Jurnalistin səhvi, yoxsa pərdəarxası güc mübarizəsi?

Azərbaycanın hökumətyönümlü media qurumunun bağlanması ətrafında fərziyyələr yürüdülür

Source:


Azərbaycanın hökumətyönümlü media qurumunun bağlanması ətrafında fərziyyələr yürüdülür

Azərbaycanın hakimiyyət orqanları APA xəbər agentliyinin fəaliyyətinə son qoydu. Bu, ölkədə mətbuata qarşı davam edən təzyiqlər fonunda hətta sadiq hökumət mediasının belə təhlükədən uzaq olmadığını göstərir.

APA xəbər agentliyi ilə yanaşı, “lent.az” və “APA İdman” kimi Apa Holdinqin digər ortaq qurumlarının fəaliyyəti də avqustun 1-də dayandırıldı. Səlahiyyətli şəxslər məsələ ilə bağlı heç bir açıqlama vermədi, ancaq ölkədəki media müşahidəçiləri bu hərəkətin arxasında daxili biznes çəkişmələri olduğunu düşünür.

Qurumun bağlanması üçün göstərilən bəhanə avqustun 1-də Prezident İlham Əliyevin müharibə veteranlarına avtomobil və evlərin verilməsi ilə bağlı keçirilən mərasimdəki çıxışının səhv yazılmasıdır.

” Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasını davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib, bütün vasitələrdən istifadə edib, Ermənistanı daha da sarsıdacağıq” – Əliyev öz çıxışında qeyd etdi.

Ancaq APA bu xəbərdə başqa sözdən istifadə etdi və cümləni «Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib Ermənistanı çökdürəcəyik» kimi təqdim edib. Azərbaycanın bir çox xəbər saytı APA-nın xəbərini paylaşdı və yalnış məlumat yayıldı.

APA dərhal səhvə görə üzr istədi, ancaq görünür bu kifayət etmədi. İki gün sonra agentliyin baş redaktoru Vüsalə Mahirqızı öz “Facebook” səhifəsində malumat yaydı: “Müəyyən problemlər yarandığına görə APA Holdinqə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır”.

APA özəl agentlik idi, lakin “Trend” və “Azərtac”la yanaşı Azərbaycanın üç əsas xəbər agentliyindən biri kimi Əliyevin iştirak etdiyi tədbirlərə çıxış imkanı verən xüsusi imtiyaza malik idi.

Media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) öz “Facebook” hesabında qeyd etdi ki, ölkədə dayanıqlı və hüquqi təminatı olan media qurumu mövcud deyil. “Hətta ən dayanıqlı olduğunu iddia edən qurumlar belə bir neçə dəqiqənin içərisində yox edilə bilir”.

Azərbaycan hakimiyyəti indiyədək məsələ ilə bağlı səssiz qalıb. Lakin İctimai Televiziya və Radio Yayımları Şirkətinin idarə heyətinin üzvü Azər Həsrət 200-dən çox jurnalistin çalışdığı APA-ya dəstək verib.

“APA-ya nəsə olsa, bütün bu jurnalistləri işlə təmin edə biləcəyikmi? Əlbəttə, yox,” – o, öz “Facebook” hesabında qeyd edib: “Ona görə də ümid edirəm ki, APA tezliklə bərpa olunacaq. Başa düşürük ki, səhv olub. Onlar da bunu başa düşdülər və dərhal düzəltdilər”, – Azər Həsrət qeyd etdi və əlavə etdi ki, APA kimi peşəkar media platformasının ləğv edilməsi hər halda Ermənistanın əlinə fürsət verəcək.

Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova da APA-nın bağlanmasını tənqid edib. “Hökumət media işlətməməlidir”, deyə o, öz “Facebook” hesabında

qeyd edib

: “Hökumət (nazirlər) media işlətməməlidir. Hökumət (nazirlər, prezident) media qapatmamalıdır. APA-dakı vicdanlı həmkarlarıma hökumətdəki küləklərdən asılı olmayan iş yeri arzulayıram”.

Saytın bağlanması Azərbaycanın mətbuat dairələrində agentliyin bağlanacağı ilə bağlı şayiələrə gətirib çıxardı. Anonimliyi saxlamaq şərti ilə “Eurasianet”ə danışan bəzi media mənbələri bildirdilər ki, Əliyevin həyat yoldaşı və vitse-prezident Mehriban Əliyevanın ailəsi tərəfindən idarə olunan “Paşa Holdinq”in tərkibindəki “Buta” brendi altında yeni bir xəbər agentliyi yaratmaq haqqında müzakirələr aparılıb. Bu mənbələrin bildirdiyinə görə, APA-nın işsiz qalan jurnalistləri orada çalışacaq.

“Bazara yeni rəqib çıxır. Adının “Buta” xəbər agentliyi olacağı deyilir. Gözləyək!” – hökumətyönümlü “report.az” saytının jurnalisti Tural İbadlı öz “Facebook” səhifəsində qeyd etdi.

APA-nın baş redaktoru Mahirqızı 14 avqustda digər “Facebook” postunda yayılan fərziyyələrlə bağlı açıqlama

verib:

“APA Holdinqin üzərində böyük oyunlar qurulduğunu bilirdim. Amma bu oyunu quranların bu qədər açıq müstəvidə və iyrəncliklə oynayacaqlarını təsəvvür etmirdim”.

“Online media ilə məşğul olan hər kəs bilir ki, gün ərzində 700-800 xəbərin istehsal olunduğu yerdə belə xətalar ola bilər. Buna nə qədər bəraət qazandırmaq mümkünsüz olsa da, təəssüf ki, səhvlərdən qaçmaq olmur” – o yazdı.

O, tanınmış hökumətyönümlü jurnalist Eynulla Fətullayevə də toxunaraq qeyd etdi ki, Eynulla sayt bağlanmamışdan əvvəl ona zəng edib və “APA-nın kitabının bağlandığını” deyərək xəbərdarlıq edib.

Mahirqızının “Facebook” postu Fətullayevin APA-nın bağlanmasına haqq qazandıran və bu səhvin Qarabağ barədə hələ aydın konsepsiya formalaşdırmamış yeni Ermənistan hökuməti tərəfindən müharibə bəyanatı kimi anlaşıla biləcəyini qeyd etdiyi məqaləsinin dərc olunmasından bir neçə saat sonra yazılıb.

Fətullayev həmçinin qeyd edir ki, APA-nın yüksək vəzifəli redaktorları sosial mediada yazdıqları postlardan müxalifət üzvlərinə oxşayır.



Mənbə:

Eurasianet


Ana səhifəXəbərlərJurnalistin səhvi, yoxsa pərdəarxası güc mübarizəsi?