Müstəqil jurnalistlər bəyanat yaydı
Müstəqil jurnalistlər Azərbaycanda hazırlanan yeni “Media Haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını tələb ediblər.
Bununla bağlı yaydıqları bəyanatda bildirirlər ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun yerinə “Media haqqında” Qanun layihəsinin hazırlanması barədə fərmandan, 12 yanvar 2021-ci ildən bəri keçən müddət ərzində layihə ilə bağlı heç bir açıq müzakirə aparılmayıb:
“Yeni hazırlanan “Media Haqqında” Qanun həm bütün media subyektlərini, həm çap həm də “online” media resurslarını əhatə etsə də qanun layihəsinin detalları bu günə qədər açıqlanmır”.
Daha sonra bəyanatda bildirilir ki, Azərbaycanda söz və mətbuat azadlığına qarşı bu günədək atılan addımlar nərəzə alınsa, hazırlanan yeni qanun layihəsinin də medianın inkişafına yox, jurnalistikanın və mediaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini deyə bilərik:
“Mütəmadi olaraq jurnalistlərin təqibə məruz qalması, saytların bloklanması, jurnalistlərin ölkədən çıxışına qadağaların qoyulması, həbsə atılmaqları ölkədə media mühitinin nə qədər təzyiq altında olduğunu göstərir”.
Jurnalistlər bildirirlər ki, Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında media azadlığına görə ilbəil geriyə gedir. Bu da ölkədə medianın nə qədər basqı altında olduğunun sübutudur:
“Bu bəyanata imza atanlar Azərbaycanda hazırlanan və indiyə qədər heç vaxt mətni açıqlanmayan “Media Haqqında” Qanun layihəsinin həm jurnalistlərə, həm də vətəndaş cəmiyyəti nümayəndələrinə təqdim edilməsini tələb edir”.
Qanun layihəsinin bəzi detalları məlumdur. Layihədə internet televiziya kanallarının lisenziyalaşdırılması üçün sadələşdirilmiş sistem nəzərdə tutulub. Bunun üçün qanunda müəyyən edilmiş tələblərə cavab vermək və MTRŞ-ya müraciət etmək lazım olacaq:
“Media subyektləri üçün təsbit olunan ümumi tələblərdən başqa, internet televiziya kanalları üçün spesifik iki tələb müəyyən olunub. Birinci tələb odur ki, kanalın özünün saytı olmalı və həmin saytdan yayım aparmalıdır”.
Bəzi saytların, xüsusən agentliklərin həm onlayn televiziya, həm də sayt kimi fəaliyyət göstərməsinin necə tənzimlənəcəyinə gəlincə, MTRŞ bildirir ki, yeni qanun layihəsinə əsasən, sayt və informasiya agentliklərinin qeydiyyatını Medianın İnkişafı Agentliyi həyata keçirəcək:
“Bunun üçün lisenziya alınmasına ehtiyac yoxdur. Məsələn, bir media həm informasiya agentliyi kimi Medianın İnkişafı Agentliyindən qeydiyyatdan keçərək fəaliyyət göstərə biləcək, eyni zamanda TV Şuraya müraciət edərək lisenziya alaraq platforma yayımçısı kimi tanınacaq”.
Bəyanatı imzalayanlar:
Nurlan Qəhrəmanlı
Əsli Qəhrəmanlı
Aynur Elgünəş
Gülər Mehdizadə
Mehman Əliyev
Dilarə Miriyeva
Zəhra Kələndərova
Əvəz Hafizli
Teymur Kərimov
Fərid İmran
Elməddin Şamilzadə
Əminə Məmmədova
Ülvi Həsənli
Fatimə Kərimova
Cavid Abdullayev
Natiq Cavadlı
Fatimə Mövlamlı
Sabina Abubekirova
Xanım Mustafayeva
İzolda Ağayeva
Nərgiz Absalamova
Elnarə Qasımova
Zərifə Novruz
Ülviyyə Əli
Təzəxan Mirələmli
Şəmşad Ağa