”Əfqan Muxtarlıya azadlıq”, ”Günahkarlar cəzalandırılsın”
İyunun 6-da Tbilisidə bir qrup jurnalist Parlamentin Komissiya iclasında başlarına torba keçirib etiraz aksiyası ediblər. Onlar əllərində “Əfqan Muxtarlıya azadlıq”, “Günahkarlar cəzalandırılsın” kimi şüarlar da olub.
Son bir həftədir Gürcüstanda jurnalistlər, hüquq müdafiəçiləri, ictimai fəallar və azərbaycanlı mühacirlər jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə Azərbaycana gətirilməsinin araşdırılması, ictimaiyyətə açıqlama verilməsi, bu işdə əli olanların cəzalandırılması tələbi ilə aksiyalar edirlər. Keçirilən bütün aksiyalarda iştirakçılar jurnalistə azadlıq tələb edirlər.
Jurnalist Əfqan Muxtarlı mayın 29-da Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib. O, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçmədə, hakimiyyət nümayəndəsinə müqavimət və zor tətbiq etməkdə suçlanıb və istintaq dövrü üçün 3 aylıq həbs cəzası verilib.
Jurnalistin qəbs-qətimkan tədbirindən verdiyi apelyasiya şikayətinə isə iyunun 6-da baxılıb. Məhkəmə şikayəti təmin etməyib.
Azərbaycan tərəfinin yaydığı açıqlamda deyilir ki, o, sərhədi qanunsuz keçərkən saxlanıb, üzərindən 10 min avro pul götürülüb. Bu ittihamlarla o 7 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Əfqan Muxtarlı və insan haqları fəalları ittihamları rədd edirlər. Jurnalist əslində peşə fəaliyyətinə görə təqiblərə məruz qaldığını söyləyir. O, Tbilisidə tanımadığı bir qrup tərəfindən saxlanaraq Bakıya gətirildiyini deyib:
“Mənə işgəncə verilib. Pulu isə cibimə məni Azərbaycana gətirənlər qoyublar”.