Müdafiə Nazirliyinin zabitləri mühakimə olunur
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, 100 milyon manata yaxın mənimsəmədə ittiham olunan general-mayor Nizami Məmmədov və daha üç nəfərin məhkəməsi başlayıb. Bunlar Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəhbəri Bayram Bayramov və idarənin zabiti Vüsal Əlizadədir. Onların işinə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyilə baxılır.
Sentyabrın 8-də onların işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lakin Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsilə ittiham olunan general və onunla birlikdə mühakimə olunan digər dörd nəfərin məhkəməsinə jurnalistləri buraxmayıblar. Məhkəmədən media nümayəndələrinə bildirilib ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin göstərişi var, generalın məhkəməsinə jurnalistlər buraxılmayacaq.
Məhkəmənin hazırlıq iclasında isə vəkillərdən biri deyib ki, Bayram Bayramovun müdafiəsinə yeni qoşulub, cinayət işinin materiallarıyla tanış olmağa imkanı olmayıb. Bu səbəbdən ona vaxt verilməsini istəyib.
Vəkilin vəsatəti əsasında məhkəmənin hazırlıq iclası bir həftəlik – sentyabrın 15-nə qədər təxirə salınıb.
Eyni gündə Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin daha üç nəfər keçmiş vəzifəlisinin mühakiməsi baş tutacaq. Söhbət Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi olmuş Fikrət Mirzəyev, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanov və ondan əvvəl bu vəzifədə çalışmış Mahir Şirvanovdan gedir. Adları çəkilən polkovniklər də xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilirlər.
Onların işi üzrə hazırlıq iclasında vəkilləri deyib ki, mənimsənildiyi iddia olunan məbləği istintaq dövründə ödəyiblər. Yəni dövlətə dəymiş ziyan ödənilib. Vəkillər vəsatət qaldırıblar ki, hökm çıxarılana qədər polkovniklər ev dustaqlığına buraxılsınlar. Lakin məhkəmə buna razılıq verməyib.
Prokuror da deyib ki, ziyan tam ödənilməyib.
Adları çəkilən polkovniklər general Nizami Məmmədovla əlbirlikdə ittiham olunur.
Generalın ittiham olunduğu 90 milyon manatdan artıq yeyinti ilə bağlı işdə isə təxminən 38 milyon manat ödənildiyi bildirilir.
Bu cinayət işində keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun da adı keçir, təqsirləndirilən şəxslər onun qanunsuz tapşırıqlarını yerinə yetirməkdə ittiham olunur.
Təqsirləndirilən Məlikməmməd Qurbanovun vəkili Ceyhun Məmmədov avqustun 31-də məhkəmənin hazırlıq iclasında bu məsələyə toxunmuşdu. O bildirmişdi ki, təqsirləndirilən şəxslərə belə bir ittiham verilsə də, nədənsə araşdırma aparılmayıb, Nəcməddin Sadıqov özü istintaqa cəlb olunmayıb, ifadəsi alınmayıb.
Müdafiə Nazirliyinin sabiq vəzifəliləri 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində saxlanılıb. Onlara ittiham verilən Cinayət Məcəlləsinin 179.4-cü maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.