Jurnalistlər üçün daha bir qadağa

“Qanun zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”

Source:


“Qanunazidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”

Bunu “Azərtac”a Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artmasını şərh edərkən deyib.

Azərbaycanda söz və məlumat azadlığının, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququnun tam təmin edildiyini deyən Ə. Həsənov qeyd edib ki, KİV Azərbaycanın daxili və xarici siyasəti, cəmiyyət həyatının müxtəlif sahələri, habelə dünyada baş verən mühüm hadisələr haqqında çoxsaylı məlumatlar, müxtəlif şərh və təhlillər hazırlayır və ictimai rəyə təqdim edirlər. O bildirib ki, söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-in müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

“Bununla yanaşı, təəssüflə qeyd etmək lazım gəlir ki, KİV-in sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışır”, – deyə o vurğulayıb.

Ə.Həsənov bildirib ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur: “Təəssüf ki, bəzi hallarda aparıcı KİV də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırır. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir. Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir. Hesab edirik ki, Azərbaycan KİV-i, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-in sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidir. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyillərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidir. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”.

Ana səhifəXəbərlərJurnalistlər üçün daha bir qadağa