Jurnalistin qatilini tapana 20 min avro veriləcək

Karuana Qalizianın ailəsi hakimi istintaqdan uzaqlaşdırıb

Source:
Dafne Karuana Qalizia
Dafne Karuana Qalizia


Karuana Qalizianın ailəsi hakimi istintaqdan uzaqlaşdırıb

“Wikileaks”-in təsisçisi Julian Assange maltalı araşdırmaçı jurnalist Dafnə Karuana Qalizianın qatilini tapana 20 min avro vəd edib. Bu barədə o, “Twitter” hesabında yazıb.

Jurnalist Malta hökumətini korrupsiyada ittiham edirdi.

Oktyabrın 16-da 53 yaşlı Dafnə Karuana Qalizianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb.

Dafnə Karuana Qalizia son araşdırmalarında Maltanın Baş naziri Jozef Muskatı Azərbaycanın çirkli pullarının yuyulmasında əlaqəsi olmasına görə tənqid edirdi.

Muskat qətl hadisəsini pisləyib:

“Hamı xanım Karuana Qalizianı mənim həm siyasi, həm də şəxsi məsələlərdə sərt tənqidçim kimi tanıyır, o, başqaları üçün də elə idi”.

O, həmçinin qeyd edib ki, “belə tədbirlərə heç bir halda haqq qazandırmaq olmaz”.

“Ədalət bərpa olunanadək mən sakitləşməyəcəm”, Baş nazir deyib.

Polis qətlin istintaqına başlayıb.

ABŞ-ın Federal Təhqiqatlar Bürosundan yardım istənilib

BBC-nin məlumatına görə, istintaqı idarə edən hakim, Konsuelo Skerri Herrera oktyabrın 17-də araşdırmalardan uzaqlaşıb. Buna səbəb jurnalistin ailəsinin şikayətləri olub. Karuana Qalizia vaxtilə xanım Skerri Herreranı tənqid edib və hakim tərəfindən məhkəməyə verilib.

Karuana Qalizianın ölümü adı Panama sənədləri qalmaqalında hallanan Muskatın Leyborist Partiyasının qələbə qazanmasından dörd ay sonra baş verib.

Jurnalist həm də müxalifət siyasətçilərini hədəf alıb və o, son yazısında ölkənin siyasi durumunu “ümidsiz” adlandırıb.

Baş nazirin ofisinin mətbuat katibi BBC-ə bildirib ki, hücumun siyasi motivlərlə həyata keçirildiyi deyilsə də, təhqiqat zamanı heç bir xətt istisna edilmir.

Mətbuat katibi onu da deyib ki, Malta qətli törədəni tapmaq üçün ABŞ-ın Federal Təhqiqatlar Bürosu da daxil olmaqla beynəlxalq yardım istəyib.

Ayaqda qalan son insan adətən jurnalist olur

“Anam bir çox güclü jurnalist kimi hüququn aliliyi ilə onu pozmaq istəyənlər arasında dayandığı üçün qurban getdi. Sadəcə o, bunu edən yeganə şəxs olduğu üçün hədəfə çevrildi. Dövlət qurumları təsirsiz hala gətirildiyi zaman belə olur: ayaqda qalan son insan adətən jurnalist olur. Bu, onu həm də öldürülən ilk insana çevirir”.

Bu sözləri Karuana Qalizianın oğlu Matteu Kariana Qalizia söyləyib.

“Mən onun boş bir ərazidə qapını açmaq üçün bir yol tapmağa çalışmasını, maşının siqnalının durmadan çalınmasını və cəmi bir yanğın söndürən qurğu ilə maşının ətrafında dayanan iki polis məmuruna qışqırmasını heç vaxt unutmayacam.

Onlar mənə baxdılar. Onlardan biri “üzr istəyirik, bizim edə biləcəyimiz heç bir şey yoxdur” – dedi. Mən aşağı baxdım və ətrafımda anamın parçalanmış bədən hissələri var idi. Mən onların haqlı olduğunu, bunun ümidsiz olduğunu başa düşdüm. Onlar məndən “Maşındakı kimdir?” deyə soruşduqda “Maşındakı mənim anamdır. O ölüb. O, sizin bacarıqsızlığınıza görə öldü” dedim. Bəli, bacarıqsızlıq və laqeydlik bu hadisənin baş verməsinin qarşısını almağa mane oldu”.

Bu, müharibəyə oxşayır

Matteu Kariana Qalizia baş verənləri müharibəyə bənzədib:

“Açıq danışdığım üçün üzr istəyirəm, ancaq bilməlsiniz ki, bu, müharibəyə oxşayır. Bu, adi bir cinayət və ya faciə deyil. Ətrafınızda qan və yanğın varsa, bu, artıq müharibədir. Biz ayrılmaz vəziyyətə düşən dövlət və mütəşəkkil cinayətkarlığa qarşı müharibədə olan bir xalqıq.

Hadisədən bir neçə saat sonra Baş Nazirin bir təlxəyi 10 ildən çoxdur ki, hücum etdiyi və təzyiq göstərdiyi jurnalist haqqında parlemantə açıqlama verdi. Cinayəti araşdıracaq polis serjantlarından biri olan, Ramon Mifsud öz “Facebook” hesabında “Hər kəs layiq olduğuna çatar, inək gübrəsi! Xoşbəxt hiss edirəm”- deyə yazdı.

Bəli, bu, bizim olduğumuz yerdir: İndi cinsinizi şəxsiyyət vəsiqənizdə dəyişə biləcəyiniz (bunun üçün Allaha şükür!), lakin azadlığınızı yaşadığınız üçün parçalara bölünəcəyiniz bir mafya dövlətidir. Yalnız bunu qeyd etmək yerinə sizi müdafiə etməyi nəzərdə tutan xalq üçün: Biz bura necə gəldik?

Maltada hökumət tərəfindən cəzasızlıq mədəniyyətinin formalaşmasına icazə verildi.

Ölkənin Baş naziri üçün rahatdır ki, cəzasızlığı təşviq edən bir hökumətə başçılıq etsə də, “cinayəti törədənləri tapana qədər istirahət etməyəcəyini”-desin. O, öncə öz idarəsini, sonra polis idarələrini, sonra məhkəmələri bacarıqsız insanlarla doldurdu. Qurumlar öz işlərini görsəydilər, araşdırmaq üçün hər hansı bir sui-qəsd olmazdı- qardaşlarımın və mənim yenə də anam olardı”.

Ana səhifəXəbərlərJurnalistin qatilini tapana 20 min avro veriləcək