qorxmurlar, hər an həbs olunma ehtimalının olduğunu bilirlər və hazırdırlar.
Yanvarın 15-də Xətai Rayon Məhkəməsi “AbzasMedia” saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
“AbzasMedia” ilə bağlı cinayət işi üzrə ötən il noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “AbzasMedia”nın ofisində axtarışlar aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Ardından noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı tutulub.
Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2 (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir. Həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.