Jurnalistin növbəti məhkəmə iclası keçirilib

”Cəlilabad rayon Mərkəzi Xəstəxanası məhkəmənin qərarını icra etmir”

Source:
Əfqan Sadıqov


”Cəlilabad rayon Mərkəzi Xəstəxanası məhkəmənin qərarını icra etmir”

Mayın 11-də Şirvan Apelyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə jurnalist Əfqan Sadıqovun işi üzrə məhkəmə iclası olub.

Bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazıb. Bildirib ki, ötən iclasda məhkəmə təcili tibbi yardım sənədlərinin məhkəməyə təqdim edilməsilə bağlı qərar verib. Lakin Cəlilabad rayon Mərkəzi Xəstəxanası həmin sənədləri məhkəməyə təqdim etməyib.

“Bundan əlavə, zərərçəkən kimi tanınmış Aliyə Rzayeva əvvəlki ifadələrində rentgen müayinəsi olunduğunu deməyib və bu barədə işdə heç bir sənəd yoxdur. A.Rzayeva ilk dəfə olaraq rentgen müayinəsindən keçdiyini deyib. Məhkəmə mənim rentgen şəkillərinin də Cəlilabad rayon Mərkəzi Xəstəxanasından tələb edilməsi barədə vəsatətimi təmin etdi”, – deyə o qeyd edib.

Bundan sonra məhkəmə iclası mayın 25-dək təxirə salınıb.

Cəlilabad rayonunda (Bakıdan 211 kilometr cənub) fəaliyyət göstərən azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, Cəlilabad rayon icra hakiminin və yerli icra orqanlarının barəsində tənqidi yazılarından sonra Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist düşünür ki, yerli hakimiyyəti tənqid etdiyinə görə ona qarşı təxribat törədilib. Belə ki, o, rayon administrasiyasının binasında olarkən guya dava düşüb və jurnalisti hücumda ittiham ediblər.

Ana səhifəXəbərlərJurnalistin növbəti məhkəmə iclası keçirilib