Jurnalistin ölümündə günahlandırılan şəxsin kassasiya şikayəti təmin edilmədi

Rasim Əliyevin anası şikayətin təmin olunmamasını istəmişdi

Source:
Rasim Əliyev
Rasim Əliyev
Rasim Əliyev
Rasim Əliyev


Rasim Əliyevin anası şikayətin təmin olunmamasını istəmişdi

Avqustun 29-da Ali Məhkəmədə jurnalist Rasim Əliyevi döyüb öldürməkdə ittiham olunan beş nəfərdən biri- Samir Mustafayevin kassasiya şikayətinə baxılıb.

Hakim Tahir Kazımovun sədrliyilə keçirilən məhkəmədə S.Mustafayevin özü iştirak etməyib. Vəkili Bəxtiyar Hacıyev çıxışında bildirib ki, müvəkkilinin Rasim Əliyevin döyülməsində heç bir rolu olmayıb: “Videogörüntülərdən də görünür ki, Samir Mustafayev münaqişədə iştirak etməyib. Hətta Rasim Əliyevə əl verib yerdən qalxmasına kömək edib”.

Vəkil deyir ki, S.Mustafayevə Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsilə ittiham verilib. Lakin onun əməlində bu cinayətin tərkibi yoxdur:

“Aşağı məhkəmə instansiyaları Samir Mustafayevin xeyrinə olan sübutları nəzərə almayıb”.

Müdafiəçi qeyd edib ki, məhkəmələr Rasim Əliyevin ölümündə həkimlərin səhlənkarlığını da araşdırmaqdan imtina edib. Zərərçəkmiş tərəf səhlənkarlığa yol vermiş həkimlərlə bağlı vəsatətlər qaldırsa da, təmin olunmayıb.

Mərhum jurnalistin anası Teyfurə Əliyeva da zərərçəkmişin hüquqi varisi qismində çıxış edib. Bildirib ki, S.Mustafayevin şikayətinə etiraz edir və onun təmin olunmamasını istəyir. T.Əliyevanın sözlərinə görə, Rasimin döyülməsi əvvəlcədən təşkil edilmiş hadisə olub. Səbəb isə Rasimin futbolçu Cavid Hüseynov haqqında sosial şəbəkədə yazdıqları olub:

“Rasimin fikirləri xoşlarına gəlməyib. Rasimi cinayətkar qrup öldürüb. Mən razı deyiləm ki, Samirin rolu olmayıb. Hələ onlara verilən cəza azdır”.

Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Jurnalist R.Əliyev 2015-ci ilin avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, avqustun 9-na keçən gecə orada dünyasını dəyişib.

Bu hadisəyə görə 6 nəfər həbs olunub – futbolçu Cavid Hüseynov, onun bibisi oğlu Elşən İsmayılov, Camal Məmmədov, Kənan Mədətov, Samir Mustafayev və Arif Əliyev. İş məhkəməyə göndəriləndə C.Hüseynov haqqında cinayət işi ayrılıb. O, yalnız cinayəti bilib xəbər verməməkdə ittiham edilərək Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. 1 il 2 ay həbsdə saxlandıqdan sonra Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Qalan beş nəfər isə Cinayət Məcəlləsinin 126.3 maddəsilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Mədətov və S.Mustafayevin hər biri 9 il, C.Məmmədov 11 il , A.Əliyev 12 il 6 ay, E.İsmayılov isə 13 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərJurnalistin ölümündə günahlandırılan şəxsin kassasiya şikayəti təmin edilmədi