Jurnalistin xanımı: DTX əməkdaşlarının qanunsuz əməllərindən yazdığına görə cəzalandırılıb

Həyat yoldaşı bildirir ki, həmin yazıdan sonra Poladı fiziki durumu imkan vermədiyi halda, 2018-ci ilin aprelində qəfildən hərbi xidmətə aparmışdılar.

Foto: Polad Aslanovun şəxsi arxivindən


Polad Aslanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib

İyunun 14-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “xeberman.com” saytının təsisçisi və baş redaktoru Polad Aslanov haqqında ilkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçilib. İyunun 14-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev bu barədə qərar çıxarıb.

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanovanın Meydan TV-yə dediyinə görə, P.Aslanov özünü təqsirli bilməyib, ona verilən dövlətə xəyanət ittihamının şər-böhtan olduğunu deyib: “Polad həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu, DTX əməkdaşlarının qanunsuz əməlləri haqda yazılarına görə cəzalandırıldığını bildirib”.

G.Aslanovanın sözlərinə görə, həyat yoldaşı Məşhəd, Kərbəla ziyarətinə gedən zəvvarların hər birinə görə bu səfərləri təşkil edən firmalardan DTX əməkdaşlarının rüşvət alması barədə araşdırma yazı hazırlayıb. Məlum olub ki, firmalar bu cür əlavə pulları da səfər xərcinin üstünə gəlir, ona görə qiymət baha çıxır.

Həyat yoldaşı bildirir ki, həmin yazıdan sonra Poladı fiziki durumu imkan vermədiyi halda, 2018-ci ilin aprelində qəfildən hərbi xidmətə aparmışdılar. Həmin vaxt P.Aslanovun 29 yaşı vardı və ona səhhətindəki problemlərlə əlaqədar hələ uzun illər öncə “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilmişdi.

G.Aslanova bildirir ki, hərbi xidmətə aparılarkən Poladın 41 kiloqram çəkisi vardı, özü ürəyində damar tıxanıqlığından, yüksək qan təzyiqindən əziyyət çəkirdi.

P.Aslanov hərbi xidmətdən bu ilin aprelində qayıdıb. G.Aslanova bildirir ki, o, qayıdandan sonra da tənqidi yazılarını dayandırmadığına görə bu dəfə onu belə ağır ittihamla həbs edib cəzalandırdılar.

P.Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) maddəsilə ittiham olunur. Bu ittihamla ona 20 ilədək və ya ömürlük həbs cəzası verilə bilər.

DTX-nın yaydığı məlumatda deyilir ki, P.Aslanovun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarıyla ölkədən kənarda mütəmadi görüşlər keçirməsi, onlardan pul alması, bunun müqabilində onlara informasiya ötürməsi, sosial şəbəkələrdə, saytlarda dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının gözdən salmağa yönəlik yazılar yazması barədə əsaslı məlumatlar olduğundan o, həbs edilib.

“Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanının əməkdaşları ilə tanış edib”, – DTX iddia edir.

P.Aslanov iyunun 12-də həyat yoldaşı və qızı ilə birlikdə Biləsuvar sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Onlar əvvəlcə DTX-nın Biləsuvar şöbəsinə, oradan da Bakıya gətirilib. Həyat yoldaşı və qızı bir neçə saat sonra buraxılıb, evlərində axtarış aparılıb, kompüter və telefonları götürülüb.

Ana səhifəXəbərlərJurnalistin xanımı: DTX əməkdaşlarının qanunsuz əməllərindən yazdığına görə cəzalandırılıb