“Jurnalistlər üçün iki binanın tikintisi zamanı tender keçirilməyib”

Foto: AzadliqRadiosu

Tender Komissiyasının üzvü: “Tenderlərdə hansı şirkətin qalib gələcəyini Əli Həsənov müəyyənləşdirirdi”

11 il Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru olmuş Vüqar Səfərli və daha 10 nəfərin işi üzrə məhkəmə prosesi davam edir. Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında Fondda aparıcı məsləhətçi işləmiş, həmçinin Tender

Komissiyasının üzvü olmuş Samir Mustafayev şahid qismində dindirilib.

Vüqar Səfərlidən qanunsuz tapşırıq almadığını, onun kiməsə də belə bir tapşırıq verməsinin şahidi olmadığını deyən şahidin sözlərinə görə, jurnalistlər üçün binalarda mənzillərin kimə verilməsi, hansı qəzetlərə və nə qədər maliyyə ayrılması kimi məsələlərdə həlledici qərarları Əli Həsənov verirdi.

“Mənzillər məsələsində Vüqar müəllimlik iş yox idi. Fonda daxil olan sənədlər toplanırdı, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə göndərilirdi. Orada şöbənin müdiri baxıb, qərar verirdi. Hətta Fonda daxil olmayan, birbaşa ora göndərilən sənədlər də var idi. Mənzillərin kimə paylanmasında qərar orada verilirdi. Maliyyə ayrılan qəzetlərlə bağlı da eləcə, sənədlər toplanırdı, o şöbə qərar verirdi. Vüqar müəllim sənəd məsələsində tələbkar idi. Əvvəl gündəlik ictimai-siyasi qəzetlərə və idman qəzetlərinə verilirdi. Sonradan idman qəzetləri çıxarıldı”.

Samir Mustafayev istintaqa ifadəsində bildirib ki, maliyyə ayrılarkən bəzi qəzetlərlə bağlı məlumatlar saxtalaşdırılıb. O, məhkəmədə dindiriləndə bu məsələyə belə aydınlıq gətirib:

“Elə qəzet vardı ki, 30 ilin qəzetidi, həmin ay tirajı az olmuşdu deyə, maliyyələşmədən kənarda saxlamaq istəmirdilər. Ona görə güzəşt olunurdu. Güzəti “yuxarılar” eləyirdi”.

Samir Mustafayev istintaqa ifadəsində onu da deyib ki, tenderlərdə hansı şirkətin qalib gələcəyini Əli Həsənov müəyyənləşdirirdi.

“Portos” MMC Əli Həsənova yaxın şirkət olduğuna görə jurnalistlər üçün binaların tikilməsi bu şirkətə tapşırılmışdı.

O, məhkəmədə bu barədə suala cavab verərkən bildirib ki, jurnalistlər üçün birinci və ikinci binanın tikintisi zamanı ümumiyyətlə, tender keçirilməyib. Elə bir məktubla “Portos” şirkətinə həvalə edilib: “Tender Komissiyası 2017-ci ildə yaradıldı. Onda ikinci binanın da təməli qoyulmuşdu. Ümumiyyətlə, tenderlərdə hansı şirkətlərin qalib olması Əli Həsənovla razışlaşdırılırdı”.

Vüqar Səfərli isə bildirib ki, tikinti ilə bağlı Fondda Tender Komissiyası olub:

“Bu adam həmin komissiyanın üzvü olmayıb. Ona görə bilmir. Yazılan məktublardan xəbəri olmayıb”.
Məhkəmə prosesi noyabrın 30-da davam edəcək.

Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur.

Vüqar Səfərlinin bir sıra əmlaklarının, o cümlədən özünün və oğlunun bank hesablarındakı 850 min manat əmanətin üzərinə həbs qoyulub.

11 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmırlar.

Ana səhifəSiyasət“Jurnalistlər üçün iki binanın tikintisi zamanı tender keçirilməyib”