“Bu işin sonuna qədər gedəcəm”
Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə ölkədən çıxışına qadağa qoyulan jurnalist Aynur İmranovanın iddiasına baxılmalı idi. Lakin məhkəmə təxirə salınıb. Bu barədə Meydan TV-yə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, qarşı tərəf prosesdə iştirak etmədiyindən məhkəmə baş tutmayıb: “Hakim Elçin Məmmədovun sədrliyi ilə 7-8 aydır Bakı 1 saylı İnzibati – İqtisad Məhkəməsində işimiz davam edirdi. Əsasən siyasi sifarişli işlərə baxan Elçin Məmmədov barəmdə çox biabırçı bir qərar qəbul edib. 7-8 ay işə baxıb, amma indi yazır ki, mahiyyəti üzrə baxmamışam, qərarın dəyişdirilməsini mümkünsüz hesab edirəm. Biz də Apellyasiya Məhkəməsinə müraciət etmişik, hazırda iş davam edir. Məhkəmə bu gün təxirə salındı, qarşı tərəf yenə də gəlməmişdi. Baş Prokurorluq və Sərhəd Xidməti məhkəməyə gəlmir. Yəqin ki, veriləcək cavabları yoxdur. Baş Prokurorluq və Sərhəd Xidmətinə iştirakla bağlı dəvət göndərildi ki, gələn prosesdə iştirak etsinlər”. Aynur İmranova bu işin sonuna qədər gedəcəyini deyir: “Avropa Məhkəməsinə qədər çıxacam. 1 ildir ki, heç bir əsas olmadan mənim ölkədən çıxmağıma qadağa qoyulub. Bu barədə heç bir açıqlama da verilmir. Baxmayaraq ki, mənim şahid qismində iştirak etdiyim işlərin hamısı bağlanıb. Amma yenə də ölkədən çıxışımla bağlı təzyiqlər davam edir. 1,5 ildir ki, bank hesablarım da bağlanıb”.
Jurnalistin bank hesabları ilə bağlı şikayəti Avropa İnsan Haqları Məhkəməsində icraata götürülüb