Bəyanatda bildirilib ki, Ülvi Həsənliyə qarşı hüquq pozuntuları və işgəncə iddiaları ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) həbsdə aclıq edən “AbzasMedia”nın direktoru Ülvi Həsənlinin saxlanıldığı Umbakı həbsxanasında kobud rəftara məruz qalması ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Ülvi Həsənliyə qarşı hüquq pozuntuları və işgəncə iddiaları ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur.
CPJ qeyd edib ki, Ülvi Həsənli və onun həmkarları dərhal azadlığa buraxılmalıdır.
Ülvi Həsənli iyunun 26-da saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Umbakı həbsxanasına köçürüldüyü üçün aclıq aksiyasına başlayıb.
İyunun 1-də vəkili Zibeydə Sadıqova onunla görüşüb və məlum olub ki, Ülvi Həsənli cərimə otağına salınıb, ümumiyyətlə, ona qarşı qeyri-insani davranış nümayiş etdirilib.
Elə həmin gün “AbzasMedia” Ülvi Həsənli ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda Prezident İlham Əliyev, ədliyyə naziri Fərid Əhmədov, Baş prokuror Kamran Əliyev və Ombudsman Səbinə Əliyevadan məsələni nəzarətə götürmələri tələb olunub.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə “AbzasMedia işi” üzrə hökm oxunub. Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
2023-cü ilin noyabrında “AbzasMedia”nın direktor və əməkdaşları həbs olunmuşdu. Ötən il mayda “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadə də bu iş üzrə saxlanılmışdı, lakin “AbzasMedia” onunla əməkdaşlıq etmədiyini bəyan etmişdi.
Həbs edilən jurnalistlər ittihamları rədd edir və həbsin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin dərhal azad edilməsinə çağırır.