Vəkilin vəsatətləri təmin edilməyib
İyunun 30-da Cəbrayıl rayon Məhkəməsində Biləsuvar rayonundan olan məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz etdiyinə görə həbs olunan Cəlal Quliyev, Zaur Feyruz, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərovun məhkəməsi başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Təranə Hüseynovanın sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İclasda təqsirləndirilən şəxslərin xəsarət yetirdiyi iddia olunan və iş üzrə zərərçəkmiş qismində tanınan polislər iştirak ediblər.
Təqsirləndirilən şəxslərin yaxınları, jurnalistlər və prosesi izləməyə gələn digər şəxslər məhkəmə zalına buraxılmayıb. Onlara yer olmadığını deyiblər.
İclasda təqsirləndirilən şəxslərin vəkil Elçin Sadıqov vəsatətlə çıxış edib. O, cinayət işinə xitam verilməsini, qanunsuz yolla əldə olunmuş sübutların yolverilməz hesab edilərək, işdən xaric olunmasını, prosesin audio və video yazısına imkan verilməsini, təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.
Prosesin baxış iclası iyulun 14-nə təyin edilib.
İclasa buraxılmayan təqsirləndirilən Qarabağ əlili Gülağa Hüseynovun anası Firuzə Hüseynova və İlkin İsgəndərovun bacısı Gülnarə İsgəndərova huşunu itirib. Onlara ətrafdakı adamlar tibbi yardım göstərdikdən sonra vəziyyətləri düzəlib.
2016-ci il dekabrın 22-də Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı 11 qəsəbəyə elektrik enerjisinin verilməsinin kəsilməsilə əlaqədar sakinlər etiraz aksiyası keçirib.
Aksiya polis tərəfindən dağıdılıb. Aksiya iştirakçılarından Cəlal Quliyev, Zaur Feyruz, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov polisə müqavimət göstərmək, iğtişaşlar törətmək, başqasının əmlakını məhv etmək ittihamları ilə həbs olunub. Onlar Cəbrayıl köçkünləridir.