Jurnalistin ”həyəcanlandırdığı” şahidlər məqalənin adını səhv salıb

Mustafa Hacıbəyli: ”Mən bu məqaləyə görə ittiham olunmuram”

Source:
Zülfiyyə Babayeva və İlahə Xalidova
Zülfiyyə Babayeva və İlahə Xalidova


Mustafa Hacıbəyli: ”Mən bu məqaləyə görə ittiham olunmuram”

Gəncənin keçmiş icra başçısının güllələnməsi və ona sui-qəsddə ittiham olunan Yunis Səfərovun polis idarəsində işgəncəyə məruz qalması, eləcə də Mingəçevir SES-də bütün ölkəni işıqsız qoyan qəzadan sonra da repressiyaların dayanmaması, cəbhəçilərin həbsi barədə “bastainfo.com” saytındakı yazılardan həyəcanlandığını iddia edən üç qadın var. Onlardan ikisi – Zülfiyyə Babayeva və İlahə Xalidova fevralın 19-da saytın baş redaktoru Mustafa Hacıbəylinin məhkəməsində dindirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmədə şahid qadınlar saytdakı yazılardan narahat olduqlarını söyləsələr də, həmin məqalələrdən heç nəyi xatırlaya bilməyiblər. Vəkil məqalələrdə onları hansı fikir və ya cümlənin təşvişə saldığını soruşsa da, cavab verməyiblər.

“Elmar Vəliyevin yıxılmasından yazılmışdı. Orda iğtişaşa çağırış var idi ona görə qorxdum”, – deyə şahid Z.Babayeva bildirib.

M.Hacıbəyli isə deyib ki, “Elmar Vəliyevin yıxılması” sərlövhəli məqaləni də istintaq ekspertizaya göndərmişdi. Amma ekspert bu məqalədə pozuntu olmaması haqda rəy verdiyindən ittihama daxil edilmədi. Həmin yazıda Elmar Vəliyevdən narazı olan vətəndaşların şikayətləri əksini tapıb:

“Şahidləri kim təlimatlandırıbsa, görünür, onun bundan xəbəri olmayıb. Ona görə də şahidlər məqaləni səhv salıblar. Mən bu məqaləyə görə ittiham olunmuram”.

Vəkil Osman Kazımov təklif edib ki, həmin məqalə məhkəmədə şahidə təqdim olunsun, o da hansı cümlədə çağırış varsa, onu səsləndirsin.

Hakim Səbuhi Hüseynov razılaşmayıb.

Şahidlərin ifadələrindən sonra M.Hacıbəyli onların söylədiklərinin yalan olduğunu bildirib, həmin ifadələrin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb.

Hakim deyib ki, sübutların qiymətləndirilməsi mərhələsində bu məsələyə baxılacaq.

Daha sonra hakim M.Hacıbəyliyə ifadə verməyi təklif edib. Amma ifadəni qısa şəkildə, sual-cavab formasında verməyi tövsiyə edib. M.Hacılı razılaşmayıb. Bildirib ki, ona çıxış üçün azı 1 saat vaxt lazımdır.

Məhkəmə prosesi fevralın 21-də M.Hacıbəylinin ifadəsi ilə davam edəcək.

Məhkəmə çıxışında şahidlər Zülfiyyə Babayeva ilə İlahə Xəlilova jurnalistlərin suallarını cavablandırmaq istəməyiblər. Onlar məhkəmədən sonra arxa qapıdan çıxıb gediblər. Bu zaman onlara yaxınlaşan jurnalistlərin “sizi hansı yazı, hansı məlumat narahat edib?” sualına “heç kimi tanımırıq”, – cavabını veriblər. Söhbət zamanı məlum olub ki, onlar heç Mustafa Hacıbəylini də tanımırlar. “Mübarizi tanımıram”, “Adamın soyadı nədir? Mehtiyevdir?” kimi cavablar səsləndiriblər. Sonda da onları çəkdikləri üçün jurnalistlərdən şikayət edəcəklərini deyib, oradan gediblər.

M.Hacıbəyli Müsavat Partiyasının üzvüdür. O, rəhbəri olduğu saytda 5 iyulda yayımlanmış “Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb”, 6 iyulda isə “Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb” başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub.

M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İttihamda yazılıb ki, M.Hacıbəyli “Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə” bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib.

Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər və narahatlıq keçiriblər.

M.Hacıbəyli özünü təqsirli bilməyib və ona qarşı ittihamların siyasi motivli olduğunu bildirib.

Ana səhifəXəbərlərJurnalistin ”həyəcanlandırdığı” şahidlər məqalənin adını səhv salıb