Jurnalistin ölümündə təqsirləndirilənlərin apellyasiya şikayətinə baxılır

Kənan Mədətovun vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib

Source:
Rasim Əliyev
Rasim Əliyev
Rasim Əliyev
Rasim Əliyev


Kənan Mədətovun vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib

İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin barələrində olan məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesi izləyən Meydan TV əməkdaşının məlumatına görə, iclasa hakim Qədim Babayev sədrlik edib. İclasda hakim bildirib ki, təqsirləndirilən şəxslərdən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tədqiq olunmadan baxılmasına dair məhkəmə qərarından narazı qalıb. Vəkil həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib.

Hakim eyni zamanda, digər dörd təqsirləndirilən şəxsin – Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev və Samir Mustafayevin müdafiəçisi Şəmsəddin Quliyevin ötən məhkəmə iclasında qaldırdığı vəsatətlə bağlı qərarı açıqlayıb. Vəkil həmin vəsatətdə mərhum Rasim Əliyevin döyüləndən sonra 1 saylı Kliniki Tibbi Mərkəzdə rentgen müayinəsinin nəticələrinin alınıb işə əlavə olunmasını istəmişdi. Hakim vəsatətin təmin olunmadığını açıqlayıb.

Mərhum jurnalistin anası Teyfurə Əliyevanın nümayəndəsi, vəkil Fariz Namazlı da ilkin baxış iclasının qərarından kassasiya şikayəti verəcəklərini məhkəmənin nəzərinə çatdırıb.

Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə proses Ali Məhkəmə kassasiya şikayətlərinə baxıb qərar çıxarana qədər – qeyri-müəyyən vaxtadək təxirə salınıb.

ANN TV-nin əməkdaşı, RATİ-nin sədri Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rasim Əliyev xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.Səbail rayon Məhkəməsinin mayın 31-də çıxardığı hökmlə C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərJurnalistin ölümündə təqsirləndirilənlərin apellyasiya şikayətinə baxılır