Fuad Ağayev deyib ki, girov pul və əmlak da ola bilər, bu məsələdə əlbəttə puldan söhbət gedir
Sentyabrın 5-də “Turan” İA-nin həbsdə olan direktoru Mehman Əliyevin barəsində seçilmiş həbsqəti imkan tədbirinin girovla əvəzlənməsinə dair vəsatətlə Yasamal Rayon Məhkəməsinə müraciət olunub.
Bu barədə Meydan TV-yə məlumat verən vəkil Fuad Ağayev bildirib ki, belə hallarda, hətta Mehman Əliyevə verilmiş ittihamlar əsaslı olsaydı da, məhkəmə həmin qətimkan tədbirinin girovla əvəzlənməsinə dair ağlabatan girov məbləği təyin edir. Halbuki, Mehman Əliyevə qarşı ittihamlar əsassızdır. Ancaq jurnalistə qarşı ittihamlar təqsirləndirildiyi cinayət təsnifatına görə az ağır sayılır. O zaman bu kimi həbs qərarının girovla əvəzlənməsi mümkündür və zəruridir.
Fuad Ağayev deyib ki, girov pul və əmlak da ola bilər. Bu məsələdə əlbəttə puldan söhbət gedir. Azərbaycan Cinayət Prosesual Məcəlləsinin müəyyən etdiyi minimum məbləğ yetərincə böyükdür, yəni 10 min manatdır. Amma Mehman Əliyevin Azərbaycan cəmiyyəti üçün gərəkliyini nəzərə alan dostları, ictimaiyyət bu sahədə yardımçı ola bilər.
Vəkil “həmin pulun toplanması üçün müraciət olacaqmı” sualına belə cavab verdi:
“Artıq vəsatət barədə məlumatın yayılması müraciət sayıla bilər. Mehman Əliyevi tanıyanlara və hörmət edənlərə ayrılıqda müraciət etməyim düzgün deyil”.
M.Əliyev avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyir, bunu azad sözə qarşı atılmış addım kimi dəyərləndirirlər.