Jurnalistlər Bakı Hərbi Məhkəməsinin qarşısında aksiya keçiriblər

Hərbi Məhkəmənin qarşısında aksiya, Foto: Aksiya iştirakçıları

Onlar MTN generalının məhkəməsinin qapalı keçirilməsinə etiraz ediblər

Noyabrın 16-da bir qrup jurnalist Bakı Hərbi Məhkəməsinin qarşısında aksiya keçirib.

Onlar Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin məhkəməsinə buraxılmamalarına etiraz ediblər.

Məhkəmə prosesinə hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi deyilir.

Jurnalistlər Meydan TV-yə bildiriblər ki, məhkəmə katibi prosesin qapalı keçirilməsini izah etməyib.

Jurnalistlər “Mövlam Şıxəliyevlə komandasının məhkəməsini ictimaiyyətdən gizli keçirməyin!”, “MTN-çilərin açıq məhkəməsini qapalı bazara çevirməyin! Jurnalistləri məhkəməyə buraxın” sözləri yazılan plakatlar tutublar.

Zərərçəkmişlərdən Qulam Bağırov bildirib ki, məhkəmənin hazırlıq iclasında jurnalistlərin buraxılması barədə vəsatət veriblər:

“Biz həmçinin məhkəmə iclaslarının videoya çəkilməsini də tələb etmişik. Əfsuslar ki, vəsatətlərimiz təmin olunmadı”.

O daha sonra məhkəmənin şəffaf keçirilməsini tələb edib:

“İctimaiyyət təqsirləndirilən şəxslərin dövlətin gücündən istifadə etməklə hansı quldurluq əməlləri etdiklərini bilməlidir. Bəlkə də, Azərbaycanın tarixində belə quldurluq əməli törədilməyib. Mənə dəymiş ziyan 135 min dollardır. Məni qanunsuz olaraq həbs ediblər. Bundan sonra anama bildiriblər ki, guya mən həbsdə ölümcül vəziyyətdəyəm, Mövlam Şəxliyev və Sahib Ələkbərov evimi, maşınımı satdırıblar. 33 gündən sonra məni xəstəlik adı ilə həbsdən buraxdılar. Həbsdən çıxandan sonra gördüm ki, nə ev var, nə maşın. Yaşlı anamı aldadıb bu hərəkətləri ediblər. Bu gün də əməllərini gizlətmək üçün məhkəmə prosesi ictimaiyyətdən gizli keçirilir”.

Digər sərərçəkmiş Hüseyn Səfərov jurnalistlərin prosesdə iştirakının mütləq şəkildə təmin olunmasının vacibliyini vurğulayıb:

“Bütün Azərbaycan bu quldurları tanımalıdır. Azərbaycan tarixində bunlar kimi alverçi təfəkkürlü Milli Təhlükəsizliyi Nazirliyinin işçiləri olmayıb. Mütəşəkkil cinayətkar quldur dəstə yaradıblar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbərliyi altında Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və Sahib Ələkbərov quldurluq ediblər, hər bir adamın evini, əmlakını ələ keçiriblər, çox ciddi böyük cinayətlər törədiblər. Mənə qarşı elədikləri cinayətlərin həddi-hüdudu yoxdur. 2 milyon dollar məndən pul aldılar. Bunun nəticəsində evimi satdırıblar, bu gün kirayədə qalıram. Övladlarımın adına banklardan kredit götürüblər, onları da ödəyə bilmirik, yaman günə qalmışıq. Bu gün mən məhkəmədə mən çıxış edəcəm, onların gözləmədiyi faktlar açıqlayacam”.

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib.

İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Ana səhifəSiyasətJurnalistlər Bakı Hərbi Məhkəməsinin qarşısında aksiya keçiriblər