“Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldı”
Avqustun 23-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlı barəsindəki həbsin uzadılmasından verilən şikayətə baxılıb.
Məlumatı vəkil Elçin Sadıqov verib. Bildirib ki, şikayət Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qərarından verilib:
“Apelyasiya şikayəti təmin edilmədi. Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldı. Dəfələrlə tələb etməyimizə və cinayət işinin materiallarına əsaslanmağımıza baxmayaraq, cinayət işinin materialları məhkəməyə gətirilmədi. Hakim qərarı materiallar olmadan çıxardı. Biz bununla bağlı Avropa İnsan Hüquqları məhkəməsinə müraciət edəcəyik. Eyni zamanda Əfqan Muxtarlı barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişik”.
Vəkil bildirir ki, Əfqan Muxtarlının səhhətində olan problemlər qalmaqdadır: “Bildirdi ki, həkimə ehtiyacı var. Ona elə bir dərman yazıblar ki, qəbul edəndə təzyiqi 100-dən aşağı enir. Biz onun həkimlə təmin olunması və ona keyfiyyətli tibbi xidmət göstərilməsi ilə bağlı yenidən müraciət edəcəyik”.
Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.
Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Əfqan Muxtarlının işi Meydan TV-yə qarşı açılmış cinayət işinə birləşdirilib.