Aynur İmranova: “Məhkəməyə müraciət etmişəm, qarşı tərəf məhkəməyə hüquqşünas göndərmir”
“Artıq bir ildən çoxdur ki, qeyri-hökumət təşkilatım (QHT) olmadığı halda mən QHT işinə görə bank hesablarımdan istifadə edə bilmirəm. 8 aydır ki, ölkədən çıxışım bağlıdır. Dəfələrlə müraciət etmişəm, amma Baş Prokurorluq sorğularıma sadəcə məktubunuzu aldıq, sizə məlumat veriləcək cavabı verir”.
Bu barədə jurnalist Aynur İmranova “Turan İA”-a bildirib.
“8 aydır biz Baş Prokurorluqla məktublaşırıq. Məhkəməyə müraciət etmişəm, qarşı tərəf məhkəməyə hüquqşünas göndərmir. Məhkəmə sisteminə bu qədər hörmətsizlik edir Baş Prokurorluq. Bu, mənə qarşı təzyiqdir. Həm də jurnalist fəaliyyətimlə əlaqəli sifaişli təzyiq”, deyə o qeyd edib.
Jurnalist ölkədən xaricə buraxılmamasını araşdırma yazdığı oliqarxların sifarişi ilə edildiyini güman edir.
“Prezident Administrasiyasına yazıram, gedirəm, məktub müstəntiqə göndərilib. O da lağ edirmişcəsinə, “kimə yazırsan yaz, bura gəlib cıxacaq” kimi meydan oxuyur. Mənim vətəndaş kimi hərəkət azadlığımın pozulmasınıa son qoyulmasını tələb edirəm, dünya ictimaiyyətini, beynəlxalq jurnalist təşkilatlarını bu məsələylə bağlı etiraz etməyə çağırıram. Mən öz ölkəmdə ədalət və dəstək tapa bilmirəm, beynəlxalq təşkilatlar mənim pozulan hüquqlarımın bərpasında mənə kömək eləsinlər. Məni oğlumla hədələyirlər. Oğlun bir ildən sonra əsgər gedəcək. Bu hökümətin bir jurnalistə, bir orduda həlak olmuş zabit ailəsinə hörməti, qoyduğu qiymət budur”, deyə o qeyd edir.
İmranova xəstədir və xaricdə beyin əməliyyatı keçirməlidir. Jurnalist əməliyyat üçün vəsait tapa bilmir. Digər tərəfdən isə, ölkədən xaricə buraxılmır.
“Dörd aydır ölkədən çıxışıma qoyulan qadağanın aradan qaldırılması üçün məhkəməyə müraciət etmişəm. Baş Prokurorluq bir dəfə də məhkəməyə öz nümayəndəsini göndərməyib. Dəfələrlə özüm və vəkilim Baş Prokurorluğa sorğu göndərmişik. Cavab verirlər ki, “məktubunuz işinizə əlavə olundu, baxılıb sizə məlumat veriləcək”, məlumat isə verilmir”, deyə jurnalist qeyd edir.
Aynur İmranovanın Baş Prokurorluqla bağlı iddialarına bu qurumdan şərh almaq hələ mümkün olmayıb.